525.Az

"Qəhrəmanlıq millətimizin genetik xüsusiyyətidir"


 

GENERAL HƏZİ ASLANOVUN 110 İLLİYİ İLƏ BAĞLI QƏRB BÖLGƏSİ GƏNCLƏRİNİN VİDEOGÖRÜŞÜNDƏ VƏTƏN UĞRUNDA FƏDAKARLIQ ƏNƏNƏLƏRİMİZDƏN SÖHBƏT AÇILIB

"Qəhrəmanlıq millətimizin genetik xüsusiyyətidir"<b style="color:red"></b>

Qazax və Ağstafa rayonları  Heydər Əliyev mərkəzlərinin və Həzi Aslanovun Lənkərandakı Ev Muzeyinin birgə  təşəbbüsü ilə gənclər üçün bu günümüzün qəhrəmanlıq ab-havası ilə səsləşən maraqlı videogörüş keçirilib.

Azərbaycanın layiqli oğlu, görkəmli  sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun xatirəsinə həsr olunmuş "General Aslanovun qəhrəman ruhu bizimlədir!" mövzusunda videokonfrans onlarla iştirakçını əhatə edib. Bu görüş Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının  29 dekabr 2019-cu il tarixli Sərəncamının müddəalarına uyğun olaraq təşkil olunub. Videokonfransda cəsur sərkərdəmizin ömür yoluna nəzər salınıb, onun qəhrəmanlığının daim xalqımızın övladlarının ürəyində Vətən üçün fədakarlıq nümunəsi kimi yaşadığı qeyd olunub.

Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Həzi Aslanovun Ev Muzeyinin direktoru Cəmilə Şərifova, eləcə də iştirakçı gənclər  çıxış edərək Həzi Aslanov kimi qəhrəmanlarımızın şücaəti ilə hazırda Azərbaycan xalqının apardığı Vətən Müharibəsində döyüşən əsgərlərimizin cəbhədə göstərdikləri fədakarlıqlar arasında paralellər aparıblar.

"Qəhrəmanlıq xalqımızın qan yaddaşında, genetik xüsusiyyətlərindədir", - deyə iştirakı gənclərdən biri görüşün leytmotivini bir daha vurğulayıb.

Videokonfrans çərçivəsində general  Həzi Aslanovun doğma yurdu Lənkərandakı Ev Muzeyinə virtual ekskursiya təşkil edilib. Muzeyin bələdçisi Nərmin Məmmədli generalın həyat və döyüş yolu, şücaət nümunələri haqqında ətraflı məlumat verib, onun şəxsi əşyalarını, cəbhə fotolarını həmçinin, Həzi Aslanova  həsr edilmiş nəşrləri təqdim edib.

Zakir MURADOV
Qazax

 





28.10.2020    çap et  çap et