525.Az

... nə deməkdir? - Aytac Sahəddən yeni rubrika


 

... nə deməkdir? - <b style="color:red">Aytac Sahəddən yeni rubrika</b>

Elə ifadələr var ki, gün ərzində bir neçə dəfə işlətsək də, necə yaranmaları haqqında yekdil bir fikrə sahib deyilik. Həmin ifadələrdən bir neçəsi haqqında oxuduqlarımı və öyrəndiklərimi sizlərlə bölüşmək istəyirəm.  

"Başına dönmək"

Başqa sözlə, birinin uğrunda fəda olmaq, özünü qurban vermək. Habelə, "qurban olmaq", "ağrısını (bəlasını, qadasını) almaq" ifadələri də eyni mənada işlənir. Qədim dövrlərdə hər hansı fəlakətdən xilas olduqda sədəqə verirdilər ki, bu sədəqə xilas olan  şəxsin başı üzərində və ya ətrafında üç dəfə dolandırılırdı. Məsələn, pul sədəqəsi baş üzərində, heyvan sədəqəsi şəxsin ətrafında dolandırılır. "Kitabi-Dədə Qorqud"da da bu ifadəyə rast gəlirik. Qazan xan oğlu Uruzu dustaqlıqdan xilas etdikdən sonra "qırx otaq tikdirdi. Yeddi gün, yeddi gecə yemə-içmə oldu. Qırx evli qulla, qırx cariyə oğlu başına çevirdi, azad elədi".

Qeyd edilən ifadələrin qədim şamanizmlə  əlaqələndirənlər də  var. Şamanizmdə "başına dolanım", "qadan alım", "qurban olum" kimi ifadələr şamanların  müalicə məqsədini güdən prosesini  təmsil edir.  Bu ifadənin işlədən kəs müraciət etdiyi adamın başına dolanmağa hazır olduğunu bildirir. Yəni o, müraciət etdiyi adamın bütün xəstəliklərini, dərd-sərini qəbul etməyə hazırdır.

"İpi qırılmaq"

Bu ifadənin əvəzinə zənciri, kəndiri kəsilmək də işlənir. İfadə, adətən, qarğış kimi işlədilir: "ipin qırılsın", "kəndirin kəsilsin", "Allah zəncirini kəssin". İnanca görə, hər kəsin həyatı və taleyi sirli ip (zəncir) ilə göylərə  bağlıdır.

Mövhumi inam digər xalqlarda da olub. "Həyat ipi" ifadəsi bir sıra  xalqlarda işlənilir.

Yunan əfsanəsinə görə, insanların taleyini, həyatını ilahələr idarə edirlər. Bu ilahələr insanların həyatı üçün ip eşməklə (məcazi məna daşıyan "ipini eşmək" ifadəsi də buradan yaranıb) məşğuldurlar. İnsanların  taleyini üç ilahə həll edir. Biri tale ipini eşib hazırlayır, ikincisi bu ipi taleyin çətinliklərindən keçirir, üçüncüsü isə ipi kəsməklə insan həyatına son qoyur. İpi qırılmaq ifadəsi də bu əfsanədən gəlir.

"Qəmişini çək"

Keçmiş zamanlardan bəri nənələrimiz tutdan böyük tiyanlarda doşab bişirərlərmiş. Tutu sıxıb  şirəsini iri tiyanlara töküb, altını da odunla qalayarmışlar. Uşaqlara tiyanlarda yaxınlaşmağa icazə verməzlərmiş. Tiyanı xüsusi olaraq hazırlanmış bir metrdən də uzun ağac qaşıqla qarışdırarmışlar. Dəcəl uşaqlar isə uzun bir qamış kəsib, tiyana yaxınlaşıb qamışı hələ də hazır olmayan doşaba batırıb, sorarmışlar. Doşab  bişirilərkən tez-tez qarışırlarmış. Ona görə də hər dəfə qarışdırmazdan əvvəl nənələrimiz belə deyirlərmiş:

- A bala, qəmişini çək, doşabı qarışdırım.

Bu ifadənin yaranması ilə bağlı digər bir yanaşma isə belədir.

Keçmiş dövrlərdə şəhərin varlı əhalisi xüsusi yerlərdə yığışıb qəlyan çəkər və məkan sahibinə müəyyən qədər pul verirlərmiş. İçəriyə buraxılmayan "tüstü həvəskarları" isə qəmiş düzəldib bir yolla içəriyə salmağa çalışırlarmış. İçəridəkilərdən kimsə bunu görəndə deyirmiş: "Qəmişini çək"

"Hər dəqiqənin bir hökmü var"

Bir kişini dar ağacından asmağa gətirirlər. Cəllad ipi onun boğazına keçirmək istəyəndə kişi xahiş edir ki, onu bu ağacdan yox, o biri dar ağacından assınlar. Cəllad gülümsünüb deyir:

- Onsuz da asılacaqsan, bunun nə fərqi var, bu ağac olmasın, o biri olsun?

Kişi cavabında deyir:

- Sənin üçün fərqi olmasa da, mənim üçün fərqi var.

Cəllad kişini bu dar ağacından endirib o biri dar ağacının yanına gətirir. Elə ipi onun boğazına keçirmək istəyir ki, bu zaman çapar şahın fərmanını cəllada yetirir. Fərmanda yazılıbmış ki, bəs kişinin heç bir günahı yoxdur. O, azad edilməlidir.

Ölümdən xilas olan kişi sevinclə cəllada deyir:

- İndi gördünmü hər dəqiqənin bir hökmü var?

"Ölmüşdü Xankişi"

Xankişi adlı bir kişi varmış. Günlərin bir günü o, quldurla rastlaşır. Quldur Xankişidən üstündəki pul-paranı, qiymətli şeyləri verməyi tələb edir. Xankişi onun dediklərinə əməl edərək olan-qalan şeylərini quldura verir. Quldur onun tapançasını da əlindən alır.

Sonra rəisin yanına gedən Xankişi başına gələnləri ona danışır. Tapançasının da oğurlandığını deyəndə rəisin gözü Xankişinin belindən asılmış tapançanın qoburuna sataşır. Rəis maraqla soruşur:

- Bəs deyirsən, tapançanı aparıblar, qobur ki, belindədir.

Xankişi özünü çəkərək şəstlə deyir:

- Bəyəm Xankişi ölmüşdü ki, qoburu da əldən versin?

 





14.11.2020    çap et  çap et