525.Az

Xatirələrdə yaşayan böyük alim - Vidadi Əliyev


 

Xatirələrdə yaşayan böyük alim - <b style="color:red">Vidadi Əliyev</b>

Şərəfli ömür yaşamaq, insanların sevgisini, hörmətini qazanmaq və dünyadan köçdükdən sonra rəhmətlə anılmaq hər adama nəsib olmur.

İnsan dünyaya bir dəfə gəlir, bir ömür yaşayır. Kimisi Tanrının ona bəxş etdiyi ömür payını tamamilə boşa verir, özündən sonra heç bir iz qoymur, yada düşmür, anılmır. Elə insanlar var ki, həyatdan köçəndən sonra da xatırlanır, adı hörmətlə yad edilir. Dünya şöhrətli alim, görkəmli fizik, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, professor Vidadi Əliyev da elə insanlardandır. Vidadi müəllim ömrünü xalqına, millətinə, xalqının mənəvi inkişafına, maariflənməsinə, elmə həsr etmiş vətənpərvər ziyalılardan biri olub. Vidadi Əliyev bütün ömrü və fəaliyyəti boyu Azərbaycana şəfər və başucalığı gətirən, dövlət, cəmiyyət, elmi və pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunan ziyalılardan biri sayılır.


Gənc tədqiqatçının əldə etdiyi elmi nailiyyətlər

Vidadi müəllim 1939-cu ildə Xankəndində ziyalı ailəsində dünyaya göz açıb. Vidadi Əliyevin adı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbi qızıl medalla bitirib. Hələ orta məktəbdə oxuyarkən o, “Gənc texniklər stansiyası”nın fəal üzvü kimi fizika fənninə dərin maraq göstərərək, hazırladığı müxtəlif  elektron tablolar, elektrik xəritələri ölkə müsabiqələrində mükafatlar qazanıb. Bakı Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirən V.Əliyev istedad və bacarığına həmin ali təhsil müəssisəsində müəllim kimi saxlanılır.

Hələ tələbəlik illərində üzvi yarımkeçiricilərin tədqiqi ən yeni elm sahəsi kimi Vidadi müəllimin marağına səbəbəb olur. Bu istək və həvəs V.Əliyevi keçmiş SSRİ Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutuna gətirir. İnstitutun aspiranturasına müvəffəqiyyətlə qəbul olunan Vidadi müəllim görkəmli alim L.D.Rozenşteynin rəhbərliyi ilə üzv yarımkeçiricilərin elektrik və fotodielektrik xassələrini tədqiq etməyə başlayır. Gənc tədqiqatçının qısa müddət ərzində əldə etdiyi elmi nailiyyətlər Praqada, Riqada, Kiyevdə, Leninqradda, Moskvada keçirilən beynəlxalq konfranslarda iştirak edən görkəmli alimlərin diqqətini cəlb edir. Onun elmi nəticələri nüfuzlu elmi jurnallarda, məcmuələrdə və akademik nəşrlərdə çap olunur.


Dünya şöhrəti gətirən elmi əsərlər


Vidadi Əliyevin 1969-cu ildə üzvi yarımkeçiricilər fizikası sahəsində aldığı elmi nəticələr keçmiş sovetlər birliyinin Elmlər Akademiyasında Yarımkeçiricilər İnstitutunun ilin ən yaxşı elmi işi kimi qiymətləndirilir.

Elə həmin il bu institutun elmi şurasında namizədlik dissertasiyasını uğurla müdafiə edən Vidadi Əliyev vətənə dönür və Azərbaycan İnşaat –Mühəndisləri Universitetinin fizika kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Sonrakı illərdə Vidadi müəllim  yarımkeçiricilər fizikasında daha böyük uğurlar qazanaraq həmin maddələrdə elektron effektlərinin məqsədəuyğun idarəetmə üsullarının tədqiqi ilə məşğul olur və dünyanın aparıcı alimlərindən birinə çevrilir.

