525.Az

"Azərbaycan 44 gündə böyük uğura imza atdı" - Türk general


 

"DAĞLIQ ƏRAZİLƏRDƏ SAVAŞMAQ İRƏLİLƏYƏN TƏRƏF ÜÇÜN ƏNGƏL, MÜDAFİƏ OLUNAN TƏRƏF ÜÇÜN İSƏ ÜSTÜNLÜKDÜR. VƏTƏN SEVGİSİ AZƏRBAYCAN ƏSGƏRİNİN QARŞISINI ALA BİLMƏDİ"

"Azərbaycan 44 gündə böyük uğura imza atdı" - <b style="color:red">Türk general </b>

Müsahibimiz - təqaüddə olan türk general-mayoru, Dr. Özgür Tör ilə İkinci Qarabağ savaşından danışdıq. 

- Cənab general, böyük hərbi təcrübəyə sahib bir hərbçi kimi öncə sizdən Azərbaycan Ordusunu İkinci Qarabağ savaşında zəfərə aparan döyüş taktikasını dəyərləndirmənizi xahiş edirik.

- Bəziləri müharibənin başlanğıcında Azərbaycan Ordusunun aypara (hilal) taktikasını tətbiq edərək ilərilədiyini söyləyərək yanlış məlumatlandırmaya səbəb oldular. Aypara (hilal) taktikası düz sahədə həyata keçirilə bilər. Çünki burada öncə hücum edir, sonra geriyə çəkilir və daha sonra qanadlardan hücumu davam etdirirsən. Qarabağın relyefi isə buna uyğun deyil. Dağlıq ərazidə savaşmaq üçün fərqli təchizat və fərqli təlimlər tələb olunur. Bu ərazilərdə savaşmaq müdafiə olunan tərəf üçün daha asandır. Bu mənada Azərbaycan Ordusu ən müşkül olanı bacardı. Bu çox çətin bir proses idi. Bunu bizim Qurtuluş savaşı zamanı altı ayda alınmayacaq mövqelərin altı saatda alınmasına bənzətmək olar. Döyüş bölgəsinin relyefi baxımından qarşıya çıxan çətinlikləri göz önünə alsaq, deyə bilərik ki, Azərbaycan Ordusu 44 gündə çox böyük bir uğura imza atdı. 30 illik təlimlər və yüksək səviyyədə təchizat Azərbaycan Ordusunun bu müharibədə böyük üstünlük qazanmasına imkan verdi. Azərbaycan Ordusu manevr imkanlarından çox faydalı şəkildə yararlana bildi, texnologiyadan düzgün və yerində istifadə edildi. Ən önəmli olan məqamlardan biri isə Azərbaycan Ordusunun işğalçılara qarşı böyük əzmlə savaşması idi. Öz torpaqları uğrunda döyüşmələri onlara güc verdi. Dağlıq ərazidə savaşmaq irəliləyən tərəf üçün əngəl, müdafiə olunan tərəf üçün isə üstünlükdür. Amma yüksək vətən sevgisi Azərbaycan əsgərinin qarşısını ala bilmədi.

- Müharibənin bitməsi ilə bağlı bəyannamə imzalandıqdan sonra bunun əleyhinə olan bəzi fikirlərdə səsləndirildi. Bu haqda nə deyə bilərsiniz?

- Əlbəttə, könül istərdi ki, Qarabağ bütün ərazisində Azərbaycan əsgəri olsun, amma mövcud şəraitdə bu anlaşmanı kifayət qədər uğurlu hesab etmək olar. Bu kimi hallarda mərhələli şəkildə irəliləmək bəzən daha məqsədəuyğundur. Burada əsas önəmli olan məqam bizim öz əzmimizi itirməməyimizdir. İşğal edilmiş torpaqların azad olunması və Qarabağın statusu məsələsinin ortadan qaldırılması ən böyük uğurdur. Qarabağın Azərbaycan torpağı olduğu artıq beynəlxalq səviyyədə öz təsdiqini tapdı və bunu heç kim təkzib edə bilməz. Rusların öz sülhməramlı qüvvələrini burada yerləşdirməsi məsələsinə gəldikdə isə, onlar lap əvvəldən buraları tərk etmək istəmirdilər. Hadisələrə müsbət yöndən baxmağa çalışaq. Məsələn, Azərbaycanla Naxçıvan arasında 5 kilometrlik bir dəhlizin yaradılmasına. Digər məsələləri mərhələlərlə həll etmək mümkündür. Biz 10 min ildən bəri bu coğrafiyadayıq. Dövlətlər illər sonrası üçün planlar qururlar. Bunu bilmək lazımdır ki, süni olan heç bir şey dünyada qəbul olunmaz. Qondarma rejimin süniliyini də zaman əridib yox elədi.

