525.Az

Nizami Cəfərov : "Kinematoqrafiya ilə bağlı qanun tam yeniləşdiriləcək”


 

Nizami Cəfərov : "Kinematoqrafiya ilə bağlı qanun tam yeniləşdiriləcək”<b style="color:red"></b>

“Hesab edirəm ki, parlamentin sonuncu payız sessiyasında komitəmizin fəaliyyəti digər sessiyalarla müqayisədə o qədər də zəngin olmayıb”.

525.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov sözügedən komitənin parlamentin 2014-cü il yaz sessiyası ilə bağlı fevralın 7-də keçirilən ilk iclasında çıxışı zamanı dilə gətirib.

Komitə sədrinin sözlərinə görə, payız sessiyasından öncəki sessiyada komitənin fəaliyyəti daha məhsuldar olub, yəni, komitənin iştirakı ilə hazırlanan və parlamentin plenar iclaslarının müzakirəsinə çıxarılan “Mədəniyyət haqqında” yeniləşdirilmiş qanun layihəsi gərgin fikir mübadilələrindən sonra MM-də qəbul olunub:

“ Biz payız sessiyası zamanı sadəcə, bəzi qanun layihələrinə təklif olunan dəyişikliklərin  müzakirələrində iştirak etmişik və öz münasibətimizi bildirmişik. Bununla belə, hesab edirəm ki, yenicə öz işinə başlayan yaz sessiyasında komitəmizin fəaliyyəti daha zəngin, daha məhsuldar və intensiv olacaq.

 Çünki komitəmizin gündəmində bir sıra qanun layihələri var ki, biz onları da parlamentin plenar iclaslarının gündəliyinə, müzakirəsinə çıxarmağı düşünürük”.

Komitə sədri deyib ki, həmin qanunvericilik aktları arasında adıçəkilən komitə sədrinin müavini Rafael Hüseynovun hazırladığı  “Muğam sənətinin qorunması haqqında”, bir neçə il öncə birinci oxunuşun müzakirəsindən keçmiş “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında”, həmçinin, millət vəkili Leyla Abdullayeva tərəfindən hazırlanan “Milli kulinariya haqqında” qanun layihələri var:

“Biz nəhayət, həmin qanun layihələrinin də  parlament müzakirələrinə çıxarılmasını və  qəbulunu düşünürük”.

N.Cəfərov eyni zamanda deyib ki, sözügedən komitə ilə Mədəniyyət və Turizm Nazirliyi  “Kinematoqrfiya haqqında” mövcud qanunun yeniləşdirimləsi üzərində müzakirələr və işlər aparılır:

“Bu sənəd ola bilsin ki, tam yeniləşdirilsin və kinematoqrafiya ilə bağlı yeni qanun layihəsi ortaya  qoyulsun. Çünki son illər  kinematoqrafiya sahəsinə dövlət tərəfindən xeyli pullar ayrılır. Xüsusən, dövlət başçımız İlham Əliyev tərəfindən bu sahənin, Azərbaycan kinosunun inkişafına ciddi diqqət və qayğı göstərilir.

Yəni, yeni filmlərin, yeni milli  teleserialların çəkilməsi ilə bağlı kifayət qədər maddi vəsait ayrılır. Ona görə kinematoqrafiya ilə bağlı mövcud qanunun da dövrün reallıqlarına uyğun olaraq, dəyişdirimləsi, bəlkə də tam yeniləşdirilməsi lazımdır.

 Bu baxımdan çalışırıq ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu yöndə yeni qanun layihəsini hazırlayıb, parlamentin müzakirələrinə təqdim edək”.

Kamil Həmzəoğlu

 





07.02.2014    çap et  çap et