525.Az

"Yetər ki, insanın əqlində, düşüncəsində, əxlaqında qüsur olmasın" - Müsahibə


 

"CAVAN VƏ GÖZƏL OLMAQ ÜÇÜN ÜRƏYİNİZİ TƏMİZ SAXLAYIN, İÇİNİZİ FƏRAH TUTUN, QİDALANMAYA FİKİR VERİN"

"Yetər ki, insanın əqlində, düşüncəsində, əxlaqında qüsur olmasın" - <b style="color:red">Müsahibə</b>

Pandemiya dövründə hər kəsin özünə ayıracaq daha çox vaxtı var. Asudə vaxtdan səmərəli istifadə edib sağlam qidalanan, idmanla məşğul olan insanlar az deyil. Ancaq əksəriyyət sağlam qidalanmır, hərəkətsiz qalır, yuxu rejiminə diqqət etmir. Nəticədə piylənmə və artıq çəkidən əziyyət çəkənlər çoxalır və onlar artıq çəkilərdən qurtulmaq üçün müxtəlif yollar axtarırlar.

"Venus Legacy" (bədən korreksiyası) üzrə mütəxəssis Yeganə İmanova ilə söhbətimiz də elə bu mövzudadır.

Qeyd edək ki, Yeganə İmanova 1970-ci ildə Gürcüstanda anadan olub. Bakı Dövlət Universitetinin tibbi biologiya fakültəsini bitirdikdən sonra 10 il Azərbaycan Tibb Universitetinin Elmi-tədqiqat mərkəzində çalışıb. Hazırda "Çöhrə" estetik klinikasında "Venus Legacy" üzrə mütəxəssis kimi fəaliyyət göstərir.


- Yeganə xanım, bu sahəyə marağınız necə yarandı?

- Hər zaman baxımlı olmağı, gözəlliyi və estetikanı çox sevirdim. Uzun müddət bir laboratoriyada işlədim və sonra oranın məni sıxdığını hiss etdim. Artıq biliyimin və gücümün bu sahəni aşdığını görəndə daha yaxşı işdə işləməli olduğumu anladım. Elə o dönəmdə mənə indi çalışdığım işlə bağlı təklif gəldi. Həmin təklifin nəticəsində bu sahə üzrə Türkiyədə 6 aylıq təhsil aldım. Azərbaycana qayıtdıqdan sonra işimdə uğurlu oldum. Hazırda sahəm üzrə müəllimlərdən və mütəxəssislərdən sayılıram.

- "Venus Legacy" aparatı ilə bədən və üz korreksiyanın digər üsullardan fərqi nədir?

- Bu gün bütün dünyada estetik cərrahiyyə və bədən korreksiyası olduqca aktualdır. Bunu hətta xanımların gündəlik həyat tərzinə çevrildiyini də deyə bilərik. Amma təəssüf ki, estetik cərrahiyyə hər zaman özünü doğrultmur və ürəkaçan nəticə vermir. Bu zaman "Venus Legacy" arıqlama proseduru öz sözünü deyir. Sössüz ki, bütün bu prosedurların nəticəsi insanın özündən də asılıdır. Pasiyent deyilən qaydalara əməl etdikdə daha gözəl nəticə əldə olunur. Hər bir  sahədə olduğu kimi, bizim sahədə də pasiyent həkimlə birlikdə çalışmalı, deyilənlərə riayət etməlidir.

- Gələn pasiyentlər daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Azərbaycanda xanımların əksəriyyəti artıq çəkidən azad olmaq üçün müraciət edir. Bir çox xanım idmanı sevmir, ya da ailə-məişət qayğılarından özlərinə ayırmağa vaxtları olmur. Burda insanın daxili durumu, həyat tərzi də rol oynayır. Sözsüz, hər şey ideal ola bilməz. Ancaq insanın dünyaya baxışı, həyat sevgisi, daxili durumu sağlamlığına təsir edən əsas amillərdəndir. Əvvəllər Azərbaycan xanımları üçün fərqli, yazılmamış qanunlar var idi. Məsələn, ana olursa, mütləq kökəlməli, nənədirsə, saçları ağarmalı idi. Ancaq indi bu qaydalar qırılıb. Bu gün baxımlı, formada qalan və ailəli xanımlar olduqca çoxdur. İnsan özünü nə qədər tez formaya salsa, bir o qədər yaxşı nəticələr əldə edəcək. Problemlərin yaranmasında digər səbəb isə xəstəliklər və psixoloji sarsıntılardır. Əsəbdən, stresdən artıq çəki alan xanımlarımız olduqca çoxdur. Onların həyat tərzini bilmədən qınaya, ya da hər kəsdən eyni dərəcədə özünə diqqət etməsini gözləyə bilmərik. Bu, düzgün olmaz. Ancaq xanımlar özlərini maksimum dərəcədə müsbət notlar üzərində kökləməlidirlər. Səbəblər arasında doğuş, doğuşdan  sonrakı dönəmlər var. Bu, qüsur deyil. Sadəcə, bir dönəmdir, keçəcək. Çox kilo almamaq şərti ilə, bunları dərd etməyə dəyməz. Onu da deyim ki, insan özünə kompleks etmirsə, xoşbəxtdirsə, bir az artıq çəki onun qüsuru deyil. Yetər ki insanın əqlində, düşüncəsində, əxlaqında qüsur olmasın. Bunlar görkəmdən daha böyük qüsurlardır.

- Artıq çəki problemlərinin özümüzdən asılı olan və olmayan səbəbləri nələrdir?

