525.Az

Qənirə Paşayeva: "Bəzi siyasətçilər hələ də bundan dərs çıxarmayıb"


 

Qənirə Paşayeva: "Bəzi siyasətçilər hələ də bundan dərs çıxarmayıb"<b style="color:red"></b> Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva   TÜRKPA-nın  "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda İstanbulda keçirdiyi beynəlxalq forumda çıxışında Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid etməklə yanaşı beynəlxalq ictimaiyyəti və təşkilatları münaqişənin həlli istiqamətində rəsmi İrəvana təzyiq etməməkdə ittiham edib. 

525.az-ın məlumatına görə, Qənirə Paşayeva çıxışında Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin,  20-ildən artıqdır ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumatlar verib. Millət vəkili 1988-ci ildə Ermənistanın  apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların  Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat verib. Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb:

"Bu gün müzakirə etdiyimiz mövzu Avropanın və ümumiyyətlə dünyamızın gələcəyi üçün çox vacib və əhəmiyyətlidir", - deyən  millət vəkili Qənirə Paşayeva bildirib ki, gənc liderlər dünyanın harasında, hansı ölkədə baş verməsindən asılı olmayaraq bu hallara qarşı sərt mübarizə aparmalıdır. 

Millət vəkili Qənirə Paşayeva çıxışında Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını, xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib:
“Bizim atalarımız 2-ci dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təəssüf ki, dünyada bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram. Məhz Ermənistanda siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı zorla, əziyyət edilərək qovuldu. Bəli, siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım törətdi, 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və evlərinə dönə bilmirlər. Gənc liderlər dünyanın daha yaxşı gələcəyi naminə bu kimi hallara qarşı birgə sərt mübarizə aparmalıdır”.

Millət vəkili çıxışında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa geniş yer verib. O deyib: “Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danıışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Amma Avropada bəzi güclər, siyasətçilər  irqçi düşüncələr altında siyasət yürütməyə başlayıb” – deyən Qənirə Paşayeva bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini bildirib və  gənc liderlərin harada baş verməsindən asılı olmayaraq mənfi tendensiyaların qarşısının alınması istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayıb.    

Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyini deyib.
 





16.10.2012    çap et  çap et