Onun ABŞ-ın, İngiltərənin, Fransanın, Yaponiyanın, Polşanın, Çexiyanın, Hindistanın, Almaniyanın, Macarıstanın, Ruminiyanın, Şotlandiyanın və onlarla digər xarici ölkələrin nüfuzlu elmi nəşrlərində çap olunan elmi əsərləri ona dünya şöhrəti gətirməklə yanaşı, bu yeni elm sahəsinin bütün yür kürəsində aparıcı mütəxəssislərindən və liderlərindən birinə çevirir. Dünyanın üzvi yarımkeçiricilər fizikası ilə məşğul olan əllidən çox ölkəsinin yüzə yaxın alimləri poçt vasitəsilə Vidadi müəllimə müraciət edib, müxtəlif məcmuələrdə dərc edilmiş elmi əsərlərini onlara göndərməsini xahiş edirlər.      




Bitkin fundamental elmi tədqiqat kimi qiymətləndirilən doktorluq dissertasiyası


Vidadi Əliyevin tədqiqat işləri inqilabi nəzəri yenilikləri ilə bərabər, eyni zamanda böyük praktik, təcrübi əhəmiyyət kəsb edib. Belə ki, müxtəlif  illərdə yarımkeçiricilər fizikası üzrə onun əldə etdiyi elmi nəticələr Moskvada, Zelinoqorsk və digər şəhərlərdə hərbi sənaye kompleksində müvəffəqiyyətlə tətbiq olunub və çox böyük iqtisadi səmərə verib.  V.Əliyevin tədqiqatlarının əksər hissəsi hərbi sənaye kompleksi ilə bağlı olduğundan yalnız “xüsusi xidməti istifadə üçün” qrifi ilə çap olunub və mətbuatda yayımlanmayıb. Professorun doktorluq dissertasiyası da bu qriflə çap edilib.

V.Əliyev 1985-ci ildə Moskva şəhərində Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda, Nobel mükafatı laureatı, akademik Semyonovun rəhbərlik etdiyi İxtisaslaşdırılmış Elmi Şurada “Üzvi yarımkeçiricilərdə elektron daşınması prosesləri  və kontakt hadisələri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

Dünyanın ən nüfuzlu alimlərindən ibarət Elmi Şura Vidadi Əliyevin dissertasiyasını bitkin fundamental elmi tədqiqat və bütövlükdə yeni istiqamət kimi dəyərləndirir.

Sonrakı mərhələlərdə professor üzvi yarımkeçiricilər  fizikası ilə yanaşı ifrat keçiricilik – superkeçiricilik məsələləri ilə də dərindən məşğul olmağa başlayır. Bütün dünya ölkələrində geniş tədqiq olunan bu elmi sahənin Azərbacanda ilk ilkin tədqiqatçılarından biri məhz Vidadi Əliyev olub. Onun gərgin axtarışları və tədqiqatları sayəsində bu elm sahəsində də müəyyən uğurlar, nailiyyətlər əldə edilib.

200-də artıq elmi əsər və 30-dək ixtiranın müəllifi

Azərbaycan elmini dünyanın 20-dən çox ölkəsində keçirilən beynəlxalq konfranslarda təmsil edən V.Əliyev 200-də artıq elmi əsərin, 30-dək ixtiranın müəllifi olmaqla yanaşı,  həm də üzvi yarımkeçiricilər və superkeçiricilik sahəsində böyük bir mktəb yaradıb.

Onun bilavasitə rəhbərliyi altında onlarla tədqiqatçı elmlər namizədi və elmlər doktoru adını alıb. Fundamental elmin bu sahəsi üzrə dünyanın bir çox tanınmış alimlərinin müəllimi Vidadi Əliyev olub.

Vidadi müəllim 40 ildən artıq peşəkar pedaqoq kimi fizika elminin sirlərini ali məktəb tələbələrinə öyrədib. Ölkənin müxtəlif sənaye sahələrində çalışan ali təhsilli, peşəkar mütəxəssislərin bir çoxu məhz V.Əliyevin yetirmələridir.

Professorun elmi fəaliyyətində onun 1989-cu ildə yüksək tirajla çap olunan “Lazer fizika praktikumunda” kitabını xüsusi qeyd etmək lazımdır. Dünyada ikinci bir analoqu olmayan bu dərs vəsaiti mütəxəssilər tərəfindən yüksək qiymətləndirilib. Kitab müəllimlər, aspirant və tələbələr tərəfindən əvəzsiz dərs vəsaiti kimi istifadə edilib.




