525.Az

Yazıçılar Birliyində Gənclər Şurasının yeni üzvləri ilə görüş olub (Fotolar)


 

Yazıçılar Birliyində Gənclər Şurasının yeni üzvləri ilə görüş olub <b style="color:red">(Fotolar)</b>

Ötən gün Yazıçılar Birliyində (AYB) qurumun yeni tərkibdə təsdiq olunmuş Gənclər Şurasının üzvləri ilə görüş keçirilib. Tədbiri açan AYB-nin gənclər üzrə katibi Rəşad Məcid yeni tərkibi təqdim edib. AYB katibi dövlətin gənclər siyasəti ilə bağlı mühüm addımlar atdığını bildirib, Yazıçılar Birliyinin həmişə istedadlı gəncləri dəstəklədiyini diqqətə çatdırıb.

"Yazıçılar Birliyi yarandığı vaxtdan etibarən həmişə Azərbaycan dilini qoruyan ən əsas qurum olub. Hələ Sovet dövründə məmurların uşaqları rus sektorlarında oxuyanda tanınmış şair yazıçıların övladları Azərbaycan dilində təhsil alıblar. Yazıçılar Birliyi fəaliyyət göstərdiyi vaxt ərzində ən müxtəlif tarixi proseslərin şahidi olub. Onun üzvləri 1937-ci ilin qanlı repressiyalarına məruz qalıblar, bəzən Sovetlər rejiminin təqibləri ilə üzləşiblər". Bu fikirlərlə tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edib. Xalq yazıçısı AYB-nin hər zaman gənclərə dəstək olduğunu, istedadlı yaradıcı gənclərə qurumun qapısının açıq olduğunu vurğulayıb: "Biz gənclərə inanırıq. Bu gün yeni tərkibi Gənclər Şurasının təsdiqlənməsi bizim bu inamımızın ifadəsidir.  Biz inanırıq ki, bu gənclər AYB-nin ənənələrini gələcəkdə davam etdirəcəklər".

Sonra qurumun sədri Gənclər Şurasının yeni üzvlərinə Yazıçılar Birliyinin vəsiqələrini təqdim edib.

Təqdimatdan sonra tənqidçi Elnarə Akimova çıxış edərək birliyin sədrinə gənclərlə görüş üçün vaxt ayırdığına görə təşəkkürünü bildirib.

Gənclər Şurasının sədri Elşad Ərşadoğlu da öz çıxışında Anara görüş üçün minnətdarlığını ifadə edib.

Təqdimatdan sonra Gənclər Şurasının yeni tərkibdə daha bir iclası keçirilib. İclası açan AYB Gənclər Şurasının sədr müavini, birliyin mətbuat katibi Xəyal Rza şuranın üzvü olan gənclərin təkliflərinə Yazıçılar Birliyində həssaslıqla  yanaşıldığını xatırladaraq gələcəkdə yeni-yeni layihələrin icrası üçün birgə səylərin vacibliyini vurğulayıb.

İclasdakı çıxışında Rəşad Məcid şurada təmsil olunan gənclərin Azərbaycan ədəbiyyatına müəyyən töhfələr verəcəyinə inamını ifadə edib, onların gələcəkdə mühüm ədəbi uğurlara imza atacaqlarına inandığını bildirib.

İclasda Pərvin Nurəliyeva, Elnarə Akimova,Fərid Hüseyn, Ramil Əhməd təkliflərlə çıxış ediblər. Qərara alınıb ki, birliyin Gənclər Şurası ayda iki dəfə toplantı keçirsin, regionda yaşayan yaradıcı gənclərlə əlaqələr daha da möhkəmləndirilsin, ədəbiyyatla bağlı yeni layihələr üzərində işlər davam etdirilsin.

AYB Gənclər Şurasının 21 nəfərlik yeni tərkibi Elşad Ərşadoğlu (sədr), Xəyal Rza (sədr müavini), Fərid Hüseyn, Elxan Zeynallı (Qaraqan), Pərvin Nurəliyeva, Elnarə Akimova,  Günel Şamilqızı, Elmar Vüqarlı, Nərmin Azadgil, Hafiz Hacıxəlil, Ələmdar Cabbarlı, Vüsal Nuru, Ülviyyə Heydərova, Sevinc Mürvətqızı (katib), Feyziyyə Hacıyeva, Mirbəhram Əzimbəyli, Habil Yaşar, Məhsəti Musa, Sara Selcan, Emin Piri Ramil Əhməddən təmsil olunur.

S.ABDULLAYEVA

 





07.02.2014    çap et  çap et