525.Az

İlk müsəlman Respublikası: Azərbaycan


 

İlk müsəlman Respublikası: <b style="color:red">Azərbaycan</b>

(Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi)

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinin də doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli irihəcmli məqaləsi dərc olunmuşdu.

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilə bilər.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

TƏRCÜMƏÇİDƏN

***

(Əvvəli 6 noyabr sayımızda) 

Ceyhun bəy HACIBƏYLİ

Bakıda mart qırğınlarının üstünü ört-basdır etmək və Azərbaycan ərazisindəki törətdikləri iyrənc cinayətlərini gizlətmək məqsədilə Daşnaksütyun partiyasının erməni mətbuatı Azərbaycan hərbi qüvvələri tərəfindən Bakının alınması ətrafında çox saylı hay-küy salmağa başladılar. Onlar hətta qaliblərin "minlərlə erməni vətəndaşını qətlə yetirdiklərini" mənasız yerə iddia edirdilər və sair.

Müharibədə labüd təşəbbüslər barədə söhbət gedərsə, onda əsl həqiqətdə daşnaklar öz inadkarlıqları sayəsində silahı yerə qoymaq barədə ağıllı məsləhəti rədd edərək döyüşü şəhərin mərkəzinə gətirib çıxara bildilər. Qeyd etmək lazımdır ki, Şərqdə ümumi hal kimi, heyif almağa bir neçə təşəbbüs oldu. Onların müəllifləri 17 mart qurbanlarının valideynləri idi, amma Azərbaycanın hökumət üzvləri tərəfindən vaxtında götürülən ölçülər sayəsində belə halların qarşısı tezliklə alındı.

Müharibə qanunlarını pozmağa cəhd edənlər yerindəcə edam olundular. Bu ölçülər hədsiz dərəcədə sərtlik (oğurluqda şübhəli bilinən 50 nəfərə yaxın adam güllələnmişdi) ifadəsi idi, həm də bu ehtirasları sakitləşdirmək üçün atılan zəruri addım idi.

***

Almanların da bu məsələyə münasibətini qeyd etmək lazımdır. Onlar bolşevikləri açıq şəkildə dəstəkləyirdilər, təyyarə vasitəsilə Tiflis və Bakı arasında əlaqələr saxlayırdılar, danışıqlar aparırdılar. Bolşevik liderlərindən başqa bir kimsənin bu barədə xəbəri yox idi. Amma Azərbaycanın nəzərində almanların münasibəti heç də xeyirxah deyildi. Bu vəziyyəti hiss edən Almaniyanın hökumət nümayəndələri Azərbaycanın siyasət adamlarına qarşı açıqcasına ədavətli münasibət bəsləməyə başladılar. Onların Bakını ələ keçirmək uğrunda gedən döyüşlərdə iştirak etmək barədə təklifləri Azərbaycan Milli Şurası tərəfindən qətiyyətlə rədd edildi. Rədd cavabı alan almanlar bolşeviklərlə mübarizədə azərbaycanlılara çətinliklər yaratmaq üçün yollar axtarırdılar, məsələn, zəruri hərbi ləvazimat əldə etməkdə və digər məsələlərdə onlara çoxlu maneələr törədirdilər.

Amma alman hökuməti ilə bolşeviklər arasında sentyabrın 9-da (Bakı Azərbaycan hərbi qüvvələri tərəfindən mühasirəyə alınan vaxt) bağlanmış əlavə müqavilədə Almaniyanın Bakını Sovet Rusiyasına aid olması barədə razılığına dair bir maddə var idi. Bu şərtlə ki, "istehsal olunan neftin 15 faizinin Almaniyanın istifadəsinə verilməsi" həmin maddə ilə öz təsdiqini tapmışdır.

Bakı alındıqdan sonra "diplomatik missiya" adı altında çox saylı hərbçilərlə Azərbaycanın tərəfinə keçdilər. Lakin onların qatarı Azərbaycan sərhədində saxlanıldı və arzuolunmaz qonaqlar Almaniyaya qayıtmağa məcbur oldular.

Bütün bu hadisələr göstərir ki, Azərbaycan xalqının həqiqi hissləri, eyni zamanda, Azərbaycanın bir gün qüvvətlənəcəyi barədə suallara yenidən istinad ediləcəyini göstərdi.

***



Öz paytaxtının sahibi olan Azərbaycan Respublikasının hökuməti bütün partiyaların, məsələn, daşnakların məsuliyyətini kənara qoyaraq bütün gücünü şəhərdə və kənarda təhlükəsizliklə bağlı əmrlərin yerinə yetirilməsinə həsr etdi. Beləliklə, daşnak-bolşeviklərin qorxusu aradan qaldırıldı. Bolşeviklərin milliləşdirildiyi qayıqlar, zavodlar, neft quyuları, ictimai binalar və xüsusi evlər sahiblərinə qaytarıldı. Bir sözlə, əmrlər icra olunmağa, qanun-qayda yaradılmağa başladı. Milli Assambleya və ləğv edilmiş Zaqafqaziya Seyminin əsas 44 üzvi fəaliyyətə başladı.

Bununla da Azərbaycan bir daha ədalət və qərəzsizlik münasibətlərini nümayiş etdirdi. Legislativ seçkilərdə proposional sistem tətbiq etdi: 11 rus, 21 erməni, 1 gürcü, 1 polyak, 1 Qafqaz almanı və 1 yəhudi Parlamentə daxil oldular. Parlamentdəki 120 yerdən 84-nü müxtəlif siyasi partiyaları təmsil edən müsəlmanlar tutmuşdular.

