525.Az

Co Baydenin prezidentliyi nə vəd edir? - Xaqani Cəfərli yazır


 

Co Baydenin prezidentliyi nə vəd edir? - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Ən qalmaqallı prezident seçkilərindən biri kimi ABŞ tarixinə düşəcək 3 noyabr seçkisinin rəsmi nəticələri hələ açıqlanmayıb.

ABŞ-ın seçki ənənəsinin ziddinə olaraq məğlub olduğu aydın görünən namizəd, hazırkı prezident Donald Tramp rəqibinin qalibiyyətini etiraf etmir.

Məlumatlara görə, müşavirləri də prezidenti məğlub olduğunu etiraf etməyə razı sala bilməyiblər. Eyni zamanda, dövlət başçısının bundan sonra hansı addımlar atacağı ilə bağlı da dəqiq təsəvvürlər mövcud deyil. Donald Tramp məğlubiyyətini etiraf etməsə də, ABŞ-ın nəhəng media strukturlarının hamısı - ABC News, Fox News, CNN, AP, NBC sabiq vitse-prezident Cozef Robinett Baydenin qalib gəlməsi haqqında məlumat yayıblar. Co Baydenin qalib gəlməsi haqqında məlumatı yayan media orqanlarının arasında Donald Trampın təbliğatçısı olan Fox News-un da yer alması seçkinin nəticəsi ilə bağlı şübhələrə yer qalmadığını göstərir.

ABŞ-ın aparıcı media orqanlarının seçkinin qalibi kimi eyni şəxsi elan etmələrindən sonra isə Co Bayden dövlət və hökumət başçılarından, siyasi liderlərdən təbrik məktubları almağa başlayıb. Co Baydeni ilk olaraq Kanadanın Baş naziri Castin Trudi təbrik edib. Onun ardınca isə Fransa prezidenti Emmanuel Makron, Belçikanın Baş naziri Aleksandr De Kroo, Böyük Britaniya hökumətinin başçısı Boris Conson, Almaniyanın kansleri Angela Merkel, Avropa Parlamentinin sədri Martin Şults, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Londonun meri Sadiq Xan və digər avropalı liderlər Co Baydeni təbrik ediblər. Avropa ölkləri arasında yalnız Sloveniyanın Baş naziri Yanez Yanşa tələsiklik edib Donald Trampı təbrik etmişdi. Yanez Yanşanın bu addımı Donald Trampın həyat yoldaşı Melaniya Trampın əslən sloveniyalı olması ilə izah edilir. Co Baydeni təbrik etməyə tələsən avropalı liderləri də anlamaq mümkündür. Çünki hazırkı prezident Donald Trampın avropalı liderlərlə aşağılayacı davranışı haqqında çoxsaylı məlumatlar var. Fransanın ABŞ-dakı sabiq səfiri Jerar Aponun sözlərinə görə, Trampın avropalı liderlərlə danışıq tərzi alaçaldıcı idi: "Ağ ev sahibi Almaniyanın kansleri Angela Merkeli, 2016-2019-cu illərdə Böyük Britaniyanın Baş naziri olmuş Tereza Meyi açıq şəkildə təhqir etməkdən çəkinmirdi". Avropalılar kimi, Çin də Co Baydenin qalib gəlməsindən məmnun qalıb. Sabiq vitse-prezidentin qalib gəlməsinə sevinənlər arasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya, Moldovanın sabiq Baş naziri Vlad Filat da var. Türkiyə siyasətçiləri arasında Co Baydeni ilk təbrik edən Cümhuriyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu olub. Müxalifət liderinin prezident Rəcəb Tayyib Ərdoğandan öncə Co Baydeni təbrik etməsi Ankarada siyasi dedi-qodulara səbəb olub.

Co Baydenin qalib gəlməsinə sevinənlərin isə hər birinin özünə görə səbəbləri var. Çinlilər Trampın Ağ evi tərk etməsinin iki ölkədə ticarət müharibəsinin başa çatmasına səbəb olacağına ümid edirlər. Avropalı liderlər də Co Baydenin qalib gəlməsi ilə Trampın prezidentliyi dövründə korlanmış siyasi və iqtisadi münasibətlərin əvvəlki səviyyəsinə qayıdacağına ümid bəsləyirlər. Avropalı liderlər Co Baydenin prezidentliyi dövründə Trampın zamanında ABŞ-ın tərk etdiyi Paris İqlim Sazişinin, İranın nüvə sənayesi fəaliyyətini məhdudlaşdıran Birgə Hərtərəfli Hərəkət Planının (Joint Comprehensive Plan of Action) yenidən bərpa olunacağına ümid edirlər. Ən əsası isə Co Baydenin prezident seçilməsi ilə Transatlantik əməkdaşlığın əvvəlki səviyyəsinə qayıdılacağına, Vaşinqtonun NATO çərçivəsində öhdəliklərinə sadiqliyi ilə bağlı müttəfiqlərində əminlik yaradacağına inanırlar.



