525.Az

İlk müsəlman Respublikası: Azərbaycan


 

İlk müsəlman Respublikası: <b style="color:red">Azərbaycan</b>

(Əvvəli 30 oktyabr sayımızda) 

(Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi) 

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinin də doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli iri- həcmli məqaləsi dərc olunmuşdu.

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilə bilər.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

TƏRCÜMƏÇİDƏN

***

Ceyhun bəy HACIBƏYLİ

İndi isə baş verən hadisələri ilbəil nəzərdən keçirək. II Nikolay hakimiyyətdən əl çəkdikdən və 1917-ci ilin mart ayında şahzadə Lvov, bir qədər sonra isə M.Kerenskinin müvəqqəti hakimiyyətinin formalaşmasından sonra Zaqafqaziya IV Dumanın keçmiş üzvləri - müsəlman, gürcü və erməni nümayəndələrindən təşkil olunmuş, xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunmağa başladı. Bu hökumət 1917-ci il oktyabr ayının 25-də Sankt-Peterburqda müvəqqəti hökumət devrilənə qədər mövcud oldu. Bolşeviklərin hakimiyyətə gəlişi ilə Komitə öz fəaliyyətini dayandırdı.

Bildiyimiz kimi, Rusiyada ümumi nizam-intizamın pozulması, digər fəlakətli nəticələrin başlanğıcı olan hadisələr mərkəzlə keçmiş imperiyanın mahalları arasında əlaqələrin kəsilməsinə səbəb oldu.

Qafqaz, xüsusilə Zaqafqaziya nəinki Peterburq və Moskvadan, habelə Rusiyanın bütün digər partiyalarından tamamilə ayrıldı. Qabiliyyətli qüvvələri və öz təşəbbüskarlığı sayəsində Zaqafqaziya millətləri güclü və vahid, parlamentli, hüquqi və inzibati, habelə maliyyəli hakimiyyət formalaşdırmaq üçün yenidən birləşdilər.

Beləlikə, Tiflisdə üç xalqın (gürcülər, Azərbaycan türkləri və ermənilər) nümayəndələrindən ibarət kabinet yaradıldı. Bu kabinet ümumi hökumətin hakimiyyətini tanıdı.



Bu ittifaq, həmçinin hakimiyyətin 132 nəfərlik üzvi olan bir Məclisi - Zaqafqaziya Seymini reallaşdırdı və onun yığıncaqlarını təşkil etməyə başladı. Bu şura aşağıdakılardan təşkil olunmuşdu.

1. Bütün Rusiyanı əhatə edən Assambliyaya səs çoxluğu ilə seçilmiş hər üç millətin nümayəndələrindən;

2. Çoxu eyni  siyasi partiyalardan olub üç dəfə seçilən ilk deputatlardan ibarət idi.

Qafqazın vahid seymi müxtəlif millətin hər birini təmsil edən üç üzvün sədrliyi ilə idarə olunurdu. Zaqafqaziyanın bütün əhalisi, ekstremist və şovinistlərdən uzaq, bu səlahiyyətli təşkilatın hakimiyyətini tanıdı.

Lakin Seymin daxildə fəaliyyətini, xariclə əlaqələrini təşkil etmək üçün zəruri qüvvələr çatışmırdı. Millətçi partiyaların hiyləgərliyi nəticəsində bu qüvvələr arasında fikir ayrılığına, hər üç millət arasında bir-birinə səmimiyyətdən uzaq hərəkətlərə səbəb olurdu. Parlamentdə müsəlmanlar, gürcülər və ermənilər ölkənin taleyi ilə məşğul olduqları vaxt İrəvandakı hökumətin tərkibindəki Daşnaqsütyun partiyasından olan ermənilərin təhriki ilə 200 azərbaycanlı kəndi yerlə-yeksan edildi, əhalisi qətlə yetirildi. Seym bu qırğınların qarşısını almaqda aciz idi.

