525.Az

"Ermənilərin daha miskin günləri hələ qabaqdadır" - Sosial şəbəkədə yazılanlar


 

"Ermənilərin daha miskin günləri hələ qabaqdadır" - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Elçin İlqaroğlu, ictimai fəal:

- Qarabağ məsələsinin həll edilməsi yolunda Ali Baş Komandan İlham Əliyevin son mövqeyini qorxaqlıq, cəsarətsizlik və Rusiya ordusunu "sülhməramlı qüvvə" adı altında Azərbaycana dəvət edən xəyanətkar obrazında təqdim edən siyasət dəllallarının nəzərinə aşağıdakıları çatdırmaq istərdim:

- Ermənistanın sabiq prezidenti Robert Köçəryanın "Həyat və azadlıq" adlı memuarını oxumusunuzmu? Oxumamısınızsa, mütləq tapıb oxuyun. O zaman İlham Əliyevin və özünüzün əsl kimliyini daha aydın görəcəksiniz;

- 03 aprel 2001-ci il tarixli Ki-Uest danışıqları ərəfəsində mərhum Heydər Əliyevi Beynəlxalq güc və işğalçı Ermənistanla Rusiya qarşısında tək qoyan, onu Pol Gobl planı əsasında təslimçi sülhə imza atmağa məcbur buraxan sizlər deyildinizmi? İlham Əliyevin həmin danışıqlar ərəfəsində tutduğu mövqedən də heç şübhəsiz, xəbəriniz var;

- İndiki razılaşmanın Pol Gobl planından nəyi pisdir? Nəyə görə o plana bəh-bəh deyən sizlər indiki sazişə ağız büzürsünüz?

- Ki-Uest danışıqları ərəfəsində Amerika səfirinin bircə telefon zənginə görə "farağat" vəziyyət alan, dövlətlə gizli razılıq əsasında təyin etdiyiniz mitinqi ləğv edən sizlər indi hansı haqla problemin həlli yolunda çox böyük nailiyyət əldə edən cənab İlham Əliyevi qınayırsınız?

- 20 il öncəki o satqın mövqeyinizə görə rəhbərlik etdiyiniz partiyalar belə dağılıb bütün gücünü itirdi, əvəzində sizlər tükənməz sərvət sahibi oldunuz. Bunu bilmədiyimizi sanırsınız?

- 20 il öncə Heydər Əliyevi məcburiyyət qarşısında təslimçi sülhə imza atmaqdan vaz keçirən və sona qədər onunla birlikdə olan tək güc İlham Əliyev olub. O, bu gün də həmin mövqeyini qətiyyən tərk etməyib, Qarabağın tam azad olması uğrunda əmin addımlarla irəliləyir və bu günün şərtləri daxilində mümkün olan maksimum nəticəni əldə edib. Sizlər də mövqeyinizi qətiyyən dəyişməmisiniz, 20 il öncə hansı mövqedə idinizsə, indi də o mövqedəsiniz - satqınçılıq mövqeyində!

Son olaraq onu da deyim ki, İlham Əliyev düşünülmüş siyasətilə bu günə qədər kiminsə əldə etmədiyi böyük bir nailiyyət əldə edib. Hətta Heydər Əliyev kimi dahi, nəhəng siyasətçi belə bir çox obyektiv səbəblərə görə bu nailiyyəti uzun illər ərzində əldə edə bilmədi. Bu gün o şans əlimizə düşdü və cənab Ali Baş Komandan mahir siyasətçi kimi bu şansdan istifadə etdi. Bunu görməmək siyasi korluqdur, görüb etiraf etməmək nankorluqdur. Nankorluq sizin xislətinizdədir!

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Siyasət mümkün olanı əldə etmək sənətidir.

Biz Ordumuzun hünəri, Prezidentimizin əzmkarlığı ilə indiki mərhələdə mümkün olanı əldə etmişik.

Azərbaycan nə istəyirdi?

Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir.

Azərbaycan torpaqları hesabına regionda ikinci erməni dövlətinin yaradılmasına yol verilə bilməz. Əlbəttə, əgər qarşımızda xəstə təfəkkürlü bir toplum və onun daha ağır mərəzə yoluxmuş başbilənləri olmasaydı, haqqımızı bu qədər şəhid qanları axıdılmadan da bərpa edə bilərdik. Lakin haqq verilmir, alınır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz hamımız həyatımızın sonuna qədər onların qarşısında borcluyuq.

