525.Az

"525"in 28 yaşı - Media


 

"525"in 28 yaşı - <b style="color:red">Media</b>

Noyabrın 17-də "525-ci qəzet"in 28 yaşı tamam oldu.

"525"in oxucuları, daimi müəllifləri, elm, ədəbiyyat, mədəniyyət adamları, ölkəmizin ictimai-siyasi zümrəsinin tanınmış nümayəndələri, qələm dostlarımız redaksiya ilə əlaqə saxlayıb təbriklərini, xoş arzularını bildirdilər.

Bir çox tanınmış sosial şəbəkə istifadəçiləri də öz paylaşımlarında qəzetimizin ünvanına müxtəlif səpkili ürək sözlərini ifadə etdilər.

"525-ci qəzet"in 28 yaşı ilə bağlı təbriklərini və xoş arzularını bildirən hər kəsə təşəkkürümüzü bildirir, sosial şəbəkədə paylaşılmış fikirlərin bəzilərini oxucuların diqqətinə çatdırırıq.     

***

Əflatun AMAŞOV, Azərbaycan Mətbuat Şurasının sədri:

- "525-ci qəzet" xalqımız və dövlətimiz üçün əziz və müqəddəs olan 17 noyabr tarixində fəaliyyətə başlayıb. Bu gün 28 yaşını qeyd edir. Nə xoş ki, "525"in 28 yaşı Qarabağ hədəfli qələbəmizin qeyd edildiyi fəxarət dolu günlərə təsadüf edir. Hesab edirəm ki, bunda bir qanunauyğun var. Müstəqillik dövründə Azərbaycan mədəniyyətinin, incəsənətinin, poeziyasının, ümumən ictimai fikrinin və yaradıcılıq mühitinin böyük tribunasına çevrilmiş "525-ci qəzet"də Qarabağ niskilini daşıyan müxtəlif janrlı nə qədər yazılar dərc edilib? Güman edirəm, sayı-hesabı yoxdur.

Qəzetin səhifələrində - nəşrin müsahiblərinin, yazarlarının, daimi müəlliflərinin baxışlarında biz doğma Qarabağın az qala hər guşəsinin əsrarəngizlikləri ilə tanış olmuşuq. "525" özü ilə həmyaşıd olan işğal tarixçəmizin gətirdiyi üzüntüləri, sızıntılarını və məhrumiyyətləri də bizlərə çatdırıb. İmkan verməyib ki, başımıza gələnləri, işğalaqədərki Şuşanı, Ağdamı, Füzulini, Cəbrayılı, Kəlbəcəri, Qubadlını, Laçını, Xocalını unudaq. Bir nəşr xalqın malik olduğu dəyərə məhz belə sahib çıxa bilərdi. "525" də bu sahibliyi gerçəkləşdirməyi bacardı.

"525-ci qəzet" çağdaş jurnalistikamızda peşəkarlıq məktəbidir. O, söz sənətinin qədrini bilən, bu sənətə sədaqəti ilə seçilmiş insanların bir yerə toplaşaraq həvəslə çalışdıqları mərkəzdir. Qəzet həmçinin qəlbi, könlü yazıb-yaratmaqla dolub-daşan insanlara qucaq açmış tribunadır. Bu etimad statusunu qazanmaq üçün zəhmətə qatlaşmalısan, çətinliklərə sinə gərməlisən və nəhayət, güclü inama malik olmalısan. İnanmalısan ki, sən nə vaxtsa nümunə sayıla biləcək mətbuat orqanı yaradacaqsan. Bu günün oturuşmuş "525"i əziz dostum Rəşad Məcid başda olmaqla qəzetin əməksevər, zəhmətkeş, illərin sınağından çıxmış heyətinin gördükləri işə inam dolu sevgilərinin nəticəsidir.

"525-ci qəzet"in kollektivinin hər bir üzvünü nəşrin fəaliyyətə başlamasının 28 illiyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uğurlar və bol müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, 28 ildən sonra arzuladığımız, ərazi bütövlüyümüzün təmin olunduğu Azərbaycanda yaşamaq və yaratmaq şövqü "525"i daha böyük zirvələrə daşıyacaqdır.

