525.Az

Arxa cəbhənin birliyi - Aytac Aslandan yeni yazı


 

Arxa cəbhənin birliyi - <b style="color:red">Aytac Aslandan yeni yazı</b>

Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına qarşı sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks hücum əməliyyatları bu günədək uğurla davam edir.

Bu qısa müddət ərzində ordumuz 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edir, xalqa sevinc dolu günlər yaşadır. İl ərzində baş verən bədbin hadisələrə görə həyat eşqi sönən insanların qəlbində ümid çıraqları şələlənir. Xalqımız arxa cəbhədə yumruq kimi birləşib ön cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizə həm maddi, həm də mənəvi cəhətdən dəstək olmaq üçün əlindən gələn hər şeyi edir. Azərbaycanın dörd bir yanında yolda, küçədə, marketdə, restoranda hər kəs bir-birinə doğma gözlərlə baxır, yardım əlini uzadır. Əvvəllər insanlar buranı sadəcə yaşadıqları ölkə kimi qəbul edirdilərsə, indi Azərbaycana bir ev, xalqa doğma ailə kimi baxırlar.

Mövcud vəziyyətlə bağlı ən çox diqqət çəkən məqamlardan biri də Ordumuza, əsgərlərimizə göndərilən yardımlardır. Bu yardım kampaniyasında kiçikdən böyüyə, kasıbdan varlıya qədər hər kəs iştirak edir. Asan xidmətə gedərək təqaüdünü əsgərlərə yardım  üçün göndərmək istəyən yaşlı dayının timsalında minlərlə insan gümanı gələn son qəpiyini də ordumuz üçün göndərir. Yerli şirkətlərimizlə yanaşı, bəzi xarici şirkətlər də xeyriyyə kampaniyası açıb toplanılan pulu ordumuz üçün göndərirlər. Burdan da aydın görünür ki, hər kəs özünü bu mübarizənin bir hissəsi sayır, əlindən gələnin ən yaxşısını etməyə çalışır. Necə ki, quşlar yuva quranda hərəsi bir çöp də olsa gətirib qoyur, eləcə də bu gün Azərbaycan xalqı əsgərlərimizin ön cəbhədə rahatlığı üçün hər şey edir.

Fikir vermisinizsə, xarici jurnalistlər cənab prezident İlham Əliyevlə müsahibələrində hər zaman hərbi texnikamızın sayı, başqa ölkələrin yardım edib-etmədiyi haqqında soruşurlar.  Bundan belə nəticəyə gəlmək olar ki, onlar ordumuzun uğurunu ordumuzun hərbi-texniki gücü ilə əlaqələndirir. Ancaq burada yaşayıb xalqı müşahidə etsələr, görərlər ki, bizim uğurumuzun səbəbi həm də xalqımızın güclü mənəviyyatı və iradəsidir. Silah pul ilə alına bilər, qəhrəmanlıq və mənəviyyat isə yalnız qan bağı ilə keçir. Azərbaycan xalqı 30 il ərzində bir gün belə doğma torpaqlarını unutmadı, vətən həsrəti ilə yaşadı. Bundan sonra 100 il belə keçsə, Azərbaycan xalqı doğma torpaqlarından vaz keçməz.

 





03.11.2020    çap et  çap et