Ruhdan düşmək olmaz. Biz harın, iddialı, bütün dünyanı özünə borclu bilən düşməni əzmişik, sındırmışıq. Onlar təkcə hərbi, siyasi, iqtisadi baxımdan deyil, mental baxımdan, mənəvi və psixoloji cəhətdən də yıpranıblar, əziliblər, naəlac və miskin vəziyyətə düşdüklərini dərk ediblər. Ermənilərin daha miskin, şərəfsiz günləri hələ qabaqdadır.

Belə vəziyyətdə biz daha böyük birlik, əzmkarlıq, işgüzarlıq, dövlətimizə inam və sədaqət nümayiş etdirməli, hər addımbaşı fədakarlığa hazır olmalıyıq. Hərbi və siyasi üstünlüyümüzü düşmənin başına dəmir yumruq kimi enən iqtisadi, mənəvi-psixoloji, humanitar-mədəni, təbliğati qələbəyə çevirməliyik. Biz Cənubi Qafqazın söz haqqına malik güclü dövləti olduğumuzu dünyaya göstərdik. 2000 rus əsgəri bu hərbi-siyasi iradəni, xalq-dövlət birliyini poza bilməz. Bizi qarşıda çətin, amma şərəfli və gözəl günlər gözləyir. Tələsik nəticələr çıxarmağa, özünü ən böyük vətənpərvər kimi göstərmək istəyənlərə məsləhətim səbirli, təmkinli olmaqdır. İnanıram ki, zaman artıq bizə işləyəcək.

Allah Azərbaycanın yar və yardımçısı olsun!

İradə Tuncay, jurnalist:

- Erməni problemi dünyanın (yəni qüdrətli dövlətlərin) əlində tutduğu önəmli kartlardan biridir. Yəni regional məsələ deyil. Lazımdır onlara və ermənini sevdiklərindən yox, özlərini sevdiklərindən lazımdır. Bu yazıqlar da hər zaman qüdrət maraqlarının əsiri olublar. Dərin ağılları da olmayıb ki, vasitə olduqların anlaya bilsinlər. Tək-tək ağlı başında adamlar olub içlərində, onları da dimdikləyiblər... Amma hər dövrdə asılı olduqları böyük güc balansının dəyişməsindən istifadə etməyə çalışıblar. Coğrafiyanı unutsalar da...  Amma tarixin gedişatını güc həll edir... Heç biz də bunu unutmayaq... Kimsə daha güclüdürsə, onu yola verməyi öyrənmək lazımdır... İnşallah anlamışıq...

Şahbaz Xuduoğlu, naşir:

- Ermənistan ümumilikdə 12 min kvadratkilometr ərazilərimizi işğal etmişdi. Buraya 4380 kvadratkilometr təşkil edən Dağlıq Qarabağ da daxildir.

44 günlük müharibədə Azərbaycan döyüş yolu ilə 4 min kvadratkilometr ərazisini azad etdi. İmzalanan bəyanata əsasən, boşaldılacaq ərazilər isə 5 min kvadratkilometr təşkil edir. Dağlıq Qarabağın ərazisi 4380 kvadratkilometrdən 3 min kvadratkilometrə enmişdir.

Faktiki olaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcəri, Laçını, Ağdamı müharibəsiz azad edirsə, daha çox əraziləri geri qaytarmış olur.

Məncə, bu, indiki dövr üçün sərfəli variantdır.

Xarici ekspertlər deyirlər ki, Qarabağ müharibəsi bitmədi, əksinə, yeni fazaya keçdi. Yəni müharibə hələ bitməyib; döyüş dayansa da, masa arxasında döyüş davam edəcək. Bu mənada Azərbaycan öz prinsipial mövqeyində bundan sonra da ardıcıl olmalıdır.

Səbinə Məlikova, jurnalist:

- "Guardian" yazır ki, Qarabağ müharibəsi göstərdi ki, artıq tanklara müharibələrdə yer qalmayıb. Niyə belə deyir?

Çünki bir dronla 5-6 tank məhv etmişik. Dünənə qədər "anıtqəbir"in nə olduğunu bilməyib, efirdə "antikabiri" deyən hansısa bloqercik yazır ki, "Ali Baş Komandan, biz rus sülhməramlılarının tanklarından qorxuruq, bizə izah edin". Bir tank şəklindən qorxan qorxaqlara nə izah etsin ki? Siz allah, kəsin səsinizi görək KİŞİlər nə iş görür.... İki gündür baş-beynimizi aparmısız e. Siz qorxaq-qorxaq danışana qədər Azərbaycan polisi Hadruta yerləşdirilb! Ərdoğan bir saat əvvəl: "Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq".

