525.Az

Dünyanın özü boyda susqunluğu: Erməni terrorunu görməzdən gələnlər


 

Dünyanın özü boyda susqunluğu: <b style="color:red">Erməni terrorunu görməzdən gələnlər </b>

Bu günlər dünya yaman səs-küylüdür. Bir yanında seçkilər, etirazlar, terror hadisələri, digər yanında iqtisadi sıxıntılar, bütün ölkələr üçün təhdidə çevrilən koronavirus boyda bəla, hər gün artan insan ölümü və s.

Biz tərəfdə, Azərbaycanda da Vətən müharibəsi, terrorçu ermənilərlə mübarizə davam edir. Düz bir aydır haqq mübarizəmizdə möhkəm iradə ilə irəliləyir, müzəffər ordumuz sayəsində  torpaqlarımızı işğaldan azad edirik. Hərb meydanında özünü itirən düşmən isə əvəzində dinc əhalini hədəf alaraq öz terrorçuluq siyasətini yürüdür. Bu dəfə də vəhşi Ermənistan bütün tarixi dövrlərdə olduğu kimi bacardığı ən yaxşı işi - namərdliyi, qorxaqlığı, məkrli mövqeyini sərgiləyir. Səbəb isə bəllidir. Xisləti xarab ermənilərin nə hərb meydanında əsgərlərimizə qarşı gəlməyə gücü, nə də diplomatik səviyyədə əsaslı dəlil gətirməyə sözləri var. Düşmənin Tərtərdə, Gəncədə uşaq qanına bulanmış əlləri bu dəfə Bərdəyə uzandı. 27-28 oktyabr tarixində Bərdədə baş verən terror aktları bir daha bizim necə bir düşmənlə mübarizə apardığımızın açıq sübutu oldu. Səngərdən uzaqdakı dinc əhalini, beşikdəki körpəni vurmaq üçün atılan ballistik raket, kaset bombalar əlbəttə ki, döyüşdəki məğlubiyyəti pərdələmək üçün planlanmış xain planın növbəti mərhələsi idi.

Təəccüblü olan və təəssüf hissi yaşadan isə bu qədər səs-səmirin ortasında dünya dövlətlərinin erməni terroruna qarşı susqunluğudur. Həmin dövlətlər ki, erməni yalanlarını bir aya yaxındır, az qala, həqiqət adı altında müdafiə edirlər. Bizim haqq səsimizi nəinki eşitmir, hətta çox zaman aqressor kimi təqdim etməkdən də qalmırlar. Artıq günlərdir nə humanitar atəşkəs üçün təşəbbüs göstərən ölkələrin, nə atəşkəsin pozulmasına "məyus olan" dünya liderlərinin, nə də sözdə terroru qınayan beynəlxalq təşkilatların erməni terrorunu durdurmaq üçün atdığı konkret addımları görürük.

Bu günlərdə tərəfkeş ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın mövqeyi də artıq hamımıza bəllidir. Ermənipərəstlik, islamafobiya, müsəlmanlara qarşı qərəzli münasibət bu ölkənin prezidenti səviyyəsində təbliğ edilən "ali dəyər"lərinə çevrilib. Baş verən siyasi proseslər fonunda Fransa dövlət binalarında Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunması, bütün İslam dünyasının təhqiri, müsəlmanların terrorçu kimi təbliği də təsadüfi deyil. Doğrudur, biz ötən tarixi dövrlərdə də Fransa və digər xarici ölkə mətbuatlarında bu tipli karikaturaların dərc edilməsini görmüşük. Lakin indi bunu bütün çılpaqlığı ilə sərgiləyən Fransa var. Ümumiyyətlə, hər hansı din ilə terrorizm arasında əlaqə axtarmaq qeyri-sağlam yanaşma tərzi, xəstə təfəkkürün məhsuludur. Fransanın bu mövqeyi hazırda öz səhvlərini ifşa edən yalan dedektor kimidir. Sözdə demokratiya və azadlıq məkanı olan ölkə karikaturalarla terrorizmə etiraz edir. Ancaq azğın erməni haylarının törətdiyi terrora qarşı nədənsə heç bir etirazı, tənqidi, hətta məsələni işıqlandıracaq mətbu orqanı belə yoxdur.

Əgər məqsəd insan həyatının müqəddəsliyinin, insani dəyərlərin aliliyinin, bərabərliyinin qorunmasıdırsa, o zaman Fransanı özü üçün yaratdığı saxta müqəddəslər tanrısı da adlandırmaq olar. Ancaq görünən odur ki, inandığı, müdafiə etdikləri onu inkişafa deyil, qaranlığa aparır. Çünki müasir dünyanın şərtləri sübut edir ki, müxtəlif xalqların, fərqli dinlərin nümayəndələrinin birlikdə, dinc yanaşı yaşamaq mədəniyyətini formalaşdıra bilməyən heç bir ölkə inkişaf edə bilməz. Əgər Fransaya bununla bağlı nümunə lazımdırsa, Azərbaycana baxsın.Bütün dünyaya bəllidir ki, əsrlərdir bu qədim torpaqlarda  müxtəlif dinlərin, xalqların nümayəndələri necə sülh və firavanlıq içərisində yaşayır.

İnsanlığın üz qarası erməni hakimiyyətinə gəldikdə, onlar anlamalıdır ki, Azərbaycan xalqının birliyini, iradəsini heç bir yolla qıra bilməyəcək. Azərbaycanı haqq mübarizəsindən heç bir səbəb döndərə bilməz. Biz anlayırıq ki, zalımın sonu yaxınlaşdıqca, zülmü də artır. Anlayırıq və əzmlə yolumuza davam edirik!

 





30.10.2020    çap et  çap et