525.Az

Ukrayna geosiyasi risk zonasında: sonu bilinməyən yol


 

Ukrayna geosiyasi risk zonasında: sonu bilinməyən yol<b style="color:red"></b>

Şərqi Avropanın böyük dövlətlərinin birində mürəkkəb geosiyasi vəziyyət yaranıb. Noyabr ayından bu yana Kiyevin küçələri siyasi qüvvələrin döyüş meydanına çevrilib. İqtidarla müxalifətin ölkənin geosiyasi kursu haqqında fərqli mövqeləri vardır. Ancaq fikir ayrılığını danışıqlar yolu ilə həll etmək imkanlarının az olduğu müşahidə edilir. Tərəflər arasında gərgin mübarizə gedir. Bu prosesdə kənar qüvvələrin də ciddi rol oynadığı deyilir. Bununla Ukrayna ixtilaflara sürüklənən kimi görünür. Belə bir vəziyyətin sonu nə ola bilər?

Barrikadanın o tərəfi: böyük güclərin gizli savaşı

Ukraynada çox ciddi geosiyasi proseslərin getdiyini hər kəs etiraf edir. Vəziyyətin ziddiyyətli və mürəkkəb olduğu haqqında da KİV yazır. Dünyanın aparıcı analitik və ekspertləri mütəmadi olaraq ölkədəki vəziyyətlə bağlı fikirlərini bildirirlər. Lakin bir şey tamamilə aydındır: Ukraynanı bu düşündürücü geosiyasi proseslərin hara apardığı məlum deyil!

Qeyri-müəyyənlik həm siyasi proseslərin iştirakçılarının davranışında, həm də bütövlükdə geosiyasi situasiyada özünü göstərir. Ekspertlərin rəyinə görə, bunun əsas səbəbi kənardan müdaxilələrin olmasındadır. Şeymas Miln "The Guardian"da açıqca vurğulayır ki, "...davam edən xarici müdaxilə təhlükəli və təxribat xarakterlidir" (bax: Seumas Milne. İn Ukraine, fascists, oligarchs and western expansion are at the heart of the crisis / www.theguardian.com, 29 yanvar 2014).

Bu aspektdə "Stratfor"un qurucusu Corc Fridmanın Ukrayna hadisələrində Qərb və Rusiyanın rolu haqqındakı fikirləri maraq doğurur. O hesab edir ki, Ukrayna iki cəhətdən – geosiyasi və iqtisadi olaraq əhəmiyyət daşıyır. Bu məqam həmin ölkə ətrafında ziddiyyətli vəziyyətin yaranmasına səbəb olur. Düşündürücüsü odur ki, həm Avropa, həm də Rusiya Ukraynanı itirməyi öz təhlükəsizliyinə təhdid kimi qəbul edir.

Həmin bağlılıqda Vladimir Putini nəzərdə tutaraq C.Fridman yazır: "...onun məqsədi Rusiyanın xoşuna gəlməyən şeyləri Ukraynanın etməsinə imkan verməməkdən ibarətdir. Ukrayna Rusiya üçün həlledici əhəmiyyəti olanlar istisna olmaqla, bütün məsələlərdə suveren ola bilər" (bax: George Friedman. Perspectives on the Ukrainian Protests / ''Geopolitical Weekly'', 28 yanvar 2014). Bütün bunlara baxmayaraq, C.Fridmanın fikrincə, ABŞ və Avropa Ukraynaya görə Moskva ilə münasibətlərini tamamilə korlamaq istəməyəcək (bax: əvvəlki mənbəyə).

Həqiqətən də nə Qərb, nə də Rusiya və Çin Ukraynada öz geosiyasi maraqlarını təmin etməyə çalışdıqlarını gizlətmirlər. Əgər Moskva bu haqda açıq danışırsa, Avropa müxtəlif "obyektiv arqumentlər" gətirməklə Kiyevdə özünün təbii haqqının olduğunu göstərməyə çalışır (bax: Daniel Brössler. Warum es in der Ukraine um Europas Zukunft geht / www.sueddeutsche.de, 23 yanvar 2014). Şübhəsiz, əgər Avropa özünün taleyinin Ukraynada həll olunduğunu düşünürsə, onun uğrunda sona qədər mübarizə aparacaq. Eyni zamanda, Kreml və Pekin də öz mövqelərindən çəkilmək fikrində deyillər.

