525.Az

“Zəlzələ Azərbaycanın bütün ərazisində hiss olunub”


 

“Zəlzələ Azərbaycanın bütün ərazisində hiss olunub”<b style="color:red"></b> “Bu gün baş vermiş zəlzələ təbii ki, güclü olub”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
 
Q. Yetirmişli bildirib ki, zəlzələnin episentri yerin 55 kilometr dərinliyində yerləşdiyinə görə, Azərbaycan üçün bu, çox böyük hesab olunur: “Adətən Azərbaycan ərazisində zəlzələlərin episentri 8, 10, 12, 20 km dərinlikdə olur. Bu gün baş vermiş zəlzələ isə Saatlıdan 41 km şimali-şərq istiqamətində, Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələnin gücü Rixter cədvəli ilə 5.7 bal olub. Zəlzələ Azərbaycanın bütün ərazisində hiss olunub, dərində baş verdiyi üçün dağıntıları əmələ gətirməyib. Zəlzələ hiss olunan ərazilərlə əlaqə yaratmışıq, heç bir dağıntı yoxdur. Əlbəttə ki, hansısa köhnə tikililərdə yüngül çatların əmələ gələcəyi istisna deyil”.
 
Q.Yetirmişli qeyd edib ki, 2012-ci ilin may ayında Zaqatalada baş vermiş zəlzələnin gücü ilə bu gün baş verən zəlzələ demək olar ki, eynidir: “Sadəcə fərq ondadır ki, bugünkü zəlzələ dərində baş verib. Əgər dərinlik az olsaydı, onun hiss olunma dairəsi az olardı, qısalardı, eyni zamanda dağıntısı çox olardı”.
 
Amerikalıların əvvəlcədən verdiyi seysmoloji proqnoza da aydınlıq gətirən Q. Yetirmişli bildirib ki, onlar əvvəldən şayiələr yayıblar: “Onlar heç vaxt zəlzələnin nə zaman baş verəcəyi və nəticədə nə qədər insanın öləcəyi barədə dəqiq məlumat verməyiblər. Bunların hamısı şayiələrdir. Amerikalılar Azərbaycanın Geologiya İnstitutu ilə 14 ildir tədqiqatlar aparırlar, gərginlik zonalarını müəyyən etmək, litosferdə gedən dinamik proseslərin nəticəsi olaraq plitələrin hərəkət istiqamətini müəyyən edirlər. Elmi araşdırma aparanların heç biri zəlzələnin olacağı və insan tələfatı ilə bağlı hansısa məlumat verməyib. Bunu sadəcə üzə çıxarıb, insanları yalandan təşvişə salırlar”.
 
Zəlzələnin səbəbinə gəlincə isə direktor yerdaxili geodinamik proseslərin getdiyini önə çəkib: “Tektonik qırılmalar boyu blokların hərəkəti, sıxılma, genişlənmə mövcuddur. Onun nəticəsi olaraq da yer üzərində dalğa şəklində silkələyir və zəlzələ baş verir. Zəlzələnin gedib-qayıtması fikri isə əsasən el arasında işlənir. Zəlzələ olanda, uzununa dalğanın sürəti böyükdür. Ondan sonra məsafə etibarı ilə eninə dalğadır və onun sürəti zəif olduğuna görə dağıdıcı dalğadır. Buna əsasən də el arasında bu cür ifadə səslənir. Əslində isə eninə dalğanın sürəti zəif olduğuna görə enerji boşalması gedir və çox silkələnmə müşahidə olunur”.
 
Bundan sonra zəlzələnin başvermə ehtimalına gəlincə isə Q. Yetirmişli bildirib ki, Azərbaycan seysmoaktiv bölgədə yerləşir və burada tez-tez zəif təkanlar baş verir.
 





10.02.2014    çap et  çap et