525.Az

Milli Kitabxananın Azərbaycan mədəniyyətinin təbliğinə töhfələri - Yazı


 

Milli Kitabxananın Azərbaycan mədəniyyətinin təbliğinə töhfələri - <b style="color:red">Yazı</b>

Azərbaycan dili və ədəbiyyatının ali təhsil səviyyəsində tədrisi Azərbaycandan başqa müxtəlif xarici ölkələrdə də həyata keçirilməkdədir.

Bu baxımdan qardaş Türkiyə Cümhuriyətində Azərbaycan dili və ədəbiyyatı ayrıca fənn olaraq Qazi və Ankara Universitetlərinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümündə 1992-ci ildən etibarən tədris olunmağa başlamış və hal-hazırda tədris 19 universitetdə (Ankara, Hacı Bayram Vəli, Hacettepe, İstanbul, Fırat, Kastamonu, Nevşehir, Kars Kafkas, Atatürk, Dicle Universitetləri və s.) davam etməkdədir. Türkiyədəki universitetlərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi bakalavr, magistratura və doktorantura proqramlarını əhatə etməkdədir. Bu günə qədər bu bölümlərin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı monoqrafik tədqiqatlar, dissertasiyalar, məqalələr və çevirilər ortaya çıxıb. Bu tədqiqatlarla Azərbaycan və Türkiyə arasındaki elm və mədəniyyət sahəsindəkı 70 illik ayrılığın açıq qalmış yaraları sarınmağa başlayıb.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan dili və ədəbiyyatı Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümündə 4 semestr ərzində tədris edilməkdədir. Tədrisə ərəb və kiril əlifbasının öyrədilməsi ilə başlanır və daha sonra Azərbaycan dilinin qrammatikası tədris edilir. Bundan başqa tədris proqramında "Azərbaycan Xalq Ədəbiyyatı" və "Müasir Azərbaycan Ədəbiyyatı" dərsləri də yer almaqdadır. Bəzi universitetlərdə isə "Azərbaycan Türkçəsi Mətn Aktarma - I, II, III"; "Azərbaycan Türkçesi Sözlü ve Yazılı Anlatım" dərsləri də seçməli dərs olaraq tədris edilməkdədir.

Bunlarla bərabər təqvimdəki əlamətdar və tarixi günlərlə bağlı tədbirlər həyata keçirilməkdədir. Məsələn, hər il Xocalı Soyqırımı və 20 Yanvar hadisələri anılmaqda, Novruz şənlikləri təşkil edilməkdədir.

Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətini tədrisi və araşdırılması üçün dərsliklərə, kitablara ümumiyyətlə, qaynaqlara ciddi ehtiyac duyulmaqdadır. Magistratura və doktoranturada təhsil alan tələbələr üçün isə Azərbaycandakı qaynaqların böyük əksəriyyəti əlçatmazdır.

İnformasiya texnologiyalarının inkişafı kitabxana sahəsinə də böyük töhfələrini verməkdədir. Belə ki, sanballı qurumların böyük əksəriyyətinin elektron kataloqları və rəqəmsal kolleksiyaları mövcuddur. Ehtiyacımız olan hər hansı bir mənbəni elektron kataloqdan tapdıqdan sonra ya tamamən ödənişsiz və ya çox cüzi məbləğ ödəməklə saniyələr içərisində əldə edirik. Məsələn, https://www.yek.gov.tr/, https://dijital-kutuphane.mkutup.gov.tr/, http://www.isam.org.tr/, http://dl.nlai.ir/ui/forms/index.aspx, http://dlib.ical.ir/faces/home.jspx, https://www.prlib.ru/collections, https://archive.nyu.edu/, http://www.hathitrust.org/home, https://www.bsb-muenchen.de/en/collections/manuscripts/ və s. kimi elektron qaynaqlar Azərbaycan ədəbiyyatı ilə bağlı qaynaqları da əhatə etməsi baxımından qiymətlidir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və Azərbaycan mədəniyyətinin təbliğində kitabxanaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycanla bağlı aparılan tədqiqatlar kitabxanaların elektron xidmətləri vasitəsi ilə dünyaya ixrac olunur. Bu baxımdan Azərbaycan Milli Kitabxanasının elektron xidmətləri (http://anl.az/new) təqdirə layiqdir. Kitabxananın bu xidməti xüsusilə xaricdə yaşayan tədqiqatçılar üçün əvəzsizdir. Kitabxana xaricdə yaşayan tədqiqatçılara, bundan əlavə Azərbaycanı tarixi, mədəniyyətini tədqiq edən tələbə və araşdırmacılara təmənnasız xidmət göstərməkdədirlər.

Xüsusilə COVİD-19 pandemiyasının ən ağır dövründə belə Azərbaycan Milli Kitabxanasının əməkdaşları bütün sorğularımızı ödəməyə çalışıblar. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tədrisi və tədqiqi ilə məşğul olan araşdırmacı kimi Milli Kitabxananın fəaliyyətini və xüsusən elektron sifariş xidmətini alqışlayır, tələblərim və öz adımdan Azərbaycan Milli Kitabxanasının fədakar əməkdaşlarına sonsuz təşəkkürümü bildirirəm. Ölkəmizlə bağlı tədqiqatlarımızın gizli qəhrəmanlarıdır onlar.



Azərbaycan həqiqətlərinin, Azərbaycan mədəniyyətinin təbliğində kitabxanaların rolu danılmazdır. Milli Kitabxanadan başqa Azərbaycan Respublikası Prezident Kitabxanasının Elektron Kitabxanasından bəzi kitabları əldə etmək mümkündür.  http://www.ebooks.az/ Mədəniyyət Nazirliyi tabeliyində olan və 1920-ci ildən fəaliyyətə başlayan Kitabxana Kollektoru da (http://bookcollector.az/haqqimizda/) bəzi sənəd növlərini əldə etmək üçün əhəmiyyətli elekton qaynaqlardandır. Ancaq qeyd olunan kitabxanaların elektron xidmətləri Milli Kitabxananın xidmətləri ilə müqayisə oluna bilməz.

Təbrizin soylu bir ailəsində doğulmuş hüquqşünas Bəy Hadinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği sahəsindəki fəaliyyəti əvəzsizdir. Bəy Hadinin şəxsi təşəbbüsü ilə hazırlanan Turuz kitabxanasından (https://turuz.com/) 18 000-dən çox kitab və əlyazmanın elektron formasını əldə etmək mümkündür.

AMEA və universitet kitabxanalarının da Milli Kitabxananın təcrübəsindən bəhrələnərək dünya standartlarında elektron xidmət verəcəklərinə ümid edirik.

Vüsalə MUSALI
Professor, Türkiyə Cümhuriyyəti Kastamonu Universiteti  

 





18.11.2020    çap et  çap et