Təbrik edirəm hamımızı!..

Aidə Qasımova, professor:

- Yəqin ki, öncə Dağlıq Qarabağda erməni əhali siyahıya alınar. Yerli silahlı qüvvələr tərksilah olunar. Azərbaycana qarşı cinayət işlədənlər məsuliyyətə cəlb olunub həbs edilər. Ümid edək ki, belə də olacaq. Əziz dostlar, həyatda həmişə yarımçıq fincanın dolu hissəsinə baxın. Amma Qarabağ məsələsində fincan yarımçıq deyil, balaca bir dodaq yeri qalıb. Ən əsası, lokal müharibəmiz daha geniş hərbi münaqişəyə çevrilmədi.

Bahadur Hoca, jurnalist:

- Azərbaycan çox böyük qələbə qazandı. Çox böyük! Müharibə bitdi. Ölkə iqtisadi cəhətdən daha da inkişaf edəcək. Turizm sektoru parlayacaq. Münaqişəsiz ölkə kimi Azərbaycana investisiya qoymaq istəyən şirkətlərin sayı artacaq və onlarla başqa üstünlüklər... Rus ordusunun az sayda (sülhməramlı adı altında olsa da) daxil olması təbii ki, çoxlarında narahatlıq doğurur. Və təbiidir. Narahat olanları aşağılamaq, söymək lazım deyil. Çünki vətəni sevdikləri üçün narahat olurlar. Ona 1920, 1990, 1992-ci illərdə divan tutan ordunun gəlişinə sevinə bilmir. İçində narahatlıq var.

Amma xalqı aşağılamadan izah etmək lazımdır: səbirlə davranmalı olduğumuzu, buna razı olmasaydıq, Qarabağı heç vaxt ala bilməyəcəyimizi, Türkiyənin yanımızda olduğunu, Azərbaycanın artıq heç vaxt olmadığı qədər güclü olduğunu...

Hər şey əladır, dostlar! Ürəkdən sevinin. Səmimi olaq. Biz Lələtəpəyə 4 ildi sevinən, nə vaxtsa Qarabağın qayıdacağına inanmayan adamlar idik.

Az qala, çoxumuzun dilindən "Qarabağ getdi e, sən rusla vuruşa bilirsən?" kimi sözlər çıxırdı. ... Və tarixi məqam yetişdi. Biz rusla yox, erməni ilə vuruşduq. Rusla vuruşmalı məqam 45 gündən sonra çatdı və dayandıq. Dayanmalıydıq. Ölkəmizin Suriyaya, poliqona dönməməsi üçün... Prezident İlham Əliyev çox böyük, uzaqgörən siyasi addımlar atdı bu ərəfədə. Onu müharibə günlərində dəstəklədiyimiz qədər dəstəkləməliyik yenə də!

Çox böyük karla qələbə qazandıq! Hamınızı ürəkdən təbrik edirəm. Sevinin, ancaq sevinin!

Nigar Köçərli, "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri:

- Şuşa ilə bağlı yəqin hərənin öz arzusu vardı. Mənim də arzum vardı - əgər Şuşa azad olarsa, orda pulsuz ictimai kitabxana yaradacam. Şuşa azaddır, indi növbə mənimdir.

Elçin Alıoğlu, jurnalist:

- Şuşada Azərbaycan mobil operatorların şəbəkə siqnalı qəbul edilməyə başladı.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri arasında imzalanmış Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına BİRGƏ NƏZARƏT MƏRKƏZİ-nin yaradılması haqqında 5 maddədən ibarət Memorandumda nədən bəhs deyilir? Detallar:

- Türkiyənin Dağlıq Qarabağ üzrə İşçi Qrupu işğaldan azad edilən şəhərlərdən birində yerləşdirilir.

- Rusiyanın bölgədəki sülhməramlılarının komandanı TÜRK mənşəli rus zabiti təyin edilir.

- Türkiyə Silahlı Qüvvələri, məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə yerləşdikdən sonra erməni tərəfinin hərəkətlərini izləmək üçün sərhəd müşahidə məntəqələri yaradır.

- Türkiyə Silahlı Qüvvələri, atəşkəsin pozulması halında Rusiyanı xəbərdar etməklə atəşkəsi pozan tərəfə qarşı hər hansı bir tədbiri həyata keçirməyə tam səlahiyyətlidir.

- Türkiyə sülhməramlıları da Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarət edir.

 





13.11.2020    çap et  çap et