525.Az

"Hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb"


 

"Hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb"<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı ilə əlaqədar Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Azərbaycan xalqına, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

525.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Əziz xalqımız, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız!

27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi kapitulyasiyası ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 45 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır  məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.

Sizin məhz Şəhidlər xiyabanında Qarabağın baş tacı, rəmzi olan Şuşanın yağı düşmən tarpdağından xilas edilməsi barədə verdiyiniz müjdənin ardınca etdiyiniz bu müraciət xalqımızda, hər bir vətəndaşımızda sonsuz sevinc, misilsiz qürur hissləri yaratmışdır. Bu xoş xəbəri elan etdiyiniz dəqiqələrdən yüz minlərlə insan şadlığını ifadə etmək üçün küçələr axışır, atəşfəşanlıq edir. Bu xoşbəxtliyi xalqımıza Siz, komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri bəxş edib.

Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətiniz, güclü təzyiqlərə sinə gərib dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Sizədir. Xalqımızın milli mənlik, qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb.  İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı, hərb meydanında  savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz sevgi və ehtiramla təşəkkürümüzü bildiririk.

Şəhidlərimiz, əbədi məkanınız behiştdir, hər birimizin qəlbində yeriniz var!

Qazilərimiz, sizinlə qürur duyuruq, var olun, eşq olsun şanlı Azərbaycan Ordusuna!

Gözün aydın Azərbaycan!

Yaşa, yaşa Müzəffər Ali Baş Komandan, Allah Sizi, ailənizi qorusun!

Müraciət Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurasının birgə toplantısında qəbul edilib. 

Sədr: Hacı Nərimanoğlu, 10 noyabr 2020-ci il"

 





10.11.2020    çap et  çap et