525.Az

9 noyabr: Dünya Azərbaycan bayrağına bürünmüşdü...


 

9 noyabr: Dünya Azərbaycan bayrağına bürünmüşdü...<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Sabir Rüstəmxanlı, Xalq şairi:

- Bayraq günümüzə ən dəyərli hədiyyə bayrağımızın Şuşada dalğalanması oldu. Şuşa - mədəniyyətimizin, ruhumuzun baş kəndi uzun ayrılıqdan sonra sahibinə qayıtdı! Şuşanın ağır texnika olmadan fəthi müharibələr tarixinə yazılacaq qeyri-adi bir qəhrəmanlıqdır. Azərbaycan Ordusu və Ali Baş Komandan Ermənistana ermənilərin bütün vəhşiliklərinin cavabı olan bir dərs verdi! Dünən dünya Azərbaycan bayrağına bürünmüşdü. Dünyanın bütün qitələrində azərbaycanlılar ayaq üstəydilər və ömürlərinin ən böyük sevincini yaşayırdılar! Xalqımızın gözü aydın! Bayramımız mübatək! 

Esmira Qasımova, jurnalist:

- Bir qohumumuzun oğlu könüllü cəbhəyə yazılıb. Bunu hələ çağırmayıblarmış. Dostunu yola salmaq üçün hərbi komissarlığa gedib. Bəlli olub ki, yola düşənlər arasında bir nəfər hələ gəlib çıxmayıb. Tez özünü atıb avtobusa, deyib bəs neçə gündür yalvarıram, çağırmırlar məni. Yer boş qalmasın,  özüm gedirəm. Yola düşüb valideynlərinin xəbəri olmadan. Yolda zəng edib xəbər verib. Və evdə hazır qoyduğu çantasını da arxadan taksi ilə gətirdib. Sağ-salamat qayıtsın. Cəmi oğullarımız ailələrinə, əzizlərinə sağ-salamat qovuşsun, ya Rəbbim! Belə oğulları olan ölkəyə muzdlularla bağlı atılan çamur heç zaman yapışmaz!

Sərraf Balaxan, Azərbaycan Dillər Universitetinin əməkdaşı:

- Biləsuvarda evinə gələn yaralı əsgəri ziyarət üçün gedənlərdən biri deyib: "İnşallah, atəşkəs olsun, Allah o biri balalarımızı qorusun!"

Şahidlər and içir ki, yaralı əsgər qalxıb "Nə atəşkəs, nə atəşkəs!" deyə-deyə o sözü deyənin üstünə atılıb.

Xalqın, əsgərin qeyrəti qurtaracaq Qarabağı!

Mehriban Vəzir, yazıçı-publisist:

- Xocalı kəndi (ərazi) Qarabağın şöhrətli vəzirlərindən biri, alim, tarixçi Mirzə Camal Cavanşirin xüsusi mülkiyyəti idi. Mirzə Camal İbrahim xanın vəziri idi, özü də, oğlu Rzaqulu bəy Vəzirov da Qarabağnamə müəllifidir.

Mirzə Camal həkim idi və yoxsulları pulsuz müalicə etdiyinə görə Qalada və küllü Qarabağda böyük hörmət qazanmışdı. Vəzirin varisləri indi iki soyadla tanınırlar: Vəzirovlar və Mirzə Camalovlar...

Allah yaralarımıza məlhəm olan Ordumuzu müzəffər etsin!!!

Ramil Əhməd, yazar:

- Bakıda Şuşa Məktəbində təhsil almışam və 2011-ci ildə bütün Şuşa məktəbləri üzrə ən çox bal yığaraq BDU-ya qəbul olmuşam. İndi isə filologiya elmləri doktoru olaraq Şuşa Universitetinə qayıdıram! Əziz Şuşa, biz sənə qayıtdıq! Səndə yaşayacağıq, səndə öləcəyik!

Anar Yusifoğlu, jurnalist:

- Lalə Şövkət: "Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Siz məğlub Xalqı qalib Millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz. Bir siyasətçi kimi bilirəm, hansı çətinliklərdən keçmisiniz və böyük maneələri dəf etmisiniz. Bu çətin iş həmişə pərdə arxasında qalır, amma onun nəticələri göz qabağındadır. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız və bununla birmənalı özünüz tariximizdə qəhrəman kimi həkk olunduz".

Natiq Məmmədli, jurnalist:

- Noyabr ayında Böyük Kirs dağını aşıb Şuşanı fəth edən, adını dünyanın hərb tarixinə qızıl hərflərlə yazan Azərbaycan Əsgəri, bayramın mübarək!