***

Bakı bolşevikləri millətçi partiyaların antoqonizmi tərəfindən azğınlaşdırılmış rus bolşevizmin bir qolu idi. Bakı bolşevikləri  eyni fikirli fəhlələrdən, digər işçilərdən, əsgərlərdən və rus dənizçilərindən ibarət idi. Hadisələrin başında S.Şaumyan adlı erməni dururdu. Oktyabr ayına qədər bu hərəkat o qədər də mühüm əhəmiyyət daşımırdı; bəzən bələdiyyə şurasının kiçik bolşevik qrupu müsəlmanların, ermənilərin, sosial demokratların çoxluq təşkil etdikləri bələdiyyə şurasına, burjuaziyaya və müvəqqəti hakimiyyətə hücum edirdilər. Oktyabrdan etibarən Leninin və yaxın adamlarının hakimiyyətə gəlişi ilə Bakı bolşevikləri cəbhədən qayıdan hərbçiləri öz tərəflərinə çəkmək məqsədilə bütün güclərini işə saldılar. Artıq bu vaxt Qafqaz və İran cəbhəsindəki rus ordusunda nizam-intizam tamamilə pozulmuşdu. Cəbhədən qayıdan əsgərlər Bakı və Tiflis bolşevikləri tərəfindən ələ keçirilərək istifadə olunurdular.

Eyni zamanda, əsgərlərin özləri ilə aparmaq istədikləri silah və qiymətli qənimətləri əllərindən zorla alınırdı. Beləliklə, az bir vaxtda Bakı bolşevikləri çoxlu sayda mühüm silahlar - tüfənglər, saysız-hesabsız güllələr, pulemyotlar, toplar, aeroplanlar, zirehli maşınlar və sairələr əldə etməyə müvəffəq oldular.

1917-ci ilin sonuna yaxın ermənilər və gürcülər kimi Zaqafqaziya müsəlmanları rus hakim dairələri tərəfindən buraxılmış piyada qoşundan silahlar və hərbi ləvazimat aldılar. Bundan başqa, azərbaycanlılardan ibarət süvari dəstəsi var idi. Bu dəstə "Dikiya diviziya" ("Vəhşi diviziya") adı altında müharibədə iştirak etmişdi. Bu alayların köməkliyi ilə müsəlmanlar Yelizavetpol və Bakı kimi əsas şəhərlərində öz ordusunu təşkil etməyə başladı.

Gürcüstan və Ermənistan ayrılıqda hər biri rus ordusundan ayrılan bütün silahlı əsgərlərdən və zabitlərdən müharibə təcrübəsinə uyğun təşkil edilmiş milli ordu yarada bildilər. Müsəlmanların hərbi sahədə ilk addımları bolşeviklər tərəfindən düşmənçiliklə qarşılandı. Bu arada bolşeviklər xeyli möhkəmləndilər. Bolşeviklər açıq şəkildə öz hakimiyyətini bütün Qafqazda, ilk növbədə onların nəzərində xüsusi qüvvə kimi cəbhədən qayıdan böyük sayda hərbçilərin və on minlərlə fəhlənin toplaşdığı Bakı regionundan başlamaqla gücləndirməyə səy göstərirdilər.

Bu dövrdə mərkəzi Rusiyada olduğu kimi Zaqafqaziyada da anarxiya hökmranlıq edirdi: cəbhədən qayıdan əsgərlər bolşevik təbliğat sayəsində heç bir hakim dairəni tanımırdılar, əsgərlərlə yerli camaat arasında qarşıdurma getdikcə artırdı, dəniz yolları fəaliyyətini dayandırmışdı, ərzaq ilə təchiz edilmə güclü şəkildə hiss olunmağa başlamışdı.

