525.Az

Furqan Sadıqın şeirləri


 

Furqan Sadıqın <b style="color:red">şeirləri</b>

Rasət PİRİSOYU

 

Mən Furqan Sadığı tanımıram...

Amma Furqan Sadığın şeirlərindəki ovqatı yaxşı tanıyıram. Bu ovqatın (bu "ovqat" sözünü şərti qəbul edin)  müasir  Azərbaycan  ədəbiyyatında əməlli-başlı tərcümeyi-halı var. Mən bu ovqatda yazılan şeirlərə ilk dəfə Əlisa Nicatın yaradıcılığında rast gəlmişəm. Sonra mən bu şeirləri Vaqif Səmədoğlunda gördüm. Vaqif Səmədoğlu bu ovqatın üstündə əməlli-başlı şair işi apardı. Kimin yazmasından asılı olmayaraq indi bu şeiri Azərbaycan ədəbiyyatında Vaqif Səmədoğlunun şeiri kimi tanıyırlar...

Məndə belə bir qənaət formalaşmışdı ki, bu şeir deyəsən keçən əsrdə qaldı. Amma görünür belə deyilmiş...

Mən bu şeirə bir ara Günel Mövludda da rast gəldim. Doğrudur, Günelin şeirlərində S.Yesenin temperamenti açıq-aşkar hiss olunurdu. Sergey Yesenin hara, Vaqif Səmədoğlu hara? 

Bu əlaqə ilk baxışda ağıla sığmır. Amma şəxsən mənim təsəvvürümdə bu yaxınlıq heç bir sual doğurmur. Bu da öz növbəsində Günelin şeirinə bir "rus azərbaycanlılığı" gətirirdi.

İndi bu şeirləri Azərbaycanda gözəl şair Mahir Mehdi yazır. Mahirin şeirlərində bu ovqat çox yorğundur. Hər halda mən belə hiss edirəm...

Daha bir neçə nəfərin adını çəkmək olar...

Məncə, bəsdi...

Amma Furqanın şeirlərində bu "ovqat" açıq-aydın, sinədolusu nəfəs alır. Əlisa Nicatın şeirlərində bu ovqata bir heyranlıq vardı. Vaqif Səmədoğlu, Mahir Mehdi Günel Mövlud haqqında dedim. Furqan Sadığın şeirləri isə təpədən-dırnağa bu ovqatın içində olan, amma bu ovqatdan bezən, bu ovqatla əməlli- başlı mübahisə quran, hətta bu ovqata ironiya ilə yanaşan bir adamın şeirləridir.

Mən çoxdan idi ki, gənc şeirimizdə sənətkarlıq məsələsi görmürdüm.

Furqan Sadığın şeirləri mənə gümanımda yanılıdığımı açıb göstərdi. Azərbaycan ədəbiyyatı min illər boyu eyni mövzunu bu ya digər baxımdan təkrar-təkrar işləməyi özünün sənətkarlıq məsələsi hesab edib. Məsələn, elə "Leyli Məcnun" mövzusunu görün. Bu mövzunu neçə şairimiz işləyib?

Bəlkə sayı-hesabı yoxdur.

Mən Azərbaycan ədəbiyyatında bu təcrübənin qorunub saxlanmasının tərəfdarıyam. Əks halda Azərbaycan ədəbiyyatı öz milli simasını itirə bilər. Bu "milli sima ifadəsi" heç kəsi qorxutmasın! Mən ictimai həyatda, siyasətdə, xüsusən adamlar arasında millətçilikdən, xüsusən etnik millətçilikdən iyrənirəm.  Amma mədəniyyətdə "millətçiliyin" tərəfdarıyam. Millətçi olmayan mədəniyyət milli ola bilməz. Milli olmayan mədəniyyətin isə tərcümeyi-halı, həyat tərzi, dəyərləri olmur. Mən hətta mədəniyyətdə "regionçuluğa" da pis baxmıram. Məsələn, "Şəki pitisi" ilə, "Lənkəran ləvəngisi" arasında  hər cür "milli qarşıdurma" mənə ləzzət eləyir.

Ədəbiyyat da belədir. Mövzu da belədir. Sənətkarlıq məsələləri belədir.

Həqiqi, səmimi olan bəzən uzunu müddət unutduğu həqiqətləri yenidən insanın yadına salır, buna görə insan özünü çox xoşbəxt hiss edir.

Furqan Sadığın şeirləri çoxdan unutduğum qənaətləri yenidən yadıma saldığı üçün mən ona minnətdaram, ümid bəsləmək istəyirəm ki, Furqan indiki şeir sərsəmliyi içərisində öz içərisindəki şeirə daha çox inanacaq həm öz şeirini müdafiə etməyi bacaracaq.

 

 

Furqan SADIQ

 

Unudulanlar üçün

           

Bu nahaq dünyada

adından göründüyütək

haqsızlıqlar çıxacaq qarşına,

dost...

 

Uzun bir "eeeeeeh" deyib

ötəcəksən yenə ...

Döyməyəcəksən dizinə,

vurmayacaqsan başına, dost...

 

Məsələn, bəzi yerlərdə

özün olduğun halda

siyahıda adın görünməyəcək...

Arxa planda qalan

yaxud unudulan

yenə sən olacaqsan...

