525.Az

“Biz istəmirik ki, gənclərin hamısı eyni cür düşünsün”


 

“Biz istəmirik ki, gənclərin hamısı eyni cür düşünsün”<b style="color:red"></b>

“Azərbaycan müstəqillik əldə edəndən sonra, Qarabağ müharibəsi dövründə gənclər arasında pərakəndəlik yaranmışdı. 1996-cı il fevralın 2-də prezident Heydər Əliyev iki gün Gənclər Forumunda iştirak etdi. Tədbirdə müxalif təşkilatlar, Müsavat Partiyası və AXCP-nin gənclər təşkilatlarının nümayəndələri də iştirak və çıxış etdilər. Sonda Heydər Əliyev çıxış etdi. Əsas məqsəd gənclərin müstəqil dövlətin vətəndaşları olduqlarını hiss etməsi idi və prezidentin çıxışında da bu məqam xüsusi vurğulandı”.

APA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında komissiyanın sədri, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev söyləyib.

O deyib ki, 1997-ci ildə 2 fevral Gənclər Günü elan edilib, indiyədək gənclərin 6 forumu keçirilib: “2016-cı ildə Gəncə Avropa gənclərinin paytaxtı elan edilib. Qısa müddət ərzində Azərbaycan bu yolu keçibsə, böyük uğurdur. Prezident İlham Əliyev gənclərə diqqətlə yanaşır, Gənclər Fondu yaradılıb, dövlət proqramı ilə gənclər xaricdəki nüfuzlu ali məktəblərdə təhsil alırlar”.

V.Əliyev Azərbaycan hökumətini narahat edən problemlərin də olduğunu qeyd edib: “Biz istəmirik ki, gənclərin hamısı eyni cür düşünsün. Amma bir məsələdə hamımız eyni məqsədi əsas götürməliyik. Müstəqilliyimizi hamımız qorumalıyıq. İstər Avropa, istərsə də başqa dövlətlərin timsalında görürük ki, güclü dövlətlər istəmir xalqlar öz talelərini həll etsinlər. Gənclər bu təsirlərə düşməmək üçün ilk növbədə təhsilli olmalı, tarixlərini bilməlidirlər. Biz dilimizi, mili-mənəvi dəyərlərimizi qorumalıyıq. Biz Asiyada yaşamışıq, yaşayırıq, bizi məcbur edə bilməzlər ki, Avropadakı, məsələn, Almaniyadakı, Avstriyadakı kimi yaşayaq. Buna çalışırlarsa, deməli, bizə təsir etməyə çalışırlar. Qarşılıqlı olaraq dəyərlərə hörmət əsasında yaşamalıyıq”.

Nazir müavini bu yaxınlarda 130 illik yubileyi qeyd olunan Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətin 23 ay yaşadığını vurğulayıb: “Bu dövlət 23 aydan sonra dağıldı, yaşada bilmədilər, daxili çəkişmələr oldu. Biz müstəqil Azərbaycanı 23 ildir ki, yaşadırıq. Gənclər və İdman Nazirliyi yarananda büdcəsi 75 min manat idi. İndi büdcəsi hansı səviyyədədir? Bir vaxt Avropa bizə ağıl öyrətməyə çalışırdı. Bu gün isə biz bu səviyyəyə çatmışıq. İndi də istəyirlər ki, özlərinə problem yaradan məsələləri Azərbaycanda tətbiq etsinlər”.

 





11.02.2014    çap et  çap et