525.Az

İş kimindir, alqış kimin...- "Dostla söhbət" silsiləsindən


 

"HARDASAN, AY TƏRANƏ?..

İş kimindir, alqış kimin...- <b style="color:red">"Dostla söhbət" silsiləsindən </b>

İNAMNUR (Reyhan SƏDİ)


Bir
tələbə yoldaşım vardı - Təranə. Özünəinamlı, azacıq da özündənrazı, gözəl bir qız idi. Onunla bağlı bir hadisə tez-tez yadıma düşür mən: "Hardasan, ay Təranə? - deyə köks ötürürəm. Səbəb?

Filologiya fakültəsində oxuyurduq. Natiqlik sənətindən dərs deyən müəllimimiz Kamil Əliyev hər dəfə bir-iki nəfəri nitq söyləmək üçün kürsüyə çağırır, bu qayda ilə, bir növ, dərs soruşurdu. Mən hazırladığım hansısa mətni söyləyəndə Kamil müəllim çox bəyəndi. Danışıq tərzimi, nitqimə uyğun sərgilədiyim bədən dilimi - jest mimik hərəkətləri bir-bir açıqladı (bütün bunlar dərsə aid idi), uzun-uzadı tərifləyəndən sonra məni Tuti Bikə ilə müqayisə elədi...

Qruplar birləşəndə (Təranə iki birləşik qrupun digərində idi), necə oldusa, Kamil müəllim ünvanıma "Tuti Bikə" ifadəsini işlətdi. Təranənin hansı hallara düşdüyü hələ gözümün qabağındadır. O duran yerdə kiməsə belə uca ünvan verilər?! "Kim? Reyhan? Ola bilməz!" - deyə üsyan elədi. Müəllim mənə tapşırdı ki, yenə bir şey hazırlayım, gələn dəfə çıxış edim sübut olunsun ki, mən bu ada layiqəm.

Növbəti dərsdə Gülhüseyn Hüseynoğlunun çox sevdiyim mənsur şeirlərindən birini mövzu edib nitq söylədim. Çıxışımın sonunda bütün auditoriya əl çaldı. Təranə hamıdan birinci atıldı kürsüyə (çıxışdan sonra müzakirələr olurdu). Özünəməxsus haytası ilə hamını inandırmağa çalışdı ki, bu alqışları doğuran mənim hünərim yox, Gülhüseyn Hüseynoğlunun mənsur şeirinin qüdrətidir. o... haqlı idi - həm -gücümün çoxluğundan, həm özümə arxayınlıqdan dərsə layiqincə hazırlaşmamışdım, bu səbəbdən çıxışım gərəkən səviyyədə alınnmamışdı. Təranənin dediyi kimi, məni vəziyyətdən mövzu elədiyim əsər  çıxarmışdı. Odur ki, iri, qara gözlərini daha da geniş açaraq dediklərini əsaslandırmağa çalışan o gözəl qızı dinlədikcə gülümsəyir, təsdiq mənasında başımı yellədirdim - yaxşı ki, bu etirafa yetəcək qədər səmimiyyətim vardı...

İndi tez-tez Təranəni haraylayıram.

Hansısa müğənni oxuduğu ala-bula şeylərlə meydanda duruş gətirə bilməyəcəyini anlayan kimi, yapışır xalq mahnılarımızdan, yaxud da elə o səviyyədə bəstələnmiş, "köhnə mahnılar" dedyimiz əsərlərdən, birtəhər müvazinətimi saxlayır (üstəlik, hələ forsu da yer-göyə sığmır) - o mahnıları eşidən indikilər elə bilirlər, bu gözəllik onun hünəridir. Hələ mahnını qədər korladığını da bilmirlər. Gənclər eşitməyiblər, axı, o mahnıları, o yüksək səviyyədə ifaları. Əslində, mahnının gözəlliyini xilas elədiyi o müğənniyə baxıb: "Hardasan, ay Təranə?" -deməkdən özümü saxlaya bilmirəm.