Türkiyədə superkeçiricilik üzrə tədqiqatların bünövrəsini qoyan azərbaycanlı professor

V.Əliyev eyni zamanda qonşu Türkiyədə də superkeçiricilik üzrə tədqiqatların bünövrəsini qoyanlardan biridir. Professor Vidadi Əliyev İnşaat Mühəndisləri İnstitutunun kafedra müdiri, professor vəzifəsində çalışarkən istedadlı alim kimi qardaş Türkiyəyə işə dəvət olunub.  O, müqavilə əsasında Trabzon Qara Dəniz Texniki Universitetində çalışdığı müddətdə mühazirələr oxumaqla yanaşı, elmi axtarışlarını davam etdirib, qardaş ölkədə yarımkeçiricilər fizikası, superkeçiricilik üzrə elmi kadrların yetişməsinə köməklik göstərib. Professorun tükr həmkarları ilə birgə işlədiyi “Arı pətəyi quruluşlu maraqlı xassələr göstərən superkeçiricinin sintezi” adlı elmi əsəri və elmi nəticələri Avropa, Amerika alimləri tərəfindən böyük maraqla qarşılanıb.

V.Əliyev yeganə azərbaycanlı alimdir ki, qardaş Türkiyədə onun rəhbərliyi altında 2 nəfər elmlər doktoru, professor, 4 nəfər elmlər namizədi hazırlanıb.


Ürəyi Qarabağ sevgisi – Qarabağ nisgili ilə döyünən vətənpərvər 

Vətənpərvərlik insanın daxilindən, ruhundan gələn bir hiss kimi öz dövləti, tarixi vətənilə onun sıx bağlılığı deməkdir.  Dünya şöhrətli alim, görkəmli tədqiqatçı, gözəl pedaqoq olmaqla bərabər Vidadi müəllim, eyni zamanda əsil vətənpərvər,  yurdsevər, millətsevəri insan idi. Ürəyi Qarabağ sevgisi – Qarabağ nisgili ilə döyünən bu vətənpərvər insan vətəndən uzaqlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəmirdi. Türkiyədə çalışdığı müddətdə də qəlbi Azərbaycan, Qarabağla döyünən V.Əliyev Türk ocağı Trabzon şöbəsinin sədri Müthət Kərim Aslan və onun müavini Əkrəm Ak Günün köməyi ilə dəfələrlə ölkəyə yüzlərlə adda, çoxlu miqdarda dərman preparatları, digər tibbi ləvazimatlar gətirərək, şəxsən özü yaralı əsgərlərimizə paylamışdır.

O Qarabağ müharibəsinin ilk günlərindən ən qaynar nöqtələrdə, yerli əhalinin, əsgərlərin yanında olub. Onlara maddi və mənəvi dəstəyini əsirgəməyib. Doğma yurd-yuvalarından didərgin düşən Meşəli, Kərkicahan, Malıbəyli, Quşçular camaatının yanında olub.  Hadisələrin ən qızğin çağlarında belə Qarağağın kəndlərini bir-bir gəzən V.Əliyev insanlara arxa-həyan olmaqla bərabər ən adi məişət məsələlərinin müsbət həll olunmasına çalışır, ələndən gələn köməkliyi əsirgəmir. Bakıda təhsil alan qarabağlı tələbələrin demək olar ki, hansı təhsil müəssisəsində oxumalarından asılı olmayaraq hamısının təhsil qayğıları, yükü Vidadi müəllimin çiyninə düşür. Həmin ərəfədə professorun Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışması bu qayğı və problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb.

