525.Az

Əlinə və dilinə sahiblik edə bilməyənlər, farağat durun! - Sosial şəbəkədə yazılanlar


 

Əlinə və dilinə sahiblik edə bilməyənlər, farağat durun! - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Müharibədən sonrakı Azərbaycanda diqqət yetiriləcək məqamlardan ən vacibi Türkiyə ilə gömrük rüsumlarına yenidən baxılması ola bilərdi.

Hazırda qəribə, anlaşılmaz bir vəziyyət var. Azərbaycanla Rusiya, ümumiyyətlə, MDB arasında sərbəst ticarət anlaşmaları var. Gömrük rüsumları yoxdur. Amma Azərbaycanla Türkiyə arasında kifayət qədər sərt, 36 faizədək gömrük rüsumları tətbiq olunur. Düşünürəm ki, indiki zamanda Türkiyə ilə ticarət əlaqələrini, inteqrasiyanı sürətləndirmək lazımdır.

Türkiyə Avropa Gömrük İttifaqına üzv olduğundan gömrük sadələşdirilməsində müəyyən çətinliklər qaçılmazdır. Bununla belə, düşünürəm ki, indidən Azərbaycan-Türkiyə gömrük, ticarət məsələlərinin sərbəstləşməsi istiqamətində addımlara başlamaq lazımdır.

Bildiyim qədər artıq ötən il "DGK və Türkiyənin Ticarət Nazirliyi arasında 2019-2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər planı da imzalanıb. Həmçinin DGK tərəfindən Azərbaycan və Türkiyə arasında tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sistemi yaradılıb. Yəni, artıq bu istiqamətdə bir xeyli addımlar atılıb.

Fikrimcə, ilkin olaraq, ən azı, müəyyən seçim üzrə, bir neçə istiqamət üzrə gömrük rüsumlarının kəskin aşağı salınması, bəzi sahələrdə ümumiyyətlə, sıfırlanması, sərbəst ticarət anlaşmalarının hazırlanması faydalı olardı.

Azərbaycan və Türkiyə arasında gömrük sistemlərinin inteqrasiyası, gömrük keçidlərinin sadələşdirilməsi və sərbəst ticarət anlaşmaları hər iki ölkənin daha sıx yaxınlaşmasına, ticarət dövriyyəsinin və regional ticarət bazarının güclənməsinə kömək edə bilərdi.

Yeri gəlmişkən, elə ölkələr var ki , məsələn, Fransa və s., onlara qarşı gömrük rüsumlarını daha da artırmaq olardı.

Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı:

- Cənub bölgəsində yaşayan türkləri də, talışları da yaxşı tanıyıram və onların arasında heç vaxt ayrı-seçkilik görməməşəm. Bəlli sifarişləri yetinə yetirən və süni ayrı-seçkilik salmaq istəyənlər gəlib-gediblər, lakin ümumu birlik, mehribançılıq, Vətənin taleyi üçün məsuliyyət hissi heç vaxt dəyişilməyib. Hamı bir-biri ilə qohum-qardaşdır.

Ötən illər də göstərdi ki, talışlar yurduna, vətəninə bağlı olan, zəhmətkeş, sadə, Azərbaycan türkləri ilə, yəni bizlərlə problemi olmayan xalqdır. Əvvəlki savaşlarda olduğu kimi, bu müharibədə də talışlar qəhrəmanlıq göstərir və ən çox şəhid verən bölgələrdən biri elə Talış zonasıdır. Belə olan halda ermənilərin "talış kartı"nın bir mənası qalmır. Ermənilər zaman-zaman Azərbaycandakı digər azsaylı xalqlar arasından "zəif bənd" tapmağa, bizə ziyan vurmağa çalışıblar. Amma bu düşmən siyasətinin heç bir nəticəsi olmayıb və bu xalqlar Azərbaycanda ayrı-seçkilik görmədən və ayrı-seçkilik salmadan yaşayırlar. Onların elmi-mədəni, siyasi yüksəlişinə heç bir maneə yoxdur. Talışlar Azərbaycanın dövlər maragını hər şeydən yüksək tutan, həyatımızın bütün sahələrində yorulmadan, halallıqla və torpağa bağlılıqla çalışan, müstəqilliyimiz, bütövlüyümüz, inkişafımız, gələcəyimiz uğrunda əzmlə, igidliklə vuruşan etibarlı, dəyanətli insanlardır. Ona görə araya nifaq salmaq cəhdlərinin heç bir mənası yoxdur...

Biz hamımız bir yerdə azərbaycanlıyıq. Yaşasın Azərbaycan!

 Vilayət Quliyev, filologiya elmləri doktoru:

- 2000-ci ildə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Kerri Kavano işğal altındakı Dağlıq Qarabağdan qayıdarkən Prezident Heydər Əliyevə ermənilərin viran qoyduqları Ağdam məscidinin minarəsindən qopub düşmüş bir kaşı parçası gətirmişdi. Gözlənilməz hədiyyə mərhum dövlət başçısını xeyli duyğulandırdı. Gözlərində yaş parladı. Kaşı parçasını bir müddət ovcunda sıxıb dayandı. Sonra sakit, amma qətiyyətli səslə: "Qoy bütün dünya bilsin: biz işğal altındakı torpaqlarımızı son qarışına qədər azad edəcəyik!" - dedi.

Xəyalların gerçəyə çevrildiyi günlərdə yaşayırıq!