 

Məsələn, üçrəngli bayraqdakı

bəyaz rəng olacaqsan...

 

Cılızlıq

 

Eynəyimin şüşələri

qədər böyüdür böyütsün-

fərqi yox...

Nəsən ki, guya?!

Elə o boydasan, elə əvvəlkisən,

elə balacasan,

cılızsan, dünya...

Dərdim dəvə boydadı

 

Yağış yağanda ağlama,

göz yaşını yuyar su...

Yağış yağmayanda ağla,

tükənər, quruyar su...

 

Yuxun ərşə çəkilibsə,

sən yerdə gəzirsən?!

Həyatda yaşayammırsan,

Şeirdə gəzirsən?!

 

Ömür nədi- bir addım yol,

bitəcək addım atsan...

Dərdim dəvə boydadı ha,

qar yağacaq oynatsan...

 

Taksi

 

Bir gecə yuxuda

bir taksi tutub

düz ömür yolunun başına-

uşaqlıq yaşına sürdürəsən...

Neçəyə aparar görəsən?!

 

Tənha

 

qapın döyülür,

bir gəlib-gedənin var...

Bir beli bükülmüş ruhun,

bir köhnə bədənin var...

 

Ürəyin həvəssiz vurur,

elə bil heç döyünmür...

Sevinməyə yolun yoxdu,

sanki mat olub ömür...

 

Həəə, dünya şahmatdı elə,

sevinc , kədər qara...

Gözünlə yolmu çəkirsən,

aparsın uzaqlara...

 

Eeeh... yollara da etibar yox,

sürətlidi maşınlar...

Gözlərini yığ yollardan-

avaralanmasınlar...

Diaqnoz

 

Günlərin bir günü

rentgenə salacaqlar səni...

Gözlərinə inanmayacaq həkim,

heyrətlənəcək eynilə belə deyəcək:

"oy daaaaaaaaa..."

Sinəndə

daş tapılacaq yumruq boyda...

 

Torpağın altı

 

Torpağın altında

ağacların kökləri əl uzatmır

torpağın üstündəykən

rahat-rahat

kölgəsində uzandığı adamlara...

 

Həyat

 

İnsanların

başqa gözlərdə yüksəlməyi

pillə-pillə olur, mərtəbə-mərtəbə...

Düşəndəsə birdən düşürlər,

tappıltıyla-

lap dibə...

 

Hamı yatıb yoxlayır ki...

 

istəyir ağcaqanad

səndən bu yay gecəsi?!

Görən, ətin dadlıdımı,

ya qanın içiləsi?!

 

Hamı yatıb yoxlayır ki,

ölümünə hazırdı?!

Dilinə bir şeir gəlir,

qulağına vızıltı...

 

Eh, at getsin şairliyi,

at, yaxına düşməsin...

Var gücünlə uzağa at,

ayağına düşməsin...

 

Futbol topunun dalınca

 

Bu futbol topunun dalınca

həvəslə qaçan uşaqlar

kim bilir

böyüyüb hansı dərdin dalınca

təngnəfəs qaçacaqlar...

Yolları yora bilməsələr

yollar yoracaq ayaqlarını...

Qaç ki, qaçasan,

qaç ki, qaçasan.

Ürəklərində bir ümid,

dizlərində təpər qalmayacaq,

qədər çalışsalar da

kədərin qapısına

qol vurmaq olmayacaq...

Bəlkə böyüyəndə

dərd-sərin çoxluğundan

ürəkləri parlayacaq bu uşaqların.

Amma olur olsun

indi oynadıqları top

partlamasın barı...

 

Ümid

 

Yaşamaq çətin deyil ki...

...dişlərini sıxmaqdı...

Bir az başını qatmaqdı,

bir az da darıxmaqdı...

 

Bir az ağlamaq, kirimək,

bir az şam kimi ərimək...

Ölümün üstə yerimək

bir az da qorxmaqdı...

 

Hər şeydən əl üzsən daha

batsan da min bir günaha,

qəlbinə enib Allaha

ümid ilə baxmaqdı...

 

Kimyəvi şeir

 

Günlərin bir günü

kimya laboratoriyasına salsam

bu hətərən-pətərən,

bu dolaşıq adamları,

bu homogen,

heterogen,

bu qarışıq adamları...

 

...distillə etmək olarmı

görəsən vicdanlarını?!

 

İnanırsan inan, inanmırsan inan...

 

Bayırda gün çıxıb,

içəridə sükut

atmosfer təzyiqi kimi sıxır adamı...

... sıxıntılar başlayır burdan o yana.

Səssizlik divə dönüb

sanki yeyir məni, yeyir, yeyir...

...indi inanırsan inan, inanmırsan inan,

divarlar əlisilahlı adamtək

üstümə yeriyir...

Bayırda gün çıxıb, içəridə sükut...

Mən qalmışam belə...

 

Dərd

 

Emin Piriyə

 

Gözlərindəki ümidsizliyə,

üst-başından tökülən dərdə

bir

saqqalına baxıb

onu zarafatca Nizamiyə,

Füzuliyə bənzədirdi hamı...

Günlərin bir günü

bütün bunlara dözməyib

bayram fişəngi kimi partladı:

-Cibində bir qəpiyi,

evində

yeməyə çörəyi olmayana necə,

oxşamırammı?!

 





06.02.2014    çap et  çap et