525.Az

"Nədi sevda, nədi eşq..."- Rəşid Faxralı


 

"Nədi sevda, nədi eşq..."- <b style="color:red">Rəşid Faxralı</b>

 

-1-

 

Nədi sevda, nədi eşq, eh, qəmi kəmlər bilə,

Çəkməyən, çəkəmməyən bunca sitəmlər bilə.

Hər eşqin öz adı var, tar ilə car etməlisən,

Tarzənin yanğısını lal qalan simlər bilə.

Ruhu candan eləyir, can qalır canın hayına,

Qəmə məlhəmdi yenə arizi-qəmlər, bilə.

Eşq olub, eşq olacaq Kəbəsi sevdalıların,

Ya qəmə tövbəlilər, ya qəmi kəmlər bilə.

Rəşidin sevdası var, sirr doğulub, sirr qalacaq,

Bu aləm bilmədisə, özgə aləmlər bilə...

 

-2-

 

İnsafsızlıq edib kim dana bilər

                             eşqin - sevdanın

Dünyadan çox əvvəl doğulduğunu.

Bu yerlər, bu göylər yaradılanda

Sevda ocağında dağ olduğunu.

Sevdasızlığın

Ömrəçalın-çarpaz dağ olduğunu.

Sevdasız doğulan ulduzların da

Sevdasız qalınca boğulduğunu.

Sevdanın dünyadan deyil, əzəldən

Dünyanın sevdadan doğulduğunu...

 -3-

 

Göy alçala, Yer dikələ,

Dərya-dəniz sahil aşa,

Dağ tərpədən, daş oynadan,

           daş axıdan çaylar daşa,

Dağ titrədən yellər əsə,

Ayrılıqlar canlar ala,

           pambıq ilə başlar kəsə,

Yenə qırpmaz gözlərini

           xınası eşq olan sevda.

Gəcələrə yem eləyir

           gündüzünün işığını,

gecələr eləyən

           röyası eşq olan sevda.

Yer var ikən, göy var ikən

           yerdə, göydə var olacaq,

Yeri-göyü yaşadacaq

           günyəsi eşq olan sevda.

Ömrün-günün fəlsəfəsi

           dərd olubdu dilbilməzə,

Dünyaya meydan oxuyur

           dünyası eşq olan sevda.

 

-4-

 

Ağac da, budaq da, yarpaq da, çiçək ,

Ağca buludların gözündən düşüb

ləçəyin qoynuna baş qoyan şeh ,

Gərnəşən budağı lüt-üryan görüb

yarpağa sarılan ürkəcək meh ,

Yağış kəsən kimi göygözlü göyün

çiynindən sürüşən qövsi-qüzeh

Sevdalı üçündü, sevda üçündü.

 

Əsgisi tüstülü olan biləmməz,

Duyğusu ütülü olan biləmməz

Sevdadan yaranıb dünya büsbütün.

Dünyanı yox yerdən var edən Allah

Sevda yaradıbdı yalan dünyanı

könül xoşluğuyla yaşatmaq üçün.

 

Adəmdən bu yana sevdalıların

kirpiyi kirpiyə sığal çəkməsə

gecənin köynəyi sökülməyib ki.

Günəşin işığı daşa, torpağa,

budağa, yarpağa tökülməyib ki.

Gecələr dilinə bəz düşsə belə,

Ömrü bu minvalla ötüşsə belə,

Yollardan üzülən cığırlar, izlər

Ayağı altından sürüşsə belə

Günyəsi eşq olan sevdanın heç vaxt

dağmisal qaməti bükülməyib ki.

Sevda qaranlığı kirpiknən biçir,

Səhəri ayrı cür içib yaşadır,

Qara gümanların qaranlığında

görünən ümidi seçib yaşadır.

Gündüzü-gecəsi - bir ayrı biçim,

" cür?"ü, "Necə?"si bir ayrı biçim,

Yerişi-duruşu - bir ayrı biçim,

Təntələk gülüşü - bir ayrı biçim;

Dünyanı bir ayrı biçim yaşadır...

 

Gecənin ipini gözüynən çəkir,

Uzun gecələrin illər uzunu

sevdaya bir kəlmə diqtəsi olmur.

Göylərin mehrabı eşqdir, ancaq

hər sevda Arximed nöqtəsi olmur.

 

-5-

 

Budağa, bulağa,

     torpağa, daşa,

        yarğana, kahaya,

            qayaya, dağa,

Kirpikdə, yanaqda közərən yaşa,

Çəməni daşdıran gülə-çiçəyə,

Çiçəkdə ləçəyə, ləçəkdəşehə,

Yarpaqdan dördəlli yapışan mehə,

Bəxt-yığval gətirən qövsi-qüzehə

Füzulinin qəzəllərindən

boylanan adamı, baxan adamı

Yaradan göylərin şahı bilibdi.

Yerləri, Göyləri yaradan Allah

həmişə sevdaya ürcah eləyir

özünə bir köynək yaxın adamı...

Gecələr göyləri dinşə, deyərsən

İlahi sədadı, bir səsdi sevda.

Duyammaz "dünyadan gecə keçənlər",

Duyana sonuncu nəfəsdi sevda.

Könüllə döyünən gözəlliklərin

ilkini - əzəli adıdı sevda.

Yeddi qat bilirdik göyü, yalandı,

Göyün səkkizinci qatıdı sevda.                 

 

-6-

 

Mən varam...Sən yoxsan...

Xəyalların var,

Xəyallar sevdama duaçı olub.

O ilki payızdan üzü bu yana

Bizim aramızda araçı olub.

Müşgülsüz sevdaya sevda deyilmir,

Sevdasız dünyaya dünya deyilmir;

Xəyallar müşgülün əlacı olub.

 

O vaxtdan bu yana yaman sınıxıb,

Adına ad olub düşüncələr .

Səni görəmmirəm...Səni gizlədir

qara gündüzlər , gecələr .

 

Əlimdən yapışan xəyallarınla

Zaman sərhəddini keçib gəlmişəm.

Sənsizlik gözümü elə açıb ki,

Bəyazı qaradan seçib gəlmişəm.

Sənli günlərimi, sənli günləri

Şərbət əvəzinə içib gəlmişəm.

 

...Bu da dünənimiz...Görüş yerimiz...

Bu da bizsizliyin giziltiləri.

Bir az da dikələn hər cığır, hər iz

əlini yelləyir bayaqdan bəri.

 

Bulaq gileyini tökür üstümə,

Bu ərki içərdim su əvəzinə.

Rəşidin ömrünü ödənc edərdim

burda tənhalığın təntənəsinə.

 

Bulaq gileyini tökür üstümə

Canımı yandırıb-yaxıram deyə.

Qaşları çatılır...

Durur qəsdimə

Həsrətlə dünənə baxıram deyə.

 

Görən hansı yelin badına gedib

çılpaq budaqların yarpaq lələyi?!

Ana qucağında yatır elə bil,

Qolumun üstündə payız küləyi...

 





11.02.2014    çap et  çap et