14 nazirdən ibarət Nazirlər Kabinetində 6 nazir xristianlardan (3 rus və 3 erməni) ibarət idi. Bitkin ədalətə şahidlik edən, belə təşkilata baxmayaraq yeni qonşu dövlətlər Gürcüstan və Ermənistanın ərazilərində 800.000 müsəlman yaşasa da, onların  Nazirlər Kabinetində  bir nəfər də olsun müsəlman təmsil olunmurdu.

***

Ölkədə sakitlik təmin edildiyi və Azərbaycan müstəqil dövlət kimi fəaliyyətə başladığı vaxt - Milli Şuranın çağırışından bir qədər əvvəl 1918-ci il noyabr ayının əvvəlində hökumət Vaşinqtona aşağıdakı məzmunda teleqram göndərdi.

Birləşmiş Ştatların Prezidenti cənab V.Vilsona 

Ümumdünya qətliamı, məhv, yanğınlar və xalqların əzab-əziyyətləri qızğın çağında olarkən əlinizdə bir zeytun budağı və ağlını itirmiş insanlığa başa saldınız ki, qılıncdan imtina etmək və dövlətlər arasındakı mübahisələri həll etmək üçün dinc yola müraciət etmək vaxtıdır. Xoşbəxtlikdən hazırkı böyük zəng bütün əziyyət çəkənlər üçün cəhənnəm maşınlarının səslərini əhatə edir. Bəşəriyyətin məhv silahlarının kənd təsərrüfatı silahlarına daşınacağı və fabriklərin, zavodların qurulacağı mübarək saat çox da uzaq deyil. Bu unudulmaz tarixi anlar zamanı, bütün dünyanı qarşılıqlı bir qırğından xilas etmək və kiçik, zəif xalqları zülm və köləlik əlamətlərindən qoparmaq arzusu nüfuz edildikdə, siz müttəfiq ordunun sıralarında, oğullarının qanı Karpatlarda tökülən, bugünkü universal müharibənin və burada baş verən anarxiyanın bütün dəhşətlərini dağıdıb, müstəqil dövlət quran 4 milyonluq Azərbaycan Qafqaz Müsəlmanlarını, ümumdünya bəşəriyyətinin ən böyük hərəkətini elan etdiniz. Din və millətin ayrı-seçkiliyi olmadan bütün xalqların sadiqliyi və ictimai-siyasi fəaliyyətini əsas götürmüş bizim gənc Azərbaycan Respublikası, əslində, cari ilin 28 may tarixindən mövcuddur. Xalqın azad iradəsi ilə seçilmiş Azərbaycan Hökuməti siyasi və ictimai həyatın bütün sahələrində sivilizasiyanın zəruri problemlərini həyata keçirməklə, müharibə və anarxiya tərəfindən ictimai təhlükəsizliyi və məhv olmuş sənayeni bərpa etmək üçün ölkədə qanunların aliliyini təsis etməklə məşğul olur. Azərbaycanın gənc hökuməti özündə bütün sivilizasiyanın nümayəndələrini qəbul etməyə hazırdır; onlar özləri əmin ola bilərlər ki, biz özümüzü hər şeydə idarə edə biləcəyik. Azərbaycan Respublikası digər dövlətlərlə mövcud olma hüququnu sübuta yetirdi, ona ancaq əvəzsiz birliyin qurulması və bütün insanlığın idealına nail olmaq üçün yalnız öz müstəqilliyini və toxunulmazlıq hüququnun dünya xalqları tərəfindən qanuni olaraq tanınması lazımdır. Avropanın qüdrətli dövlətlərinə müraciət etməzdən əvvəl, Azərbaycan xalqı və hökuməti, kiçik məzlum xalqların himayəçisi kimi sizin insani şəxsiyyətinizə olan inamına əsasən Azərbaycan Respublikasının Zaqafqaziyanın müstəqil hökumət kimi tanınmasına, xalqımızın müstəqil varlığı üçün qanuni hüquqlarını həyata keçirməkdə qarşılaşdıqları bütün maneələrə qarşı yüksək köməyiniz ilə əlaqədar bir qərar verməyinizə ümidvar olduğunu bildirir.

***

Antanta və Türkiyə ilə arasında müvəqqəti barışıq elan edildikdən sonra İrandakı Antanta qüvvələrinin komandanı general Tomson hadisə ilə bağlı Azərbaycan hökumətini xəbərdar edərək bu müvəqqəti barışığın maddələri barədə hökumətinə məlumat verdiyini bildirdi. Barışığın şərtinə görə Türkiyə Qafqazı tərk etməlidir, o, bolşeviklərə qarşı əməliyyatlar keçirmək məqsədilə Bakıdan baza kimi istifadə etmək üçün onun müvəqqəti olaraq işğal olunmasının zəruriliyi ilə bağlı öz niyyətini açıqladı.

Rusiyada genişlənən bolşevik hərəkatına ölkəsində yol verməmək və güclü Antantanın sakitliyi bərpa etmək məqsədilə mühüm yardımını nəzərə alan Azərbaycan Respublikasının hökuməti sivil Avropa xalqları ilə səmimi əlaqələr yaratmaq, onlarla ümumi məqsədə xidmət etmək istəyi, onların etibarlığına inam bəslədiklərinə görə tərəddüdsüz Antanta qüvvələrinin paytaxta müvəqqəti daxil olmalarına razılıq verdi. Antanta qüvvələrinin rəhbəri bəyan etdi ki, Antantanın Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq arzusu yoxdur və sülh konfransı qarşısında ölkəni tərk edəcəklərini bildirdi.

(Ardı var)

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





12.11.2020    çap et  çap et