Co Baydenin hakimiyyətə gəlməsinə sevinənlərdən biri də İrandır. Ancaq sabiq vitse-prezidentin qalib gəlməsindən sonra Vaşinqtonun Türkiyə, Macarıstan və Rusiya ilə münasibətlərində gərginliyin artacağı gözlənilir. Xüsusilə də sabiq vitse-prezidentin ermənipərəst mövqeyi Türkiyə və Azərbaycanda narahatlıq doğurur. Ancaq təhlilçilər Co Baydenin də dövlət maraqlarından çıxış edərək Türkiyə və Azərbaycanla əməkdaşlıqda maraqlı olacağını qeyd edirlər. Bununla belə, zaman-zaman Vaşinqtonla Ankara arasında gərginliyin yarana biləcəyi də istisna olunmur.

ABŞ-dakı erməni lobbisi Co Baydenin prezident seçilməsindən istifadə edərək Azərbaycana təzyiqləri artırmağa çalışacaq. Artıq bununla bağlı müyyən əlamətlər görünməyə başlayıb. The National İnterest nəşri Co Baydeni vəzifəsinə Azərbaycana qarşı sanksiya tətbiq etməklə başlamağa çağırıb. ABŞ-dakı erməni lobbisinin isə gözləntiləri daha çoxdur. Co Baydenin bütün siyasi karyerası boyunca ermənipərəst mövqe tutması, Azərbaycana qarşı bir sıra məhdudiyyətlər nəzərdə tutan "Azadlığa dəstək" Aktına 907-ci düzəlişə səs verməsi hər kəsə məlumdur. Ancaq Co Bayden vitse-prezident olduğu 8 il ərzində 907-ci düzəliş dondurulmuşdu və Azərbaycan ABŞ-dan birbaşa yardımlar alırdı. Buna görə ehtimal etmək olar ki, prezident Bayden "senator Bayden"dən fərqli siyasət aparacaq. Ancaq bu, baş verməsə belə, Co Baydenin ermənipərəstliyindən çox da narahat olmaq lazım deyil. Tarixə "müstəqil Ermənistanın qurucusu" kimi düşmək istəyən ABŞ-ın 28-ci prezidenti Vudro Vilson Zəngəzuru və Qarabağı Azərbaycandan 1919-cu ildə qoparmaq istəyən ermənilərə heç bir yardım edə bilmədi. Halbuki o zaman Azərbaycan dövləti yeni yaranmışdı və çox kiçik imkanlara sahib idi. Co Baydenin yaşı və səhhəti onun fəal prezident olmasına imkan verməyəcək. Çox güman ki, əsas söz sahibi vitse-prezident  Kamala Harris olacaq. İstisna deyil ki, bu xanım 4 il sonra ABŞ-ın prezidenti də ola bilər. Ona görə də Azərbaycan bu xanım siyasətçi ilə yaxşı münasibətlər qurmağa çalışmalıdır.

Co Baydenin hakimiyyəti zamanı Vaşinqtonla Moskva arasında gərginliyin arta biləcəyi ilə bağlı ehtimalları əksər təhlilçilər səsləndirirlər. Sabiq vitse-prezident bir neçə dəfə Rusiyanı bir çox əməllərinə görə cavab verməyə məcbur edəcəyini bəyan edib. Seçki kampaniyası zamanı Co Bayden Trampdan fərqli olaraq Çini rəqib, Rusiyanı isə təhlükə mənbəyi kimi xarakterizə edirdi. Co Baydenin mənsub olduğu Demokratlar Partiyasında belə qənaət mövuddur ki, partiyanın 2016-cı il seçkilərində namizədi olmuş Hillari Klintonun məğlub olmasında, Trampın qalib gəlməsində Rusiya xüsusi rol oynayıb. Buna görə demokratlar Rusiyanı sərt cəzalandırmağa çalışırlar. Co Baydenin prezident seçilməsindən sonra demokratların imkanları daha da artacaq.

Ağ ev sabinin dəyişməsi ilə Vaşinqtonun xarici və daxili siyasətində dəyişiklik baş verəcəyinə heç bir şübhə ola bilməz. Vaşinqtonun siyasətində baş verəcək dəyişiklik isə heç şübhəsiz ki, bütün dünyada siyasi və  iqtisadi proseslərə ciddi təsir edəcək.

 





11.11.2020    çap et  çap et