Kiçik bir qrup müsəlman hərbçisi ümumi razılığa əsasən Bakıdan Lənkərana onlarla tüfəng aparmaq istərkən, bolşeviklər silahların onlara verilməsini tələb etmişlər; əsgərlər bolşeviklərin tələblərini rədd edərkən, həmin andaca bolşeviklər silah aparmaq istəyən əsgərləri pulemyot atəşinə tutmuşlar. Nəticədə toqquşma baş verdi, hər iki tərəfdən ölən və yaralanan oldu. Bu hadisə xoş rəftarlı müsəlmanlara qarşı bolşeviklərin düşmənçiliyini bir daha sübut etdi. Müsəlmanlar bundan narahat olmağa başladı və ciddi şəkildə həyəcanlandılar. Təzə Pir məscidinin qarşısında izdihamlı mitinq keçirildi. Orada bolşeviklərin aldıqları tüfənglərin qaytarılması tələb olundu. Bolşeviklər tüfəngləri qaytarmağı rədd etdilər. Şəhərdə atmosfer çox tez dəyişdi, həmin gün axşama yaxın (17mart, 1918) hərbi gəmilər toplarla müsəlman məhəllələrini atəşə tutdular, hətta məscidlər belə istisna olmadı. Beləliklə, Bakıda dəhşətli vətəndaş müharibəsi başladı və tezliklə bu müharibə müsəlmanlara qarşı çevrildi. Dörd gün (18-22 mart, 1918) davam edən qanlı döyüşlərdə minlərlə müsəlman qətlə yetirildi, evləri qarət edildi və vəhşicəsinə yandırıldı, yerlə-yeksan edildi. Bütün bunlar Kerenski hakimiyyəti süquta uğradıqdan sonra Bakı müsəlmanlarının bir o qədər də maraq göstərmədikləri bolşeviklərin hakimiyyətə sahib olmaları üçün törədilmişdi.

***

Lakin Bakının bu epizodunda bir faktor qəti rol oynadı. Şəhərin müsəlman əhalisi üçün məhvedici nəticələr baş verdi. Bu faktor həmçinin şəhərdəki ermənilərə səfərbər olmaq üçün göydəndüşmə bəhanə oldu. Başqa yerlərdə olduğu kimi, Bakıda da ermənilər öz millətçi partiyalarının (Daşnaksütyun) ətrafında qruplaşmağa başladılar. Erməni Milli Şurasında təmsil olunan Daşnaksütyun və digər erməni partiyaların nümayəndələri 18-22 mart hadisələrindən bir qədər əvvəl hər iki qonşusu ilə siyasi və milli əlaqələrini nizama salmaq məqsədilə Zaqafqaziya Müsəlman Mərkəzi Komitəsinin nümayəndələri  ilə danışıqlar aparmışdılar. Buna baxmayaraq, bolşeviklərə çevrilən bütün Daşnaksütyun, habelə mötədil mili-demokrat partiyasının rəhbərliyi altında qərb cəbhəsindən qayıdan 8 min erməni əsgəri Zaqafqaziya dəmir yollarında hərəkətin dayanması səbəbindən öz yerlərində qalmışdılar.

Müəyyən bir vaxt keçdikdən sonra həmin bu əsgərlər hakimiyyətə can atan bolşeviklər tərəfindən başlanan vətəndaş müharibəsində, eyni zamanda Bakıdakı erməni əhalisini qorumaq adı altında müsəlmanlara qarşı döyüşlərdə iştirak etdilər. Məgər bu hakimiyyətə can atan bolşeviklərin tərəfini saxlamaq arzusu deyildimi? Məgər bu ərzaq çatışmazlığını və əlaqələrin dayandırılmasını bəhanə gətirərək yerli əhalidən qisas almaq deyildimi? Ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri dörd günlük qətliamda 12 mindən artıq azərbaycanlı qətlə yetrildi. Onların əksəriyyəti günahsız qadınlar, qocalar və uşaqlar idi. Gələcək tarixçilər bir gün bu həqiqəti üzə çıxaracaqlar, lakin hazırda biz təsdiq edə bilərik ki, Bakı qətliamı "Daşnaksütyun" partiyasının liderləri üçün tarixdə silinməz iz qalacaqdır. Rus rejiminin müdaxiləsi zamanı vəhşiləşmiş daşnak-bolşeviklərin qiyamı vaxtında qarşısı alınmasaydı, bu faciə müsəlmanların məhv edilməsi ilə nəticələnə bilərdi.

(Ardı var)

 





03.11.2020    çap et  çap et