525.Az

Qəhrəmanlığa gedən yol - Yazı


 

Qəhrəmanlığa gedən yol - <b style="color:red">Yazı </b>

Azərbaycan qəhrəmanlar yurdudur... Gözəl deyim var ki, "Qəhrəman olmurlar, qəhraman doğulurlar..." Bəli, bu, həqiqətin özüdür. Qəhrəmanlıq qandan gəlir, insanın ruhunda olmalıdır. Necə deyərlər, vətənpərvərlik bələkdən başlayır.

Əliyev Hilal kimi... Xüsusi Təyinatlı Dəstənin (XTD) igidlərindən Əliyev Hilal Üzeyir oğlundan danışıram.

Hilalla 20 illik dostluq yolumuz var. Orta məktəbdən bəlli idi onun gələcək həyat yolu. Məktəbdə hərbi hazırlıq fənni tədris olunduqdan sonra Hilal daha çox bu fənnə üstünlük verirdi. Özünə hərbi paltar almışdı, hərbi hazırlıq fənninin dərsliyindən əlavə, hərbə aid kitablar, jurnallar əldə etmişdi. Həvəslə oxuyur, mümkün olanları tərcübədən keçirirdi. Ara-sıra məni də vadar edirdi ki, ona qoşulum. Dərsdən sonra atıcılıq kursuna yazılmışdı, vaxtım olduqca mən də onunla gedirdim.

Məktəbin hərbi təlimlərində Hilal xüsusilə aktiv idi. İstər məktəb, istərsə respublika üzrə yarışlara qatılır və hər dəfəsində də fərqlənirdi. Bir sözlə, o, bütün həyatını ta o vaxtdan bu sahəyə bağlamışdı.

Hərbi xidmətini başa vurduqdan sonra mənə dedi ki, gedək sənədlərimi verək Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinə, görək qəbul olacam?

Getdik, sənədlərini verdikdən sonra Hilal imtahanlarda yüksək nəticə göstərərək XTD-yə qəbul oldu. Bu, onun ən böyük arzusu idi. Nə xoş ki, onun bu sevincinin ilk şahidi mən olmuşam. Sevincinin həddi-hüdudu yox idi... Çünki arzusu olduğu yolda ilk addımını atmışdı. Bu, Qarabağa gedən yol idi... O, əmin idi ki, bu gün seçdiyi yol Qarabağa gedən yoldur. Onu Qarabağa aparacaq.

Bəli Qarabağa... 27 sentyabr 2020-ci ilə aparan yol...

Hilal İkinci Qarabağ döyüşlərinin ilk günündən xidmət etdiyi XTD qəhrəmanları ilə birlikdə döyüş meydanına atıldı, Qarabağın azadlığı uğrunda sinəsini sipər etdi.

Hilal oktyabrın ortalarına qədər döyüşlərdə iştirak edir və diz qapağından ağır zədə alır. Bir daha döyüşə qayıda bilməmək qorxusu ilə xəstəxanaya yerləşdirilir.

Müalicə aldığı müddətdə hər gün əlaqə saxlayırdıq. Hər gün də dostlarının döyüşdə, özünün isə xəstəxanada olmasından narahat idi, tez sağalmaq və yenidən döyüşə qayıtmağa can atırdı. Və oldu da...

Noyabrın əvvəllərində zəng elədi ki, qayıdıram döyüşə. Bir həftə əlaqə saxlaya bilmədik. Çox narahat idim. Elə həmin günlərdə cənab Prezidentimiz illərlə gözlədiyimiz o möhtəşəm Qələbə xəbərini verdi. Ondan az sonra Hilal da əlaqə saxladı və mən öyrəndim ki, uşaqlıq dostum Hilal Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub.

Bəli, zədəli halda, yenidən döyüşə qayıtdı. Və Şuşanın azadlığı uğrunda o şiddətli döyüşlərdə şücaət göstərdi, qəhrəmanlıq etdi... Qəhrəmanlar sırasına adını yazdırmağı bacardı... Onu canının ağrısını, acısını unutmağa vadar edən tək qüvvə vardı - Vətən sevgisi. Hilaldan da elə bunu gözləmək olardı.

Hilal və onun kimi qanıyla, canıyla Vətən Müharibəmizdə iştirak edən bütün oğullarımız gənclərə və gələcək nəsillərə örnək göstəriləcək igidlərdir.

O, saflığı, dürüstlüyü, şərəfi, qeyrəti özündə cəm edən əsl Türk oğludur. Onun kimi bir dostum olduğu üçün fəxr edirəm.

Hilal hələ də  Şuşada xidmətdədir. Cıdır düzündə  Xarıbülbülü qoxlayaraq Vətənin keşiyini çəkir...

Qəhrəman dostum! Allah sənin simanda bütün ordumuzu qorusun.

Allah şəhidlərimizə rəhmət eləsin, sizlərə isə can sağlığı versin!

Bu günləri sizə borcluyuq, tarix yazan oğullarımız!

 





24.11.2020    çap et  çap et