İndi qeyrət Qalamızda sənin taxdığın bayraq dalğalanır!

Vətən o bayrağın kölgəsinin düşdüyü yer, sənin addımladığın torpaqdır!

Bayramın mübarək, Ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandanım! Tamam başqa Azərbaycanın qurucu Lideri!

Bayramın mübarək, ürəyi fərəhindən köksünə sığmayan Xalqım! Gözündən axan sevinc yaşı heç vaxt qurumasın!

Bayramın mübarək, Cümhuriyyət quran babalarım! Necə demişdiniz, elə də oldu, Azərbaycan gənci sənin əmanətinə sahib çıxdı! Bir kərə yüksələn bayraq bir daha enmədi!

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Mənim kimi siyasi elmlər oxuyub Fransada təhsilini davam etdirən azərbaycanlıları təəccübləndirən şeylərdən biri də Fransadakı (xaricdəki) Daşnaksütyun partiyasının gözlə görünən və aqressiv şəkildə özünü göstərən gücüdür, aktiv fəaliyyətidir. Düzdür, biz Azərbaycanda orta məktəb dərsliklərindən başlayaraq Daşnak partiyası, daşnakların törətdikləri hərbi və insanlıq əleyhinə cinayətlər haqqında məlumatları öyrənirik, bununla bir növ mental olaraq yüklənirik. Bununla belə, daşnaklar və Daşnak ideologiyası bizdə bu gün kimi yox, keçmişdə olub-bitmiş faciəvi tarix kimi qavranılır. Üstəlik, bilirik ki, Ermənistanda da Daşnak partiyasının gücü demək olar ki, sıfırdır, parlament seçkilərində 5  faiz belə yığa bilmirlər. Fransada (eləcə də Livan və Kaliforniyada) isə görürsən ki, erməni diasporasının üzvləri arasında Daşnak partiyasının on minlərlə üzvü, maliyyə alətləri olan fondları, gənclər təşkilatları və hətta aktiv siyasi təşkilatları var (Livanda parlamentdə təmsil olunduqları məlumdur). Fransada, Lionda bir də görürdüm müəllimdir və ya həkim, savadlı gənc kadrdır, gözəl musiqiçidir, lakin digər tərəfdən sonra öyrənirsən ki, həmin şəxs Daşnak partiyasının üzvüdür: Böyük Ermənistan fikrini dəstəkləyir, Dağlıq Qarabağ məsələsində Azərbaycana bir santimetr belə torpağı geri qaytarmamaq mövqeyini təbliğ edir. Lion universitetində magistratura işimi Dağlıq Qarabağ mövzusunda yazarkən bu tipli faktları görəndə gözüm kəlləmə çıxırdı. Bu, necə ola bilər axı?

Hardan gəldi bu xatirələr? Alfortville şəhərinin (Parisin yaxınlığı) merinin üçüncü köməkçisi Garo Xaçikyanın 5 dəqiqəlik müsahibəsini dinləyəndə. Garo həm də Alfortville şəhərində (Laçın ilə qardaşlaşmış şəhərdir bu arada) Daşnaksütyun partiyasının şəhər üzrə rəhbəridir. Garo fransız bir şəhər meriyasında oturub müsahibə verir, arxasındakı xəritəyə baxın, Dağlıq Qarabağ və ətraf rayonların hamısını bir yerdə göstərir: Axı Daşnak partiyası üçün Dağlıq Qarabağ və ətraf 7 rayon anlayışı yoxdur, hamısı Ermənistanındır. 

Bunu onu görə paylaşıram ki, Azərbaycan-Fransa dostluq münasibətlərinə, qarşılıqlı əlaqələrinə bir parazit kimi zərər vuran Fransadakı Daşnak partiyasının üzvlərinin hərəkətləri, onların Altıbucaqlı ölkədə oynadıqları rol yaxşı başa düşülməlidir. Fransız mətbuatının, Fransa universitetlərindəki tədqiqatçıların Dağlıq Qarabağ məsələsində açıq-aşkar antiazərbaycan mövqeyinə "odun atan" qruplar arasında bu daşnak partiyasının fəalları xüsusilə fərqlənir. Ona görə də Azərbaycanda antifransız, Fransa əleyhinə əhval-ruhiyyə yaradılmasına asanlıqla yol vermək lazım deyil.

 





11.11.2020    çap et  çap et