Qismət RÜSTƏMOV, şair:

- Tələbəlik illərimdə böyük zövqlə oxuduğum, sehrindən bir neçə müddət çıxa bilmədiyim romanlardan biri də Rey Bredberinin "Farengeytlə 451 dərəcə" romanı idi. Bu romanda qəribə bir gələcək təsvir olunurdu. Bu qəribə gələcəkdə yanğınsöndürənlərin funksiyası dəyişib, onlar təlimat üzrə konkret ünvanlara gedib kitabları müsadirə edir, toplayıb yandırırlar. Həmin romandakı bir dialoqu bu gün də xatırlayıram, təxminən belə:

- Deyəsən, işlər kasaddır?

- Hə, dünən Dostoyevskini yandırmışıq, bu gün Folkneri...

Bredberinin baş qəhrəmanı Qay Monteq bir gün yandırmalı olduğu kitablardan birini xəlvətcə oğurlayır və Orxan Pamuk demiş, "bir gün bir kitab oxuyur və bütün həyatı dəyişir". Bundan sonra o, daim "iş vaxtı" kitab oğurlamağa başlayır və get-gedə adı qara siyahıya düşür. Monteq sonda öyrənir ki, şəhərdən aralıda, meşənin içində "kitab cinayətkarların"dan ibarət bir qrup yaşayır və gedib onlara qoşulur. Meşədəki bu alternativ cəmiyyətdə hər adam bir kitabı əzbər bilir və bu adamlar öz adlarından imtina edib əzbər bildikləri müəllifin adını götürüblər. Birinin adı Stendal olub, birinin adı Tolstoy, bir başqasının adı Kafka...

"525-ci qəzet" ədəbiyyatla qan qardaşıdır. O, müstəqillik tariximizdə yeganə qəzetdir ki, bədii sözün ikinci, üçüncü plana düşdüyü, ən ağır, ən ümidsiz günlərdə belə öz səhifələrində bacardığı qədər ədəbiyyata sığınacaq verib. "525-ci qəzet"in redaksiyasında elə adamlar var ki, onlar hərəsi Bredberin qəhrəmanları kimi, ən azı bir kitabın, bir müəllifin əvəzsiz dünyasını ürəklərinə köçürüblər.

Çağımızın böyük romançısı Salman Rüşdünün "Gecəyarısı uşaqları" adlı məşhur romanının təhkiyəçisi Hindistanın müstəqillik günündə dünyaya gəlib və mistik şəkildə onun sonrakı bütün həyatı ölkəsinin taleyi ilə kəsişir. Onun həyatı vətəninin taleyinə, vətəninin aqibəti onun həyatına təsir edir. Mənim nəzərimdə, müstəqillikdən bircə yaş kiçik olan "525-ci qəzet" də belədir. Əgər "525-ci qəzet"in ilk sayından bu günə qədərki sayları vərəqlənsə, orda həm ölkəmizin, həm də jurnalistikamızın keçdiyi yol bütün çalarları ilə ən aydın şəkildə görünəcək.

Bizdə çox da tanınmayan amerikalı yazıçı Con Bartın "Üzən opera" adlı bir romanı var. "Üzən opera" bir çayda tamaşa göstərən gəminin adıdır. Kitabdakı hadisələr qismən həmin gəmidə baş verir, amma əsas məsələ bu əsərin həyatımızla bağlı çox incə məqamlara eyham vurmasıdır. Təsəvvür eləyin ki, bu gəmi heç vaxt lövbər atmayacaq, çayın axını ilə gah aşağı, gah yuxarı sürüklənəcək, tamaşaçılar isə çayın hər iki sahilində oturub tamaşaya baxacaqlar. Gəmi yanlarından keçəndə göstərilən tamaşanın həmin vaxt hansı parçasıdırsa, ancaq onu görəcəklər, sonra isə bezib getməyiblərsə, tamaşanın başqa bir hissəni görmək üçün axının gəmini geri qaytarmasını gözləyəcəklər. Tamaşanın iki fərqli parçası arasındakı boşluğu doldurmaq üçün fantaziyalarını işə salmağa məcbur olacaqlar... Əslinə qalsa, çox vaxt nə baş verdiyini başa düşməyəcəklər, ya da bilməsələr də, bildiklərini düşünəcəklər. Deyəsən, həyat da belədir axı: dostlarımız, sevdiklərimiz, doğmalarımız axınla gözümüzün qabağından keçir, onlarla anlıq fraqmentlərdə üz-üzə gəlirik, amma axın onları aparır və bizə ancaq təsəvvürlər qalır. Axın onları təzədən yanımıza gətirəndə, ya dostluğumuzu yeniləyirik, ya da görürük ki, artıq bir-birimizi anlamırıq.

