525.Az

Virtual reportaj - Rəhman Mirzəlizadənin qeydləri


 

Virtual reportaj - <b style="color:red">Rəhman Mirzəlizadənin qeydləri </b>

Döyüşlər başlayandan bəri səhər yuxudan ayılıb özümə gələn kimi Feysbukda virtual dostlarımın gecədən qalma boyat postlarını və cəbhədəki vəziyyət barədə operativ məlumatlarını oxumaq adətə çevrilib.

"Gecəgözlü - özündən şeirli addır!" - Qismət Rüstəmovun kənd boyda qələbə sevincli bu paylaşımı virtual reportajımızın epiqrafı olsun.

"Çoxları deyir ki, erməni lobbisi çox güclüdür, hər yerə əlləri girir və s. Bunlar hamısı uydurulmuş "mif"dir. Necə ki, "Ohonyan səddi" "mif"i yaratmışdılar. Şanlı Ordumuz 30 il tikilən o "səddi" bir neçə günə yarıb keçdi!" - Qəzetdəki səhifəmə qənaət etmək üçün hüquqşünas Aslan İsmayılovun bu postunun davamını təhrif etmədən qısa şəkildə izah edirəm: Aslan bəy yazır ki, biz indi daha çox təşkilatlanmalı və maliyyə imkanlarımızı doğru istiqamətə yönəltməliyik. Ardınca xaricdə yaşayan imkanlı həmvətənlərimizə səslənir ki, əllərindən gələni edib erməni lobbisinin bir mif olduğunu sübut etsinlər. Aslan İsmayılovun informasiya və təhlil bunkerinə çevrilmiş səhifəsi maraqla izlədiyim profillərdən biridir. Posta "möhtəşəm" reaksiyası atıb, digər paylaşımlara keçirəm.

"Xocalı rayonundakı Sığnax kəndində düşmənin böyük silah-sursat və hərbi texnika anbarı vardı. Vardı..." - Elçin Alıoğlunun bu ironik statusuna müəllifini unutduğum bir şairin misralarını təhrif etməklə rəy yazıram:

"Sizdə də bir anbar vardı,
HAROP aldı, PUA apardı..."

"Qarabağın dırnaqarası prezidenti Arayik Harutyunyanın da içində olduğu konvoy Azərbaycan Hava Qüvvələri tərəfindən vurulduğu haqda xəbərlər gəlir..." - Hədiyyə üçün İbrahim Nəbioğlunun bu xəbərinin rəsmi təsdiqlənməsini gözləyən müəlliməm Vəfa Aslan rəy yazıb: "İbrahim bəy, onun ölüm xəbərini ilk yazan adama hədiyyə söz vermişdim ürəyimdə".

Bildiriş gəldi. Elçin Alıoğlunun bayaqkı paylaşımına yazdığım rəyə gülüş smaylı atıblar.

Hazırda Almaniyada yaşayan filosof Ağalar Qut Alov Eyvazova ilə birgə Qarabağ həqiqətlərindən bəhs edən bir məqalə yazdıqları haqda post paylaşıb: "Mətnə 19-cu əsrə aid bir neçə xəritə də əlavə etdik. Bu xəritələri çəkənlər biz yox, almanlar, fransızlar, ruslar və başqalarıdır ki, xəritə özü də bir sənəddir" - Məqaləni Feysbukun qeydlər bölümünə sabitləyirəm, reportajı bitirən kimi oxuyacağam.

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu yaralı əsgərlərimizə kitab apardığı barədə post paylaşıb: "Gedəndə könülsüz idim, yaralı insanlara kitab təklifi, bəlkə, artıq görünər deyə. Amma söhbətlər, fikir mübadiləsindən sonra başa düşdüm ki, kitab gətirmək çox düzgün bir hərəkətdir.

Şərəfli tariximizin qəhrəman əsgərlərinə eşq olsun!" - Məncə, yaralı əsgərlərimizə tarixi, daha çox Qarabağ həqiqətləri ilə bağlı kitablar paylansa, daha yaxşı olar, deyə düşünürəm. Budur, Şahbaz bəyin növbəti paylaşımı da Qarabağ tarixindən bəhs edən kitabla bağlıdır. Naşir videoda Qarabağla bağlı 10 əsəri bir kitabda birləşdirdiyini deyir. "Nəşrə görə təşəkkürlər!" - rəy yazıram.

Azad Əliyev cüzi qaraltılar sezilən bir şəkil paylaşıb yazır: "Xankəndidir. Bütün gecə şəhərdə elektrik enerjisi olmayıb. Zülmət, hava həyəcanı sisteminin səsi şəhərdə qalan bir ovuc ermənini dəli edib. Onlar ancaq bir şeyi təkrarlayırlar: "Azərbaycan Ordusu lap yaxındadır. Bizə xəyanət ediblər. Bizim əsgərlər onların qarşısını kəsə bilmirlər".

90-cı illəri xatırlayın. Bəli, biz lap yaxındayıq. Evimizə qayıdırıq!" - Məncə, bu, nadir qaranlıqlardandır ki, insanların içində ümid işığı yandırır.

"Müdrik - humanist deyildir. Lao Tzı" - filosof Müşfiq Şükürovdan lakonik və mesajverici status.

"Bu gün Avropanın reallıqda işləməyən söz azadlığı, insan haqları, demokratiya kimi qoloqrafik dəyərlərindənsə, Türkiyənin, Pakistanın kişilik və sədaqət anlayışı milyon dəfə əfzəldir. Və Şərqin bu dəyərləri Qərbin dəyərsizləşməsi fonunda artıq dünyanı dəyişə biləcək gücə çevrilir" - Vüsal Məmmədovun bu statusu Qərbin siyasi bostanına atılmış daşdır. Daşın üzərinə "ürək şəkli çəkib" davam edirəm.

Ruslan Xəlil Arayik Haruntunyanın açıqlamasını paylaşıb: "Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir" - Virtual reportajımızın bu hissəsində elə virtual bir haşiyəyə çıxmaq istəyirəm - "Google map"da Şuşanı axtarıram. Düzdür, bu xəbər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib, amma yenə də baxmaq istəyirəm. 5 kilometr nədir ki? Təxminən,"İçərişəhər" metrosundan "Elmlər Akademiyası"na qədər. Xəritədə baxanda millimetrlər qalıbmış kimi görünür...

 





03.11.2020    çap et  çap et