Son günlər rəsmi Moskva Kiyevə bir neçə dəfə xəbərdarlıq edib. Prezident Putin və baş nazir Medvedev qazın qiymətinin azaldılması və kreditin verilməsini "Kiyevdə vəziyyətin tam aydınlaşmasına qədər" təxirə salıblar. Rusiya dövlət başçısının müşaviri S.Qlazev isə birbaşa V.Yanukoviçə məsləhət görüb ki, "qiyamı yatırtsın" (bax: Советник Путина рекомендует Януковичу "подавить мятеж" / www.gazeta.ru", 31 yanvar 2014).

Onu demək lazımdır ki, xaricdən olan təsirlərlə yanaşı, Ukrayna müxalifətinin tərkibinin bircins olmaması da ziddiyyətlər yaradır. Ekspertlər hesab edirlər ki, V.Kliçko (demokratik islahatçılar qanadı), A.Yatsenyuk (Y.Timoşenkonun tərəfdarları) və O.Tyaqnibok (sağ ultramillətçilər) hələlik Maydanda bir yerdədirlər (bax: Якоб Мишке, Андреас Умланд. ЕС и российско-украинский конфликт / "Geopolitika.lt", 28 yanvar 2014). Ölkədəki böhran müxalifətin istədiyi ssenari ilə yekunlaşandan sonra isə onlar arasında fikir ayrılığı qaçılmaz olacaq.

Dialoqa "yox", vətəndaş müharibəsinə "hə"?

Məsələ ondan ibarətdir ki, Ukrayna müxalifəti qərbpərəstdir. O, ölkədə prezident-parlament üsul-idarəsinin bərqərar olmasını tələb edir. Bu səbəbdən müxalif liderlər V.Yanukoviçin yüksək vəzifə təkliflərini qəbul etmədilər. Onlar açıq dedilər ki, "hakimiyyət sistemi dəyişməlidir". Buradan belə nəticə çıxarılır ki, Ukrayna müxalifətini birləşdirən məqam yalnız Avropaya inteqrasiyadır. Bu prosesdə iştirak məsələsində isə maraqlar toqquşur və bu, ciddi daxili ziddiyyətlərə səbəb ola bilər.

Unutmaq olmaz ki, Ukraynada müxalifət hərbi dəstələr yaradıb. Onlar siyasi tələblərə hərbi qüvvə ilə dəstək verməyə çalışırlar. Kiyevdə bir neçə nazirliyin binasının zəbt edilməsi, orada silahlı toqquşmaların qeydə alınması, bir neçə nümayişçi və milisin həlak olması, bütövlükdə vəziyyətin riskli olduğunu göstərir.

Bunların fonunda isə Qərb və Rusiya öz siyasətini yeridir. Ukrayna faktiki olaraq iki böyük geosiyasi gücün arasında qalıb (bax: Николай Малишевский. Украина. "Война впотьмах" / Фонд Стратегической Культуры, 28 yanvar 2014). Avropa rəsmi Kiyevə təzyiq xarakterli mesajlarını verir, Moskva isə artıq gömrük məntəqələrində konkret tədbirlərə başlayıb. Bu qarşıdurmanın nə ilə yekunlaşacağını proqnozlaşdırmaq çox çətindir.

Maraqlıdır ki, Qərbin tanınmış ekspertləri Ukraynada gərgin vəziyyətin yaranmasında birmənalı olaraq Kremli günahlandırırlar. Məsələn, Zbiqnev Bjezinski "Twitter" səhifəsində yazıb ki, "Ruslar oyanın! Rusiyanın Ukraynada həyata keçirdiyi repressiyalar son nəticədə Rusiyanın özünü fəlakətə aparacaq". Belə çıxır ki, Qərbin siyasi dairələrində Ukraynada geosiyasi nüfuz uğrunda mübarizə getdiyi qəbul olunur. Hətta bir sıra ekspertlər hesab edirlər ki, Qərb Suriyadakı uğursuzluğu Ukraynada təkrar etməməlidir.

