525.Az

Ermənistan xəyanətlər, fərarilik və xaos içində


 

Ermənistan xəyanətlər, fərarilik və xaos içində<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir.

İllərdir erməni əhalisində güclü ordu barədə yaradılmış mif artıq dağılır. Son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən uzaqlaşdırılıb. Onlar xəyanətdə ittiham edilir.

Ermənistanda insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fərarilik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın Ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəbhəyə göndərdiyini açıqlayıb. Bu da fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilərə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır. Bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.

Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulların qiymətində artım müşahidə olunur. Bu isə onsuz da ciddi sıxıntılar içində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır. Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür.

Düşmən ölkənin ilk baş naziri və ikinci müdafiə naziri, "Milli Demokratik Birlik" partiyasının sədri Vazqen Manukyan da bir neçə gün əvvəl Ermənistan hökumətini istefaya çağıran açıqlama verib. O, Ermənistanın bu gün biabırçı səhifələrindən birini yaşayadığını bildirib. Manukyan vurğulayıb ki, ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. "Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik" ,- deyə Manukyan qeyd edib.

Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli mövzu ilə bağlı deyib ki, Azərbaycan qısa müddət ərzində cəbhədə xeyli uğur qazanıb, hər bir əsgərimiz torpaq uğrunda canla-başla vuruşur. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün döyüşlər aparır. Şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. Ermənistan isə terrorçuları, muzdluları döyüşlərə cəlb edib. Ermənistanın "güclü ordu" mifi Azərbaycan tərəfindən tamamilə darmadağın edildi. Ermənistan hakimiyyəti insanları məcburi şəkildə döyüşə aparır. Deputat deyib ki, işğalçı ölkə hərtərəfli xaos, dərin böhran içindədir. Müharibəni uduzduğunu bildiyi üçün dinc insanları, şəhərləri atəşə tutur.

İ.Həbibbəyli əlavə edib ki, bu gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə, itkilərlə üzləşir. Azərbaycan xalqı isə ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcək: "Biz haqq müharibəsi aparırıq, işğalçı yaxın günlərdə tamamilə dizi üstə çökəcək".

Politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, Ermənistanın əlavə qüvvələr gətirməsinə baxmayaraq məğlubiyyətə uğrayacaqlar. O bildirib ki, Paşinyan Ermənistanı tam bir xaosa aparıb və onun devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək. Artıq bu istiqamətdə işartılar görünməkdədir. Azərbaycanın hərbi uğurları hər keçən gün Ermənistanda siyasi böhranı dərinləşdirir. Ermənistan parlamenti yenidən terrorun hədəfi ola bilər.

PƏRVANƏ

 





30.10.2020    çap et  çap et