525.Az

Əsəbi insanlar nə ilə qidalanmalıdır?


 

BUNLARI YEMƏK OLMAZ!

Əsəbi insanlar nə ilə qidalanmalıdır?<b style="color:red"></b>

İnsanın düzgün, yaxşı və keyfiyyətli qidalanması bütün orqanlar, eləcə də  sinir sistemi üçün də olduqca vacibdir. Elə qidalar var ki, onu yedikdə insan sakitləşir, eləsi də var, əksinə, daha da gərginlik verir.

525.az xəbər verir ki, xüsusilə, sinir sistemi xəstəlikləri olanlar, nevrozlar, panik atak keçirən insanlar üçün xüsusi qidalanma başlıca şərtlərdəndir. Əgər qidalanmanızda  bu qaydalara əməl etsəniz, sinir sisteminiz sakitləşər.

Əsasən gərgin zehni əmək sərf edənlər, ofisdə çalışan şəxslər, ucuz, əlçatan, rahatdır deyə hər nə varsa, onu yemək əvəzinə qidalanmasını sağlam prinsiplər üzərində qurmalıdırlar.  Çünki bu insanlar stresini çox zaman özündə gizli saxlayır, emosiyalarını bəlli etmir, etiraz etmir.  Beləliklə, həm işdə, həm evdə gərgin olur, yediyi qidalar isə onu həm kökəldir, həm də orqanizmini sıradan çıxarır. Bu adamlar işə avokado, ərik, alma, qoz, toyuq filesi, göyərti salatı və s. apara bilərlər.

Əsəbi insanların qidasında B qrup vitaminlərlə zəngin yeməklər olmalıdır. Bunlara qarabaşaq, yarma, yulaf, vələmir, paxlalılar, yumurta, balıq, dəniz məhsulları aiddir. Yaxşı olar ki, gün içində 1-2 dəfə B vitamini tərkibli qidalar yesinlər, çünki onlar stresə dayanıqlığı artırır.

Həddən artıq gərgin adamlar şirniyyat və konditer məhsulları əvəzinə qida rasionuna alma, kök, qoz, fındıq, quru meyvələr əlavə etməlidir.

Əsəbi insan ümumiyyətlə marketlərdə satılan qablaşdırılmış, paketlənmiş şirniyyat, vafli, müxtəlif hazır qidalar, sendviçlər, xəmir məmulatları yeməməlidir.  Eləcə də kalsiumla zəngin ərzaqlar seçilməlidir: süd, süd məhsulları, portağal, sümük bulyonu, kələm növləri və s.

Qeyd edək ki, sinir sistemi qalxanvari vəzidən qaynaqlanır. Onun işləməsi üçün yod lazımdır. Yodu isə xurma, dəniz məhsulları, feyxoa və marketlərdə satılan dəniz kələmi kimi məhsullardan ala bilərsiniz. Yeməklərinizə dəniz duzu əlavə etmək də faydalıdır. Əsəbi zəif olanlar siqaret, tütün, pivə, energetik içkilərdən, qazlı şirəli içkilərdən uzaq durmalıdır. Onlar adi mineral su, meyvə suları, nanə, çobanyastığı çayı, keyfiyyətli qəhvə içə bilərlər.

Nevroz insanlar yuxunun da düşünməli, yaxşı yatmalıdırlar. Onlar yatmazdan 3 saat əvvəldən qida qəbulunu dayandırmalı, şokolad, şirniyyat, çay içməməlidir.

Rafinə olunmuş yağ və şəkərdən uzaq durmaq, bal, doşab, yeməklərdə təbii  yağlar istifadə olunmalıdır.

Stresli insanlar günəş şüası altında, açıq havada çox olmalıdırlar.

 





11.11.2020    çap et  çap et