Fərid Pərdəşünas, texnobloqer:

- Və budur, məsələnin sonuna qədər getdik! Feysbuk səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olundu. İlk olaraq Feysbuka müraciətim əsasında problemin here servisində olduğu qeyd edilmişdi. Lakin mən kodlara baxanda xəritə servisinin Mapbox-dan gəldiyi ortaya çıxdı. Mapbox-un hüquq şöbəsi isə bizə sadəcə bu funksiyanı Feysbuka verdiyini bildirmişdi və Feysbukun bu ərazini mübahisəli ərazi olaraq özlərinin qeyd etdiyini bildirdi. Məsələ ilə bağlı dərhal Feysbuka yenidən müraciət etdim. Feysbuk mənə geri dönüş etdi və budur, məsələ artıq həllini tapdı. Çox təəssüf ki, bəzi insanlar bunu münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi. Lakin Beynəlxalq hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. Google, Yandex və Bing kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması Feysbukun Azərbaycanın ərazi bütövlüyü şübhə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. Feysbuk birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu. Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm, amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq.

Elçin Mirzəbəyli, jurnalist:

- Son bir ay ərzində sosial şəbəkə və digər informasiya-kommunikasiya vasitələrinin istifadəçilərinə saysız-hesabsız müraciətlər edilib, hansısa vasitələrlə əldə etdiyiniz "məlumatları, video və fotoları paylaşmayın, yalnız rəsmi mənbələrə istinad edin" deyilib. Amma heç bir nəticəsi yoxdur. Yenə də düşmənin dezinformasiya və təxribat xarakterli məlumatlarına istinad olunur, foto və videoları "kim daha tez paylaşdı" yarışına rəvac verilir, dövlət sirri qədər önəmli olan məsələlərin ətrafında müzakirələr aparılır. Bəzi adamlar ağızlarına, dillərinə, əllərinə sahiblik edə bilmirlər, "ağzını yum" deyirsən, dilləri oynayır, "dilini qatla" deyirsən, əlləri...

Bəzən Votsap  üzərindən göndərilən səsli ismarışlar mənə də gəlib çatır. Özlərinə heç cür sahiblik edə bilməyən ağzıyırtıq kişi və qadınların iddialarını əsaslandırmaq üçün istinad etdikləri "mənbə"lərin "etibarlılığı" kəllə-çarxa vurur: "Özüm ölüm, elə indicə xalam nəvəsinin yeznəsinin kirvəsinin bibisi oğlu mənə zəng elədi, dedi ki, "Ləhlülülü" təpəsinin başında kabab çəkirik..." Sənin "mənbə"ni... yesinlər. Və hətta bu qəbildən olan cəfəngiyyatlar silsiləsinə inananlar da tapılır. Sonra də bu "etibarlı" mənbədən sızdırılan anti-intellektual ifrazata azacıq siyasi rəng qatıb çıxarırlar müzakirəyə... Bəh... Bütün həngamə də bundan sonra başlayır. Virtual hərşeyşünaslıq ekspertləri, geosiyasətin atasını yandırmaq üzrə fəlsəfə doktorları," Bzejinskinin Əlindən Şahmat Taxtasını Alıb Başına Çırpanlar" Mərkəzinin mütəxəssisləri, nəhəng siyasi hüceyrəşünas alimlər "dahiyanə" fikirlərini düzürlər sosial şəbəkələrin divarına... Vəssalam. Günün enerjisi çıxdı.

... Ey əlinə və dilinə sahiblik edə bilməyən zümrənin təmsilçiləri, kəsin səsinizi, yumun ağzınızı, əllərinizi də farağat qoyun... Bu qədər adi, bəsit, xüsusi iradə tələb etməyən məsələlərdə özünüzü idarə edə bilmirsinizsə, kritik vəziyyətlərdə nə edəcəksiniz? Sizə virtual məkanda sıradanbir hesab, səhifə etibar etmək mümkün deyilsə, Vətən torpağını necə etibar etmək olar?

Aslan İsmayılov, hüquqşünas:

- Qondarma rejimin saxta prezidenti öz Feysbuk səhifəsində bunları yazıb: "Prezident Administrasiyası müvəqqəti olaraq Yerevan şəhərinə köçürülüb".

Əfsaləddin Ağalarov, azxeber.com saytının direktoru:

- Doğulduğum kənd işğaldan azad edildi. Bu möcüzəni bizə yaşadan Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusudur. Nə yalan deyim, yuxu kimi gəlir adama. Mənim anlayışımda Şəfibəyli 1 yaşımda çəkilən fotodan ibarətdir. Qismət olsun, gedib evimizi yenidən quracağıq. Bu şəklin çəkildiyi yeri də tapacam, yenidən orada şəkil çəkdirəcəm, elə burada da paylaşacam. Allah ordumuzu qorusun. İnşallah yaxın günlərdə bayrağımız Şuşaya ayrı bir gözəllik qatacaq.

Şəmil Sadiq, "Hədəf" liseyinin direktoru:

-Zabit danışır: Bir nəfər gəlmişdi, xahiş etdi apardım kəndlərinə. Zəngilanda Həkəri çayına çatanda diz üstə çökdü, elə ağladı ki, göz yaşları çaya daş kimi düşdü... Sonra əyilib sudan öpdü, sonra da soyunub çaya girdi, uşaq kimi oynadı, çıxdı, bir də girdi, çıxdı, bir də girdi... düz üç dəfə... Həsrətin dağ boydasıdır!..

 





06.11.2020    çap et  çap et