Yaxud: "İnkişaf etmiş tibb elminin" bir zamanlar inadla inkar elədiyi xalq təbabətini dışlamağa çalışan tibb elmləri doktoru, professor, daha bilim kim, tibbi texnikanın tərifini göyə çıxarıb, sonra da təbiətin bir möcüzə olduğunu söyləməyə məcbur qalanda haraylayıram Təranəni: "Gəl, gör - deyirəm, - həqiqəti etiraf etməyə can çəkənlər dönüb-dönüb xalqın yaratdıqlarının hesabına özlərini təsdiq etmək istəyəndə əllərinin dalını yerə qoymurlar. Guya ki, insanın yaratdığı laboratoriya, dəmir-dümür (texniki avadanlıq) onun özünün beynindən - o möcüzə laboratoriyadan, elmi gerçəkləşmələrin mərkəzindən (ki, təbiətlə təmasda bütün dərdlərə dava tapmaqda əvəzi yoxdur, üstəlik, texnika da elə o mərkəzin məhsuludur) artıq ola bilər".

Sonra, canım sizə desin... Bir teatrşünasımız var. Hər dəfə onu dinləyəndə öz-özümə mızıldayıram: "Azərbaycan teatrı ona görə bu gündədir ki, onun tənqidçisi, teatrşünası sənsən..." Adam özünə əvəzolunmaz alim görkəmi verib, xüsusi olaraq da seçdiyi danışıq tərzi ilə nəsə demək istəyəndə onunla bərabər gərilirsən ki, indi bir fikir söyləyəcək, nəsə, maraqlı bir söz deyəcək. Dediyi isə, təxminən belə olur: "...Bu obraz, həqiqətən ... çox... çox... maraqlı obrazdır...". Al, sənə "dağ-siçan" söhbəti. Elə davranır ki, deyirsən bəs, heç kimin ağlına gəlməyən bir məqamı izah edəcək, yaxud hansısa obrazın tamaşaçının gözündən qaçmış incə bir cizgisini açıqlayacaq. Hərdən bütün kitablarda dönə-dönə işlənmiş qəlib ifadələrdən xırıd edir, başı çıxmayanlar da elə bilirlər ki, adam hünər sahibidir, dərin-dərin, fəlsəfi danışır. Onda da mən, təbii ki: "Hardasan, ay Təranə?" - deyə haray çəkirəm.

Ən çox da özüm üçün haraylayıram unuda bilmədiyim qrup yoldaşımı.

... Bir dəfə dəlicəsinə milli düşüncələrə dalmışdım. Tez-tez işlədiyim sözdür: "Mən heç nədən, heç kimdən, hətta özümdən asılı olmayaraq - xoşbəxtəm, çünki dünyaya türk olaraq gəlmisən". (Bu arada sevgili, uca Atatürkün sözünü xatırlamış oluram, təbii ki). Həm bu halım, həm millətin tarix meydanında hazırkı yeri, ümumən türkün indiki durumu ilə bağlı düşüncələrim əsaslı fikirlərdən yapışıb nəfəs almalı, Asif Atadan özümləşdirdiyim həqiqətləri, fərd olaraq da yetdiyim qənaətləri cəmləşdirərək fikirlərimə yekun vurmalı idim. Əlbəttə, nikbin əhvalla! Birdən "Bu millətə ölüm yoxdur!" havasında kəskin cümlələr keçdi ağlımdan. Çox sevindim, tapıntını qürurla beynimdən keçirəndə... baxdım ki, Bilgə Kağanın: "Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz..." fikrini, demək olar, təkrarlayıram - əsrlər öncə Böyük Dədəmin İnamla söylədiyi bu danılmaz həqiqəti... , əlbəttə, yenə o haytalı, gözəl qızı xatırladım.

Hardasan, ay Təranə?

 





11.02.2014    çap et  çap et