525.Az

Özlərinə pislik edən yaxşı adamlar - Aytac Sahədin yazısı


 

Özlərinə pislik edən yaxşı adamlar - <b style="color:red">Aytac Sahədin yazısı </b>

Yaxşı insanları çıraqla gəzdiyimiz indiki dövrdə əlindən gəldiyi qədər ətrafındakılara yaxşılıq edən, yaxşılıq etməyi həyatının missiyası sayan insanlar az da olsa, rastımıza çıxırlar.

Belə adamları xatırlamaq üçün ya qaldığımız binada hər kəsin zibilini atan dayını, ya da uşaqlıq xatirələrini eşələyəndə orada taxt qurmuş konfet paylayan əmini gözümüzün önünə gətiririk. Bu adamlar o adamlardır ki, adlarından öncə etdikləri yaxşılıqları xatırlanar, daima xoş xatirələri ilə anılarlar. Ancaq bu yaxşı adamların başqa yaxşı adamlardan bir fərqi var ki, onlar başqalarına yaxşılıq etməklə özlərinə ən böyük pisliyi etmiş olurlar. Çünki onlar sevgiyə rüşvət verirlər. Özlərinə verə bilmədikləri sevgini başqalarına verirlər ki, özlərini daha çox sevə bilsinlər.

Nə vaxtsa belə bir fikir oxumuşdum: "İnsanın həddindən artıq fədakarlıq etməsi öz haqqına girməsidir".  İnsan özündə başlayıb özündə bitir. Ömür bu başlanğıcla son arasındakı yoldan başqa bir şey deyil. Özünü tapa bilməyən adamlar özlərini sevə də bilmirlər. Tanımadığı birini necə sevsin axı? Bir tərəfdən də insanın ən ali ehtiyaclarından olan sevgi "mən olmasam, olmaz" deyir. Beləcə, özündən sevgi görməyən insanlar başqalarından gördükləri sevgidə təsəlli tapıb, ordan özlərinə pay götürürlər. Gəl gör ki, başqaları bu sevgini sənə müftə verirmi?  Çox vaxt yox. Sən sevgi görmək üçün qarşılığında mütləq nələrisə verməli olursan. Sən yaxşılıq etdikcə, sənin qədrini bilən insanlar səni sevməyə başlayırlar. Bəlkə də, heç sevmirlər, sadəcə özlərini sevirmiş kimi göstərirlər. Çünki bilirlər ki, sən sevgiyə acsan. Belə insanların əlinə düşmək sevgiyə ac insanlar üçün əsl faciədir. Daha betəri isə bu aclıqdan doğan yaxşı adam olmaq çabasını özünə "mən yaxşı adamam" adı ilə sırımaqdır. Mənə görə, hər yaxşılıq edən yaxşı adam deyil. Niyyət də nəticə qədər önəmlidir. Demirəm ki, belə adamların niyyəti pisdir. Əsla. Onlar sadəcə özlərindən xəbərsiz özlərinə pislik edənlərdir.

Sevgiyə rüşvət verən insanların bir ağrısı da bu rüşvətin qarşılığını ala bilməyəndə başlayır. Əgər birinci hissədə onlar özlərini aldadaraq başlarını qatırdılarsa, artıq bu mərhələdə acı həqiqətlə üzləşməli olurlar. Bunu qəbul edənlər nicat tapırlarsa, qəbul etməyənlər daha betərini edib özlərinə yeni yalanlar uydurmağa başlayırlar. Bu yalan siyahısında ilk onluqda mütləq başqalarının onların qədrini bilməməsi və nankorluq etməsi olur. Fikir verəndə görürsən ki, bu tip insanlar küsməyə daha çox meyllidirlər. Çünki onlar "yaxşılıq et at dəryaya, balıq bilməsə də, xalıq biləcək" məsəlindən çox uzaqdır. Sevgiyə rüşvət verənlərin dəryada balıqları çox olur, amma yaddaşları balıq yaddaşı olmur. Çünki onlar balıqları dəryaya ağızlarında qızıl üzüklə qayıtsınlar deyə atırlar. Balıqlar da ya yem üçün yenidən qayıdır, ya da heç qayıtmırlar. Unudurlar sahildə qoyub getdiklərini.

Ətrafdakılara faydalı olmaq, yaxşılıq etmək gözəl şeydir. Təmənnasız edilən bir yaxşılıqdan daha gözəl nə ola bilər ki. Ancaq gərək elədiyin yaxşılıq təmənnasız olsun. Bəlkə də, sevgiyə rüşvət verənlərin umduqları təmənnadan heç özlərinin də xəbəri yoxdur. Nəticə etibarilə onlar pis iş görmürlər. Amma etmiş olduqları savablar başqalarının boynuna günah olaraq qoyulmamalıdır. İnsan hər şeydən öncə özünə qarşı dürüst olmağı bacarmalı, nəyi niyə etdiyini bilməlidir. Başqaları səni sevsin deyə özündən "hədiyyə" verməkdənsə, özünə hədiyyə vermək daha yaxşıdır. Söhbət eqoistlikdən getmir, söhbət özünü sevməkdən gedir.

Eqoizm TƏKCƏ MƏN deyirsə, ÖZÜNÜ SEVMƏK ÖNCƏ MƏN, MƏNDƏN SONRA BAŞQALARI deyir. Özünü sevməyi bacaran insanın başqalarına da verəcək sevgisi qalır. Mütləq qalır. Özünü sevə bilməyən insanların isə sevgisi təhlükəlidir. Özünüzü tapın və sevin. Bundan sonra başqalarını da sevməyi öyrənəcəksiniz. Sevgiyə rüşvət vermədən...

 





10.11.2020    çap et  çap et