Bu üzən həyat operasında axın "525-ci qəzet"lə bizi nə vaxt görüşdürübsə, bir-birimizi başa düşmüşük, bəzən sözlərlə, bəzən isə sükutla...

Şamil SADİQ,  "Ustad" jurnalının baş redaktoru:

- "525-ci qəzet" yaranandan mövqeyini dəyişmədən, hədəfindən yayınmadan çalışır. Rəşad Məcid başda olmaqla bütün kollektivi bağrıma basır, təbrik edirəm!

Xatirə Rəhimbəyli, şairə:

- "525-ci qəzet" - sevimli qəzetim. Sözümün söykəyi, inandığım, arxalandığım, yazılarımın aman-güman yeri... Əziz adamlarımın məbədi... 28 yaşın mübarək! Bu yaş insan ömrünün ən gözəl, ən məsuliyyətli, ən anlayışlı dövrüdür. Mən Səni elə o yaşlarımda tanıdım, tapındım...

Səni var edən, araya-ərsəyə gətirən, Sənə el arasında "Ziyalıların qəzeti" dedirdən bütün qəzet əməkdaşlarını təbrik edirəm.

Rasim İSMAYILOV, jurnalist:

- Bütün "525"çiləri təbrik edirəm. 28 il əvvəl hələ də yadımdadır. “Azərbaycan" nəşriyyatının 4-cü mərtəbəsində uzun bir stol, üstü dolu kağızlar. Və milli mətbuatımıza uğurlu bir qəzet. Var olun dostlar. Uzun ömürlər!..

Günel İSGƏNDƏR, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri:

- Mən tələbə olanda "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bizə Jurnalistin praktik yaradıcılığı fənnindən dərs deyirdi. Bu dərslərin bizim jurnalist kimi formalaşmağımızda önəmindən danışmaq ayrı bir yazının mövzusu olar, bəlkə də.

Gənclərlə işləməyi çox gözəl bacaran Rəşad müəllimlə hansı ilklərimiz olmadı ki... Deməli, "525-ci qəzet"in bir səhifəsini bizə ayırmışdı - 1052-ci qrupun tələbələrinə. Həftədə bir dəfə yazılarımız yayımlanırdı, qəzetin adının yanında qrupumuzun nömrəsi də yazılırdı. Hələ şəxsi arxivimdə saxladığım bu yazılara görə bizə qonorar verirdi. Tələbə üçün qonorarın əhəmiyyəti hamıya məlumdur. Bizi qəzetin redaksiyasına əməkdaşlığa dəvət etmişdi. Avtoqraflı kitablarını bağışlamışdı.

Mühazirələrində maraqlı təsadüflərin müzakirəsini edərdik. Məsələn, tələbə yoldaşımız Günel Hacıyeva 525 balla Jurnalistika fakültəsinə daxil olmuşdu. Bizdən əvvəlki qrup olan 1050-ni iki yerə böləndə 525 edirdi. 1052-ni nə qədər iki yerə bölsək də, 525 etmirdi...

Bu gün isə "525-ci qəzet"in 28 yaşı tamam olur. Qələbə müjdəli daha gözəl illəriniz bol, qələminiz iti olsun!..

Ələmdar CABBARLI, şair:

- "525-ci qəzet"in baş redaktoru əziz Rəşad Məcidi və doğma kollektivi qəzetin 28 yaşı münasibətilə təbrik edirəm. Qəzetin 25 illik yubileyində çıxan kitabda yazmışdım ki, "525"lə bağlı ən böyük arzum onu Kəlbəcərdəki köşkdən almaqdır. Az qaldı, Rəşad bəy!..

 





19.11.2020    çap et  çap et