525.Az

Nazir hazırda ənənəvi təhsilə qayıtmağı çox riskli sayır


 

Nazir hazırda ənənəvi təhsilə qayıtmağı çox riskli sayır<b style="color:red"></b>

"Koronavirus səbəbindən ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir. Çünki insanların həyatı, sağlamlığı daha vacib məsələdir".

525.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Hazırda Azərbaycanda koronavirusa yoluxma sayında rekord göstəricinin qeydə alındığını deyən nazirin sözlərinə görə, bəzi təhsil müəssisələri və ayrı-ayrı mərkəzlər ənənəvi təhsilə keçməyə cəhd göstərirlər: "Nazirlik olaraq, biz bu məsələləri monitorinq edirik. İndi valideynlərdən belə bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla ənənəvi təhsilin bərpa edilməsi Təhsil nazirliyi üçün arzuolunandır. Amma yoluxma sayı artdığı üçün biz bunu etmirik".

Hazırda distant təhsil və teledərslərin ən uyğun seçim olduğunu deyən E.Əmrullayev qeyd edib ki, Bakı və Sumqayıt məktəblərində şagirdlərin 75 faizi distant təhsildən yararlanır. Nazir əlavə edib ki, oktyabrın ortalarından noyabrın 2-dək şagirdlər üçün iki həftəlik tətil elan edilmişdi. Ona görə də ənənəvi tətil dövründə dərslər davam etdiriləcək.

Onun dediyinə görə, indi hər kəs böhranlı vəziyyəti bacardıqca səmərəli idarə etməyə çalışmalıdır. E.Əmrullayev vurğulayıb ki, postpandemiya dövründə artıq mövcud boşluqlar düzgün qiymətləndiriləcək və yaranan boşluqların doldurulması üçün müxtəlif üsullardan - yay proqramları, şənbə dərsləri və başqa formatdan istifadə ediləcək.

Nazir bildirib ki, II Qarabağ müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, bu tədris ilinin növbəti yarımilindən bununla bağlı məzmunda müəyyən dəyişikliklər ediləcək. Müharibədə əldə olunan qələbədən sonra təhsilin mövzusu bir neçə istiqamətdə dəyişəcək: "Birinci istiqamət əhval-ruhiyyə ilə bağlı məsələdir. İndiyədək hər bir müəllimimizin və təhsilimizin qarşısında duran əsas məsələ o idi ki, gənc nəsli Vətənin müdafiəsinə hazırlayaq. Bu missiya uğurla yerinə yetirilib. Növbəti missiya əldə edilmiş uğurların qorunması, eyni zamanda, məktəblilərimizi indiyədək üzləşdiyimiz risklərlə bir daha üzləşməməyə hazırlamaqdır".

Nazir deyib ki, işğal tarixlərini yadda saxlamalıyıq. Amma bununla bərabər, torpaqlarımızın işğaldan azad edilməsi və əldə edilən uğurlar şagirdlərə çatdırılmalıdır. Təhsil naziri əlavə edib ki, artıq həssas təbəqəyə aid olan 10 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciəti qeydə alınaraq təsdiqlənib.

Onun sözlərinə görə, bu həftə ərzində həmin tələbələrə təsdiq mesajlarının göndəriləcəyi gözlənilir: "Ancaq hələlik 1-ci kursda təhsil alan və bu meyarlara cavab verən tələbələr tərəfindən müraciətlər daxil olmayıb. Yəqin ki, onlar bu barədə məlumatlı deyillər. Həssas qrupa aid olan ailələrdən olan təhsilalanlar sistemdə qeydiyyatdan keçə və onların da təhsil haqları dövlət tərəfindən ödənilə bilər. Ancaq bunun üçün zəruri şərt həmin adamların sistemə müraciət edərək qeydiyyatdan keçməsidir. Biz dekabra qədər prosesi davam etdiririk".

E.Əmrullayev qeyd edib ki, keçən semestrdə 15 min, bu semestrdə isə 10 mindən çox tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Sevinc QARAYEVA

 





19.11.2020    çap et  çap et