525.Az

Azərbaycanın səfiri İtaliya mətbuatında Qarabağ münaqişəsindən yazdı


 

Azərbaycanın səfiri İtaliya mətbuatında Qarabağ münaqişəsindən yazdı <b style="color:red"></b>

İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Piero Fassino İtaliyanın nüfuzlu beyin mərkəzlərindən olan CeSPİ-nin (Centro Studi per Politica İnternazionale) internet saytında “Dağlıq Qarabağ: bizə də aidiyyəti olan münaqişə” adlı məqaləsi dərc olunub.

Məqaləsində italyan parlamentar Qafqaz bölgəsinin Avropa ölkələrində sənayeni, istehlakı və gündəlik həyatı üçün tələb olunan neft və qazın nəqlini təmin edən strateji boru kəmərlərinin keçməsi nöqteyi-nəzərdən əhəmiyyətindən, qlobalizasiyanın çoxtərəfli idarəetməsinin tərkib hissəsi olan TAP boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin İtaliya üçün enerji asılılığının şaxələndiriməsi və enerji təhlükəsizliyinin gücləndirməsi üçün strateji vacibliyə malik olmasından danışıb.

Deputat məqaləsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin lokal xarakterdən kənara çıxmaq risklərinin olmasını də nəzərə alaraq, prosesin siyasi həllinə nail olmaq və bölgədə davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün Aİ-nin xüsusilə də Minsk Qrupunun üzvü kimi İtaliyanın təcili tədbirlər görməsinin vacibliyini qeyd edib.

İtalyan deputatın məqaləsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tərəfindən CeSPİ-nin redaksiyasına göndərilmiş məktub da qurumun internet səhifəsində yerləşdirilib.

Məktubunda diplomat mövzuya göstərilən diqqətə və Qafqaz bölgəsində geosiyasi, eləcə də İtaliyanın maraqları nöqteyi-nəzərdən Azərbaycanın əhəmiyyəti barədə fikirlərə görə təşəkkür edib, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək istədiyini bildirib.   

Diplomat 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ilhaqı ilə bağlı irəli sürülmüş ərazi iddiaları və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzün ağır nəticələri, o cümlədən, ərazilərimizin işğalı, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülki azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri, Xocalı soyqırımı barədə məlumat verib. Ermənistanın öz hərbi təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə heç özü tərəfindən belə tanınmamış qeyri-qanuni oyuncaq rejim yaratdığını bildirib.

Diplomat beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin, o cümlədən BMT TŞ-nın qətnamələrinin tələblərini səsləndirib, Ermənistanın bu sənədlərə məhəl qoymadığını, 30 ilə yaxın davam edən danışıqlarda məqasədinin sülh prosesini uzatmaq və status-kvonu əbədiləşdirmək olduğunu deyib, son iki il ərzində isə N.Paşinyanın öz zərərli və təxribatçı hərəkət və açıqlamaları ilə danışıqlar prosesini mənasız ediyini vurğulayıb.

O, 27 sentyabr tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni hərbi təcavüz və onun qarşısının alınması və Ermənistanı sülhə məcbur etmək üçün Azərbaycan ordusunun özünümüdafiə hüququndan istifadə edərək həyata keçirdiyi əks hücum tədbirləri barədə məlumat verib. Azərbaycan əsgərinin ölkəmizin suveren ərazisində torpaqlarımızı işğalçılardan azad etdiyi üçün mübarizə apardığını, məğlub olduğunu görən Ermənistan silahlı qüvvələrinin isə Azərbaycan mülki əhalisini hədəf götürdüyünü və bunun mülki azərbaycanlı əhali arasında ağır itkilərə səbəb olduğunu bildirib. 

Habelə bu günlərdə Ermənistan tərəfindən Azərbayana qarşı və hazırkı hərbi əməliyyatlarla bağlı saxta və yalan məlumatların yayılması kampaniyasının aparıldığını deyən diplomat bu saxtakarlıqları təkzib edən faktlar barədə danışıb. Eləcə də erməni tərəfinin münaqişəyə dini don geyindirmək cəhdlərinə qarşı da ölkəmizin multikultural və dini tolerantlıq ənənələri və Vatikan və İsrail ilə yaxın əlaqələri barədə məlumat verib. Yalan məlumatları yaymaqda Ermənistanın məqsədinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və azəbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olmaq olduğunu bildirib.    

Diplomat bu münaqişənin həllində İtaliyanın daha fəal rol oynamasını şərtləndirən səbəblərdən danışıb, Minsk konfrasının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, nizamlanmada istinad edilə biləcək Trentino-Alto Adice kimi muxtariyyət modelinə malik olduğunu, İtaliyanın Cənubi Qafqazda maraqları, xüsusilə də Azərbaycanla enerji sektorundan başlayaraq bütün sahələrdə çox sıx əməkdaşlığa malik olduğunu deyib. Azərbaycan və İtaliya arasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı iki ölkənin hökumət başçıları arasında imzalanmış Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndiriməsinə dair Birgə Bəyannaməyə əsaslanan strateji tərəfdaşlıq və yaxın dostluq əlaqələrinin olduğunu deyib. Həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdiklərini, habelə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bildirib.  

Diplomatın yazısı ilə BU KEÇİDDƏN tanış olmaq mümkündür.

 





30.10.2020    çap et  çap et