525.Az

İlk müsəlman Respublikası: Azərbaycan


 

İlk müsəlman Respublikası: <b style="color:red">Azərbaycan</b>

(Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi) 

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinin də doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli iri- həcmli məqaləsi dərc olunmuşdu.

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilə bilər.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

TƏRCÜMƏÇİDƏN

***

Ceyhun bəy HACIBƏYLİ

(Əvvəli 27 oktyabr sayımızda) 

Birinci Dünya Müharibəsi başladığı vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət belə idi.

Əlbəttə, mövcud rejim azərbaycanlılar üçün bir o qədər də əlverişli deyildi. Bunlar onları təbii loyallığı 1877-78-ci illərdə Türkiyə, 1904-cü ildə Yaponiya ilə müharibələrdə ümumi vətəni birgə müdafiə etməkdə tərəddüd keçirməyə vadar etdi. Amma onlar bu loyallığı dəlillərlə sübuta yetirə bildilər. Lakin başqa bir səbəb Azərbaycan müsəlmanlarını davam edən bu müharibə vaxtı Rusiya üsul idarəsinin ağır vəziyyətindən istifadə edərək daha fəal, daha enerjili olmağa məcbur edirdi. Müharibə edən tərəfləri müqayisə edən azərbaycanlılar Almaniyaya da heç bir hüsnü-rəğbət bəsləmirdilər. Müsəlman dünyası, xüsusilə də Türkiyə ətrafında baş verən bu iki tərəfli oyun azərbaycanlılar üçün tamamilə aydın idi. Azərbaycanlılar özünü "İslamın hamisi  və dostu" kimi qələmə verən almanların həqiqi məqsədinə illüziyalarla yanaşmırdılar. Onlar bəzi ambisiyalı osmanlı siyasətçilərin həqiqi dostluq kimi təqdim etmək istədikləri almanların hiyləgər dostluqlarının qorxulu olmasını asanlıqla görməyi bacarırdılar. Elə bu səbəbdən də Almaniya ilə Antanta arasında düşmənçiliyin başlanğıcından osmanlı hökumətinin tərəddüdünü görən Azərbaycan türkləri Türkiyənin Almaniyanın tərəfdaşı kimi müharibəyə cəlb edilməsinə mane olmaq üçün çox səy göstərirdi.

Azərbaycan mətbuatı həyəcan təbili çalmağa başladı. Bəzi alovlu silsilə məqalələrdə fəlakətli siyasətləri ilə güclü Antanta qüvvələrinə qarşı Türkiyəni sürükləyən kor türk siyasətçilərini ciddi şəkildə tənqid edirdilər. Digər tərəfdən Azərbaycan ziyalıları sultana ünvanlandıqları məktubda məsuliyyətsiz hadisələrə səsləyən müharibə ilə bağlı ideyaların qarşısını almaq üçün öz təsirindən istifadə etməyi xahiş edirdilər. Amma bu təşəbbüs çar hakim dairələrinin düşmənçilik münasibəti nəticəsində baş tutmadı.

Azərbaycanda osmanlı siyasəti barədə ictimai fikir ideyasını diqqətə çatdırmaq məqsədilə bəzi mətbu orqanlarında dərc olunan məqalələrin bir neçəsindən sitat gətirməyi faydalı hesab edirəm.

"Kaspi" qəzetinin 1914-cü ildə dərc olunan 163-cü nömrəsində "İki sifətli Yanus" sərlövhəli məqalədə biz yazırdıq:

Alman Kayzeri 1899-cu ildə Şərqə səfəri zamanı Dəməşq bələdiyyə idarəsində onun şərəfinə verilən ziyafətdəki çıxışında demişdir. Sultan və onu Xəlifə kimi qəbul edən 300 milyon müsəlman əmin olsun ki, Almaniya imperatoru həmişə onların dostu olacaq.

Əbdülhəmid bütün çıxışlarında onun ünvanına ən xoş sözlərini işlədir, padişaha sadiqlər isə Kayzeri "İslamın dostu" və Almaniyanı "güclü arxa" kimi diqqətə çəkirdilər.

