525.Az

Tanıyaq və tanıdaq: Kərim Əhmədian


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Kərim Əhmədian </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira FUAD
Filologiya elmləri doktoru

Kərim ƏHMƏDİAN

Şeirlərini "Şahid" təxəllüsü ilə yazan Kərim 1980-ci il may ayının 23-də Təbriz şəhərində dünyaya göz açıb.
İlk və orta təhsilini bitirdikdən sonra, "Sənət ürətimi" sahəsində ali təhsil alıb.

Bu günə kimi çeşidli formalarda (qoşma, qəzəl, gəraylı və sərbəst şeir) şeirlər qələmə alıb.

"Həqiqət günəşi" və "Tamarzıyam yaz səsinə" adlı iki şeir kitabı işıq üzü görüb.

Dənizlə üz-üzə sevgimi açdım,
Dalğalar üstünə yazdım adını.
Ləpələr utandı göz yaşlarımdan,
Heç bal da vermədi şirin dadını.

Əbədi yaşasın çiçəkli duyğu,
Sevgimi tapşırdım aydın bulağa.
Xoş axsın, yayılsın, dəniz yaşasın,
Sevdamız düzülsün dodaq-dodağa.

Dalğalar önündə sevgimi dedim,
Axıram yağmurtək baxışlarından.
Dənizdə kövrəldi bu sevgimizdən,
Silinməz izlərim naxışlarından.

***

Köçübdür içimdən dərin duyğular,
Düşürəm yapraqtək xəzan çağında.
Əsmişəm könlümdən qara yel kimi,
Budaqlar soldular həsrət bağında.

Yalanlar sevgini bürüdü çəndə,
Oyuncaq olubdu düşüb əllərə.
Qarğalar oturdu durna yerinə
Nağıl olacaqdı düşə dillərə.

Sözcüklər tazaldı, sevgi qocaldı,
Köhnə məhəbbətlər yaman azaldı.
Pisliklər yüksəldi döndü bac aldı,
Namərdin kefi də elə sazaldı.

Hanı o sevgilər, hanı duyğular?
Hanı məhəbbətin coşğun bulağı?
Hanı sədaqətlər, o köhnə dillər?
Hardadır anamın o dinc otağı?

***

Qaranlıq gecədə həzin nəğməmi,
Hıçqırıb səsimi yaydım divara.
Uzanıb qəmilə belə bölüşdük,
Dərdimi tapşıram yanıq sığara.

Hava da soyuqdur gəzə bilmirəm,
Dumanlı gecədi özüm itmişəm.
İlqarsı, sözünü sən unudubsan?
Sazaqlı səhərdə mən də bitmişəm.

Günəşi aparma, üşüyürəm mən,
Yadımdan çıxmayır sərt baxışların.
Gümanım hey qalıb günəş saçmağa,
Götür aparginən öz naxışların.

Ya da yox, gedirsən özün get barı,
Sevginin hörməti qoy qalsın mənə.
Saxlayıb bəslərəm bəbəyim kimi,
Şahidin nisgilli qoy gəlsin sənə.

***

Şəhərin gecəsi sükutla dolu,
Özünü paslanmış küçədən çağır.
Gizlənmiş harayın boğazdan bağır,
Sükutun gözündən insanlar yağır.

Gedirəm gecə də mənimlə gəlir,
Yağış da yavaşdan üstümə əlir.
Çırpınır ürəyim, kürəyim yanır,
Başmağım yerində gözünü dəlir.

Baxıram uzağa, uzaq səslənir,
Çağırır, bağırır məni özünə.
Bilirəm şəhərin ağrısı çoxdur,
Qalarqı suları səpir közünə.

Mənim də sözümü bilən olmadı,
Ağartdı bütünlük baş tüklərimi.
Gedirəm paslanmış küçədə qalam,
İtlərə pay verəm sümüklərimi.

Şahid ol, baxginən gedən yoluma,
Gedəndə yağışın köksünü biçdim.
Dedim ki dalımca yağ yavaş-yavaş,
Təkliyi özümə şəhərdə seçdim.

***

Uzaqlaşdın, buludlandı qələmim,
Kaş qalaydın gözlərini çəkəydim.
Baxışında dünya-dünya çiçək var,
Göndərəydin ürəyimdə əkəydim.

Vurğun-vurğun vurulmuşam önündə,
Sürgün-sürgün sürünmüşəm dalınca.
Hörgü-hörgü kaş hörüləm saçına,
Getməginən mən qadanı alınca.

Qabarlandı ayaqlarım yolunda,
Göy ağladı, yeri öpdü dizlərim.
Dalğalandım gözlərində doğuldum,
Sən getdikcə qabar-qabar dizlərim.

İnanginən bulaq kimi sevgimə,
Uzaq-uzaq Şahidə sən baxırsan.
Qoşulmusan durnalara gedirsən,
Bulud-bulud gözlərimdə şaxırsan.

 





30.10.2020    çap et  çap et