Bunlar Ukraynada kifayət qədər çətin və risklərlə dolu geosiyasi vəziyyətin yarandığını göstərir. Açıq görünür ki, orada dünyanın iki böyük geosiyasi xətti toqquşub. Onların bir-birinə güzəştə gedəcəyi çətin ki, mümkün olsun. V.Yanukoviç iqtidarının yaranmış mürəkkəb durumdan uğurlu çıxış yolu tapması ehtimalı da yüksək görünmür. Bu səbəbdən Ukraynada ixtilafların hələ bir müddət qalacağını proqnozlaşdırmaq olar.

"Regionçu"ların hakimiyyətdə qalması şansı da xeyli azalıb. İndi ekspertlər ölkənin faktiki olaraq iki yerə parçalandığını vurğulayırlar. Bura Krım faktorunu da əlavə etmək gərəkdir. Bununla da Ukrayna siyasi-ideoloji müstəvidə Qərb, Şərq və Cənub kimi şərti olaraq 3 düşərgəyə ayrılmış olur. Mümkündür ki, Avropa və Rusiya məhz bu faktordan təzyiq üsulu kimi istifadə edib, rəsmi Kiyevi öz maraqlarına tabe etdirməyə çalışsın. Nəzərə alsaq ki, Ukrayna müxalifəti silahlanıb, onda ölkədə vətəndaş müharibəsi təhlükəsinin mövcudluğunu etiraf etmək lazımdır.

Düşündürücüdür ki, Ukraynada hökumətin istefası vəziyyətdə elə bir dəyişikliyə səbəb olmadı. Parlamentdə qüvvələr ortaq nəticəyə gələ bilmədilər. Bu o deməkdir ki, siyasi böhranın əsas səbəbi aradan qalxmayıb. Belə şəraitdə iqtidarla müxalifətin danışıqlar yolu ilə razılığa gəlməsi şansı minimumdur. Əvəzində, ölkədə hadisələrin inkişafının bir neçə variantı haqqında danışmaq olar.

Birincisi, V.Yanukoviç təzyiqlərə tab gətirməyib istefa verə bilər. O halda 2014-cü ildə prezident seçkisi keçirilməlidir. Hazırkı şərtlər daxilində bunu obyektiv və sakit reallaşdırmaq imkanları çox az görünür. Onda demək olar ki, Ukraynada vətəndaş müharibəsi yarana bilər.

İkincisi, V.Yanukoviç Moskvanın tələbi ilə sərt mövqe tutur. Bu halda yenə də ölkədə silahlı qarşıdurmaların meydana gəlməsi ehtimalı yüksək olur. Müxalifətin tərkibində olan radikal qruplar küçə savaşlarından çəkinməyə bilərlər. Bu prosesin də böyüyüb vətəndaş müharibəsinə çevrilməsi mümkündür.

Üçüncüsü, müxalifət qəti addım atmaq qərarına gələ bilər. Bu variantda çox şey Ukrayna güc strukturlarının tutacağı mövqedən asılı olacaq. Hərbi qüvvələr proseslərə müdaxilə etsə, ölkədə fövqəladə vəziyyətin yaranması gözləniləndir. Məlumdur ki, bu varianta Vaşinqton müsbət yanaşmır. O, hətta sanksiyalar tətbiq edə bilər.

Hadisələrin fərqli ssenarilər üzrə inkişaf etməsi də mümkündür. Ancaq hər bir halda ölkənin geosiyasi risk zonasında olduğu etiraf edilməlidir. Onun bu vəziyyətdən nə zaman çıxa biləcəyi də qeyri-müəyyəndir. Görünür, əvvəlcədən Ukraynanın geosiyasi kursu tam əsaslandırılmayıb. Bəzi mütəxəssislərin qeyd etdiyi kimi, "neoliberal şok xətti"nin özündə daşıdığı ziddiyyətlər indi özünü büruzə verir. Həmin səbəbdən Ukraynada proseslərin aydınlaşmasının zamana ehtiyacı olduğunu deyə bilərik.

Newtimes.az

 





07.02.2014    çap et  çap et