Almaniya öz siyasətində Türkiyəyə qarşı xain hərəkətlərə yol verdiyi dəfələrlə sübut olunub. Bunu biz aşağıdakı faktlardan görə bilərik.

Liqa məsələsində Almaniya Türkiyəyə kömək etdimi? Yox!

Türkiyəyə aid bütün həyatı məsələlərdə Almaniya tərəddüd edib. Bəs alman dostluğu harada qaldı?

Türkiyə Almaniyaya kortəbii aludəçilik siyasəti göstərməyə borcludurmu?

İki ölkə arasındakı münasibətlərə son olaraq bunu demək lazımdır: Türkiyə onunla çoxlu ümumi maraqları olan güclü dövlətlər arasından birini - on milyonlarla, həmçinin yaşadığı İngiltərəni, Fransanı və yaxud Rusiyanı seçməlidir. Hansı güclü dövlətin tərəfində olmalıdır?



Əgər Türkiyə 150 milyon müsəlmanın yaşadığı Böyük Britaniyanı, Fransanı və yaxud Rusiyanı seçsə, bu zaman onlar Türkiyənin tərəfində olacaqlar. Türkiyə belə ciddi bir vaxtda "Yanus" riyakarlığı ucbatından məsələni boş buraxsa, bütün dünya müsəlmanlarının dostluq hisslərini itirməli olacaqdır.

Heyhat, türk xalqının düşməni onu özü ilə bu uçuruma apardı və Türkiyə hökuməti yıxıldı.

Antanta qüvvələrini müdafiə etmək barədə Azərbaycan müsəlmanlarının qərarı səmimi idi. Unutmaq lazım deyil ki, hərbi xidmətdən azad olunmaq üçün ödəniləcək məbləğə baxmayaraq rus ordusuna qoşulan minlərlə azərbaycanlı məşhur "Vəhşi diviziya"nın tatarlar alayına şan-şöhrət gətirdilər. Bu alay alman ordusuna əməlli-başlı çaxnaşma salmışdı. Diviziya əsasən azərbaycanlı gənclərdən təşkil olunmuşdur. O, rus ordusunun ən yüksək mükafatı olan Müqəddəs Georgi xaçını daşıyırdı.

Hətta rus zabitləri arasında çoxları cəsurluqla vuruşan azərbaycanlıların fədakarlığının və qoçaqlığının ədalətli qiymətini verməyə məcbur olurdular. Budur, çar II Nikolayın qardaşı, yüksək hörmətə malik böyük hersoq Mixail Aleksandroviç "Vəhşi diviziya"nın rəhbəri təyin edilmişdi.

Bu diviziya Naxçıvanskinin komandanlığı altında Karpat dağlarını aşaraq birinci olaraq Şərqi Prusiyaya daxil olmuşdur.

Rus ordusundakı 200-dən artıq azərbaycanlı zabit sözün əsl mənasında çox böyük igidliklər göstərdilər. Demək olar ki, onların hamısı Müqəddəs Georgi ordeni ilə təltif olundular.

Azərbaycanlı generallardan Naxçıvanski, Mehmandarov (Azərbaycan Xalq Cümhuriyyəti dövründə müdafiə naziri), Usubov, Talışınski və digərləri rus ordusunda qiymətli və dəyərli xidmət göstərdilər. Onlara orduya komandanlıq etmək kimi məsuliyyətli vəzifə etibar edilmişdir. Bu generallardan ikisi - Naxçıvanski və Mehmandarov Rus imperiyasının ən yüksək ordenləri, o cümlədən, Müqəddəs Georgi ordeninin üçüncü dərəcəsinə layiq görüldülər.