Vidadi Əliyevin tək arzusu Qarabağ torpaqlarını işğaldan azad görmək və təkrar o torpaqlara ayaq basmaq idi. Təəssüf ki, ömür Vidadi müəllimə Qarabağla bağlı arzularına çatmağa imkan vermədi. Amma buna baxmayaraq onun əməlləri, Qarabağa olan tükənməz sevgisi neçə-neçə insanlara bir örnək oldu. Vidadi Əliyevin xatirəsi tələbələrinin, həmkarlarının, onu sevənlərinin qəlblərində daim böyük ehtiramla yad edilir. Vidadi müəllim haqqında onu yaxından tanıyanlar böyük məhəbbət, dərin hörmət və yoxluğundan kədər hissi ilə danışırlar. Sıradan biri kimi yox, xoş niyyət və əməl sahibi kimi hörmət qazanmaq, bu dünya və ölümündən sonra gözəl insan kimi xatırlanmaq, unudulmamaq hər kəsə nəsib olmur.



Gözəl ailə başçısı


Azərbaycan elminə dünya şöhrəti bəxş edən Vidadi müəllim eyni zamanda gözəl ailə başçısı olub. Cəmiyyət üçün dörd layiqli vətəndaş, vətənpərvər övladlar yetişdirib.

Övladları içərisindən qızı, Millət vəkili Fatma Yıldırım bu gün Vidadi müəllimin yolunu davam etdirir. Onun elmi davamçısıdır. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu olan F.Yıldırım fizika-riyaziyyat elmlər namizədidir.

Müxtəlif illərdə insan resurslarının idarəolunması sahəsində rəhbər vəzifələrdə çalışıb. 2012-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra "Mənzil İnşaatı Dövlət Agentliyi"ndə İnsan resursları şöbəsinin müdiri, 2018-ci ildən 2020-ci ilə qədər isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib. Bir müddət diaspor fəaliyyəti ilə də məşğul olan Fatma Yıldırım Belçika Krallığında yaşayarkən 2003-cü ildə "Avropa Azərbaycanlıları Mərkəzi"nin səsisçisi və rəhbəri olub. Təşkilat Avropada Qarabağ həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində kütləvi tədbirlərin keçirilməsini və təbliğat işlərinin aparılmasını təşkil edib. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 93 saylı Bərdə şəhər seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Atamın yolunu seçdim və onun davamçısı olmağı özümə şərəf bildim
 

F.Yıldırın  deyir ki, orta məktəbi bitirəndə çox adam onun həkim olacağını zənn edib: “Lakin mən atamın yolunu seçtim və onun davamçısı olmağı özümə şərəf bildim. O vətənpərvərliyi ilə də mənim üçün nümunə idi və həmişə onun kimi həmişə xalqımın, ictimaiyyətin yanında olmaq istəmişəm.  Atamın fizikaya olan sonsuz marağı və məhəbbəti mənim də qəlbimdə bu fənnə qarşı dərin rəğbət oyatdı. Sovet dövründə Vidadi müəllim hərbi sənayeyə töhfələri çox idi. Ona görə də o məxfi fizik sayılırdı. Hətta ona xaricə çıxmaq qadağası qoyulmuşdu. Kaş ki, yaşasaydı bu gün müstəliq dövlətimizin hərbi sənayesinə də çox mühüm faydalar verərdi. Yeni silahların ixtira olunması ilə ordumuzun güclənməsi onun arzusu idi. Atam Şuşa həsrətilə dünyadan köçdün. Şuşanın işğalı gün iflic oldu. 16 il yataq xəstəsi olaraq Şuşanın qayıdacağını gözlədi. Bu gün ordumuz irəlilədikcə onun ruhunun şad olduğuna əminəm”.

Oktyabrın 31-i Vidadi müəllimin ad günüdür.

Millət vəkilinin sözlərinə görə, bu gün atası haqqında keçmiş zamanda danışmaq bir övlad kimi onun üçün çox ağırdır: “Sənə əziz olan bir insanın ölümünü, yoxluğunu qəbul etmək çox çətindir. Aylar, illər keçsə belə... Təəssüf ki, əldən heç nə gəlmir, bizə yalnız xatirələri yada salıb düşünmək qalır. Biz də bu gün Vidadi müəllimi xoş xatirələrlə yada salıb, ehtiramla yad edirik. Məncə, ən gözəl olan da elə budur. Yaddaşlarda qalmaq, ürəklərdə yaşamaq, hər zaman sevgiylə xatırlanmaq”.

Sevinc QARAYEVA

 





31.10.2020    çap et  çap et