Digər tərəfdən, təbii ki, üçtərəfli bəyannamə sadəcə o günün diktəsilə deyil, ümumən müharibənin gedişində ortaya çıxan nəticələrdən irəli gəldi. Hadisələrə səthi yanaşmaq olmaz. Rusiya rəngli inqilabla iqtidara gələn İrəvan hökumətini dəstəkləmədiyi üçün prosesə fəal müdaxilə etmədi. Görünən odur ki, Moskva bu savaşda İrəvan hökumətinin ağır bir cəza almasını gözləyirdi. Beləliklə, hərbi bazaya malik olduğu Ermənistanı daha sıx nəzarət altına ala biləcəkdi. Eyni zamanda, Rusiya Azərbaycanla yüksək əməkdaşlıq münasibətlərini də nəzərə aldı. Bir az geriyə qayıtsaq görərik ki, iyul ayında Tovuz tərəfdəki münaqişədə İrəvan Qarabağı qeyri-hüquqi işğal etməkdən də irəliyə gedərək, Azərbaycanı yeni ərazilər tutmaqla hədələdi. Bununla da artıq bölgədə fərqli, idarəolunmaz mənzərə yaratmağa başladı. Azərbaycanın buna daha susmayacağı aydın idi. Rusiya buna qarşı addım atmış olsa, dəstəkləmədiyi İrəvan hökuməti üzündən Azərbaycanla münasibətləri xeyli pozula bilərdi.  Halbuki Rusiyanın bu bölgədən birdəfəlik çəkilmək, maraqlarından əl götürmək fikri yoxdur. Nəzərə alaq ki, Qarabağ dünən də önəmli idi, bu gün də önəmlidir və bundan 1000 il sonra da önəmli olacaq. Bu kimi ərazilər müxtəlif dövlətlərin sonrakı mərhələlərdə də öz maraqlarını qoruması üçün vacibdir. Rusiyanın hazırkı mövqeyi, hərəkətləri bununla izah olunmalıdır. Ancaq burada ümumi olaraq baxdıqda görürük ki, Azərbaycan və Türkiyənin lehinə olan faktorlar əleyhinə olanlardan daha çoxdur. Təbii ki, istədiyimizi birdən-birə tam şəkildə almaya bilərik, amma mütləq hədəfə xeyli yaxınıq. Bu əsasda gələcəyimiz də xeyli uğurlu görünür.

- Əgər bu bəyannamə imzalanmasaydı, Azərbaycanın maraqları baxımından nələr yaşana bilərdi?

- Ola bilər, bu müharibə 1-2 həftəyə bitərdi. Amma Rusiyanın gücünü gözardı etməmək lazımdır ki, Bakı da bu baxımdan tədbirli hərəkət etdi. Rusiya ilə birbaşa münaqişəyə girməkdənsə, hadisələri mərhələli həyata keçirmək daha doğru görünür. Haqq və mənfəətləri bu cür mərhələli, xəta buraxmadan əldə etmək yolu məqsədəuyğundur. Hər şey gücə bağlıdır. Demək ki, Azərbaycan 30 ildən sonra bu mühüm zəfəri edə bildisə, bir müddət sonra daha da yaxşısına nail ola bilər.

- Müharibənin sonunda itkilərlə bağlı hər hansı bir rəqəm vermək mümkündürmü?

- Təbii ki, bu müharibədə qarşı tərəfin itkiləri daha çoxdur. Azərbaycan da şəhid verdi. Təbii ki, biz bu itkilərin olmasını istəməzdik, amma bizim üçün şəhidlik müqəddəsdir. Nə qədər ağrıdıcı olsa da, zərurət yarandığı zaman vətən uğrunda şəhid olmaq da lazımdır. Torpağın bədəli qandır. Biz buna bundan sonra da hazırıq. Orada döyüşən əsgərlərin çoxu bəlkə də, işğal dönəmindən sonra dünyaya gəlmişdilər, fəqət qəhrəmancasına döyüşürdülər. Ona görə, şəhidlər vermiş olsaq belə, bundan ruhdan salan bir amil kimi istifadə etməmək lazımdır. Bu, sayla ifadə edilə bilməz. Elə bir şəhidin özü də çox şəhiddir. Bütün bunların yaşanmaması üçün dünyada gerçək mənada hüququn işləməsi lazımdır. Beynəlxalq təşkilatlar, hüquqi quruluşlar öz vəzifələrini tam icra etsəydilər, biz bu gün itkilərdən danışmırdıq. Demək ki, beynəlxalq hüquq deyə bir şey yoxdur, demək ki, beynəlxalq güc mücadiləsi var. 

- Bu gün aktual olan məsələlərdən biri də Türkiyənin masada olmamasıdır. Bununla bağlı düşüncəniz nədir?

- Azərbaycanın Prezidenti cənab İlham Əliyev masadadırsa, deməli, Türkiyə də masadadır. Əlbəttə, Türkiyənin bu anlaşmaya daxil olması ideal olardı, amma bu zaman Fransa, Amerika kimi digər ölkələrin də müdaxiləsi gündəmə gələrdi. Bundan sonra Azərbaycanın edəcəyi sadəcə hərbi cəhətdən deyil, həm də iqtisadi və siyasi cəhətdən gücünü artıraraq vaxtı gəldiyində masa arxasında təkrar və daha çox üstünlüklərə malik şəkildə oturmaqdır.

Maral NƏCƏFLİ
İstanbul

 





18.11.2020    çap et  çap et