Lakin müharibə dövründə Azərbaycan müsəlmanlarının xidmətləri və qurbanları göndərilən könüllülərlə məhdudlaşmırdı. Demək olar ki, hər şəhərdə yaradılan xəstəxanalarda yaralı rus əsgərlərinə yardımlar təşkil edilməsi, mühüm və zəruri materiallarla təchiz olunması kompaniyasında azərbaycanlılar fəal iştirak edirdilər. Təkcə Bakı müsəlmanları bu məqsədlə 5 milyon rubl toplamışdılar. Qafqazın, hətta bütün Rusiyada məşhur "İsmailiyyə Xeyriyyə Cəmiyyəti"nin binası xəstəxanaya çevrilmişdi. Orada minlərlə yaralı rus əsgəri sığınacaq tapmışdı.

***

Rus hakim dairələri, hətta, azərbaycanlılar tərəfindən verilən belə qurbanları, bu cür xidmətləri qiymətləndirməyə cürətləri çatırdımı? Əfsuslar olsun ki, bu qurbanlara Rusiyanın hakim dairələri Sarıqamış uğrunda türklərin hücumu zamanı xəyanətə əl atmaqla, Batumi və Kars dairələrində on minlərlə müsəlmanı qətlə yetirməklə cavab verdilər.

Avam rus əsgərlərinə kütləvi formada aşılanmış bədbəxt təlqinetmənin davamı olaraq Batumi regionunun, Ərdahan və Karsın 100.000-ə yaxın müsəlmanı qətliama məruz qaldılar və yaxud qışın ortasında meşələrdə və dağlarda sığınacaq tapmağa məcbur oldular. Onların evləri talan edildi və yandırıldı.

Rus hakim dairələri o qədər qurbana görə, bax beləcə Qafqaz müsəlmanlarını mükafatlandırdı. Bu iyrənc cinayətə bəraət qazandırmaq üçün rus hakim dairələri yüzlərlə günahsız insanı həbsxanaya atdılar və digərlərini isə izlədilər. Rusiya məhkəmələri mühakimə etmək üçün heç bir bəhanə, heç bir dəlil olmadıqda belə, rus dairələrinin göstərişi ilə müsəlmanlar, xüsusilə azərbaycanlılar, günahkar hesab edilirdilər.

Nəhayət oktyabr inqilabı üçün zəmin hazırlayan 1917-ci il fevral inqilabı baş verdi.

Zülm boyunduruğunun izlərini silmək və ümumi qələbəni təzəliklə əllərinə almaq istəyən azərbaycanlılara qarşı düşmənləri yeni təxribata əl atdılar. Onlar iddia edirdilər ki, mürtəcce mövqe tutan və inqilaba qarşı çıxan müsəlmanlar guya silahlanır və Qafqazdakı rusları, habelə xristianları gizli şəkildə məhv etməyi qarşılarına məqsəd qoyublar. Bu alovlanan böhtanın təsiri altında təxribatçılar tərəfindən idarə olunan rus əsgərləri inqilabın ilk günlərindən müsəlmanlara qarşı soyğunçuluğa, vəhşiliyə əl atdılar, amansızlıqla qırğın törətdilər. Cəbhədən qayıdan və Azərbaycanın müsəlman bölgələrindən keçən dəmir yolundan istifadə edən rus ordusunun ayrı-ayrı kiçik silahlı dəstələri qarşılarına çıxan kəndləri yandırır və dağıdırdılar. Silahlı ruslar, erməni hərbi dəstələri onlara qarışmış bolşeviklər, menşeviklər və digərləri - hamısı müsəlmanları atəşə tutur, heç kimə aman vermirdilər. Bütün bunlar 1918-ci ilin mart ayında Bakıda çoxlu sayda azərbaycanlının qətlə yetirilməsi ilə başa çatdı. Azərbaycanın paytaxtında günahsız  müsəlmanların qanı su yerinə axıdıldı. 12 mindən artıq azərbaycanlı qətlə yetirildi. Bədbəxtlikdən bu qanlı hadisələri rus dəstələri tərəfindən öyrədilən və bolşevizm bayrağı altında Bakıda yerləşən erməni silahlı dəstələri qəddarlıqla həyata keçirirdilər.

(Ardı var)

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





30.10.2020    çap et  çap et