525.Az

Makron və Lavrov erməniləri yeni fəlakətə sürükləyir - Xaqani Cəfərli


 

Makron və Lavrov erməniləri yeni fəlakətə sürükləyir - <b style="color:red">Xaqani Cəfərli</b>

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib ki, əgər hərbi əməliyyatlar başlamazdan əvvəl Qarabağ danışıqlarında razılıq əldə etmək mümkün olsaydı, beş rayonun Bakının nəzrətinə keçməsi dinc yolla baş verərdi. Rusiyalı nazir bununla hərbi əməliyyatların başlamasının səbəbi kimi diplomatik danışıqların uzun illər davam etməsinə baxmayaraq, nəticə verməməsinə işarə edib.

Təəssüf ki, S.Lavrov münaqişənin danışıqlar yolu ilə həll olunmamasına görə təmsil etdiyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin və xüsusilə də Ermənistanın məsuliyyət daşıdığını qeyd etməyib. Rusiyalı və əcnəbi jurnalistlər üçün keçirilən mətbuat konfransında S.Lavrov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların yeni mərhələsinin başlandığı zamanda tərəflər bir-birinin mədəni irsini qorumalıdır. Sergey Lavrovun bu fikri ermənilərin noyabrın 10-dan sonra Azərbaycana qarşı başlatdıqları təbliğat kampaniyasının təsirləri altında səsləndirdiyinə şübhə ola bilməz.

Noyabr ayının 10-dan sonra ermənilərin Azərbaycana qarşı başlatdıqları qarayaxma kampaniyasının əsasını işğaldan azad olunan ərazilərdəki xristian məbədlərinin azərbaycanlılar tərəfindən dağıdılacağı ilə bağlı sərsəm fikirlərin tirajlanması təşkil edir. Halbuki Azərbaycandakı xristian və atəşpərəstlik məbədlərinin ən yüksək səviyyədə mühafizə olunması və qorunub  saxlanılmasına göstərilən diqqəti dünyanın çox az sayda ölkəsində müşahidə etmək olar. Ermənilərin işğal illərində Azərbaycan xalqının mədəni irsini necə viran qoyması, dini ibadət ocaqlarını nümayişkaranə şəkildə təhqir etməsi ilə bağlı yüzlərlə nümunə mövcuddur. Azərbaycan torpaqlarının işğal altında qaldığı 27 il ərzində erməniləri bir dəfə də olsun azərbaycanlıların mədəni irsini məhv etməməyə çağırmayanların iki gün ərzindəki narahatlıqları onların yenə birtərəfli və qərəzli mövqe tutduğunu göstərir.



Rusiya ilə yanaşı, Fransa rəsmilərinin də noyabrın 10-dan sonra münaqişə ilə bağlı səsləndirdikləri fikirlər sülhün əldə olunmasına yardım etmir. Danışıqların ATƏT-in Minsk qrupunun egidası altında aparılmasında təkid edən Fransa prezidenti Emmanuel Makron Ermənistanın maraqlarının nəzərə alınmalı olduğunu bəyan edir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın dövlət başçısı anlamır ki, münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalət prinsipi ilə həll olunmasının alternativi hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxaracaq. Qarabağda yaranmış vəziyyəti rusiyalı həmkarı ilə müzakirə etdiyini bildirən Makron “bu çətin günlərdə ölkəsinin Ermənistanın yanında olduğunu” vurğulayıb.

Prezident Makronla yanaşı, fransalı siyasətçilərin əksəriyyəti beynəlxalq hüquqi və ədalət prinsipini ayaqlar altına almaqla Ermənistana havadarlıq edirlər. Fransa Senatının üzvü Valeria Boyer ölkəsini Ermənistana münasibətdə qorxaqlıq etməkdə günahlandırıb. Bütün bu açıqlamalar isə Ermənistanı yenidən təcavüzkar xətt tutmağa sövq edir. Ermənistanda müharibənin davam etdirilməsi, Rusiya və Azərbaycan prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr bəyanatından irəli gələn öhdəliklərdən imtina olunması və “Dağlıq Qarabağın müstəqilliyin tanınması” ilə bağlı çağırışlar da Fransa və Rusiya rəsmilərinin ermənipərəst mövqe nümayiş etdirmələrindən qaynaqlanır.

Fransanın ermənipərəst mövqeyi birmənalı olduğu halda, Rusiyanın mövqeyində iki xətt hiss olunur. Xarici İşlər naziri Sergey Lavrov açıq ermənipərəst mövqe nümayiş etdirdiyi halda, prezident Vladimir Putinin bir qədər fərqli mövqeyi diqqəti cəlb edir. Bu, Türkiyənin münaqişə bölgəsində sülhyaratma missiyasındakı rolu ilə bağlı məsələdə özünü daha açıq göstərdi. Sergey Lavrov birmənalı şəkildə Türkiyənin prosesdə yer almayacağını vurğuladığı halda, Vladimir Putin tamamilə əks fikirlər səsləndirdi. Aydın görünür ki, Sergey Lavrov Türkiyənin prosesdə yer almasının qəti əleyhinə olub. Rusiya Xarici işlər nazirinə yaxınlığı ilə seçilən ekspertlərin fəallığı da Kremlə təsir məqsədi güdürdü. Rusiyalı politoloqlardan biri Azərbaycanla Ermənistan arasındakı müharibədə Kremldə yaranmış ikitirəliyi 2001-ci ildə Əfqanistanda Əhməd Şah Məsudun öldürülməsindən sonra yaranmış vəziyyətlə müqayisə edib. Politoloqun fikirlərinə görə, Əhməd Şah Məsudun öldürülməsindən sonra Kremldə bir qrup Əfqanıstanı bombalamaq, Orta Asiyaya 300 min ordu yeritməkdə təkid edib. Prezident Putin və onun mövqeyini dəstəkləyənlər Moskvanın ikinci dəfə “Əfqanıstan bataqlığı”na girməsinin əleyhinə olub. İndi Rusiyanın hakim dairələrində ikili mövqe var. Kremldəki tərəflərdən biri Türkiyə və Azərbaycanla münasibətlərin Moskvanın maraqları üçün daha vacib olduğunda israr edərək Rusiyanın bitərəfliyini qorumasına çalışır. İkinci tərəf isə Ermənistanın tam məğlubiyyəti nəticəsində Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin itiriləcəyini əsas gətirərək Moskvanın prosesə fəal müdaxilə etməli olduğunda israrlıdırlar. Bu mövqedə olanların sırasında yer alan ermənipərəstlər isə hətta Bakının bombalanması, münaqişə zonasına rus əsgərinin göndərilməsinə çağırırdılar. Prezident Vladimir Putinin bu tərəflər arasında ortaq mövqedə dayandığı hiss olunur. Azərbaycan Ordusunun məhz Xankəndini işğaldan azad etmək ərəfəsində olduğu bir zamanda Rusiya prezidentinin prosesə qəti müdaxiləsi də bu qənaəti gücləndirir. Rusiyanın bundan sonrakı mövqeyində hər hansısa bir dəyişiklik olacaqsa, bu, Kremldəki tərəflərdən birinin digərini üstünləməsi nəticəsində olacaq. Hələlik isə Makron və Lavrovun ermənipərəst mövqeləri Ermənistanı yeni fəlakətə sürükləyir. Görünən isə budur ki, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyət ermənilər üçün ibrətamiz dərs olmayıb. Bəlkə də, ermənilərə daha bir dərs vermək lazım gələcək...

 





16.11.2020    çap et  çap et