- Özümüzdən asılı olan əsas səbəb yemək yeməyi idarə edə bilməyimizdir. Mədə elə bir orqandır ki, nə qədər yesəniz, dolacaq. Ən böyük problem də yemək yeyərkən telefon, kompüter və televizorla çox ünsiyyətdə olmağımızdır. Bu zaman beyinlə mədənin əlaqəsi itir. Mədə doyub-doymadığının fərqində olmur. Məsələn, açıq havada, təbiət qoynunda yemək yeyəndə insan özünü elə rahat hiss edir ki, sanki heç nə yeməyib. Çünki beyinlə mədənin əlaqəsi yerində olur. Biz, eyni zamanda, üz korreksiyası da edirik. Üzdə yaranan problemlər isə bəzən vərdişlərdən irəli gəlir. Ancaq səpkilər və yaralar bir neçə səbəbdən yarana bilir. Məsələn, xanımlarda yeniyetməlik dönəmində, daxili orqanlarda olan problemlər, qurdun olması və yediyi hansısa qidaya qarşı həssaslığı nəticəsində yarana bilir. Bəzən isə irsi olur. Ən vacibi isə, gigiyena qaydalarına düzgün riyaət etməyimizdir. Bəzən yeniyetmələrdə pintilik yaranır. Bu, hormonol fon tam yerinə düşmədiyi üçündür. Hormonların artıq və ya əskik olduğu üçün orqanizmin tərpənir, özünü tanımağa çalışır. O, tam özünü tanıyıb, o dövrü keçənə qədər pintilik və tənbəllik yaranır. Həmin dövrdə onlara kömək etmək lazımdır. Xüsusilə valideynlər yeniyetməlik dövründə uşaqlarının gigiyena qaydalarına riayət etmələri üçün diqqətli olmalıdırlar. Problem yarandıqda isə həkimə müraciət etsələr, daha uğurlu nəticə əldə etmiş olarlar.

- Baxımlı, gənc qalmaq üçün sadəcə təmizlik lazımdır?

- Buxaq xəstəlik deyil, artıq nahiyənin yaranmasıdır. Ayağın, belin kök olması xəstəlik deyil, artıq çəkidir. Psixoloji gərginliyin, çox yeməyin, hərəkətsizliyin fonunda bədənin aldığı artıq kilodur. Xəstəlik başqa şeylərdir. Cavan və gözəl olmaq üçün ürəyinizi təmiz saxlamalı, içinizi fərah tutmalı, qidalanmaya fikir verməlisiniz, idman etməlisiniz. Əgər idman edə bilmirsinizsə, ən azından açıq havada gəzmək, yürüş etmək lazımdır. Bütün xanımlarımıza gün ərzində ən az 10 min addım yol getməyi tövsiyə edirəm. Bu, çox gözəl effekt verir - həm ürək üçün yaxşı proqramdır, onun hərəkətini tənzimləyir, həm də bədəni aktivləşdirir. Biz qış fəslində su içməyin qaydası ilə bağlı videoçarx paylaşmışdıq. Yay fəslində soyuq su içilir, bunun da səbəbləri var - isti faktoru, tərləmə. Amma bu hal qışda alınmır. Bir çox xanımlar deyir ki, qışda soyuq su içə bilmirəm. Bu, vərdişdir. Qış fəslində hər gün 4 stəkan qaynar su içmək lazımdır. Bunlardan birini səhər acqarına içmək vacibdir, mədə-bağırsağın, metobalizmanın fəaliyyətini sürətləndirir. Qalan 3 stəkan suyu da gün ərzində bölüşdərərək axşam saat 7-yə qədər içmək məqsədəuyğundur.

- Bəzən xanımlar əlavə kosmetik vasitələrdən istifadə edirlər. Bu vasitələrin faydası, ya da ziyanı varmı?

- Hər biri sadəcə baxımdır. Mazlar və kremlərdən daha çox üz üçün istifadə olunur. Bunlar mütləq dəri tipinə uyğun düzgün seçilməlidir. Hansısa dərman vasitəsindən istifada edirsinizsə, mütləq nə üçün olduğunu, tərkibində nələrin olduğunu qablaşdırmanın üzərindən oxuyun. Ən doğru yol isə həkimə müraciət etməkdir. Kosmetoloq və dermatoloq  düzgün seçim etmək üçün sizi daha yaxşı istiqamətləndirəcək. Təbii ki, hər bir problemin həlli həkim deyil. Özünüz də daha məntiqli seçim etsəniz, nəticəsini görəcəksiniz. Bədən üçün istifadə olunan vasitələrin isə heç bir zərəri yoxdur, əksinə, daha da yaxşı nəticə verəcək. Xüsusilə qış aylarında dərimizin qurumaması, qalxanabənzər vəzlərin yaranmaması üçün baxım önəmlidir. Bütün vasitələrdən həddən çox istifadə etməmdikdə və düzgün seçim etdikdə heç bir əks təsiri olmur.

- Sizin sahənizlə bağlı müalicəsi olmayan hansısa xəstəlik varmı?

- Dünyada bir çox xəstəliyin müalicəsi yoxdur. Bədxassəli şişlərlə bağlı və buna bənzər bir neçə xəstəliyin hələ ki dünyada müalicəsi tapılmayıb. İstənilən xəstəliyin müalicəsi onun erkən diaqnostikasından və erkən aşkarlanmasından asılıdır. Ağırlaşmış xəstəliklərə əlac etmək bir qədər çətin olur. İlk növbədə hər bir insan özünün həkimi olmalıdır. Hər hansısa bir ağrı hiss edən insan anlamalıdır ki, bədəndən siqnal var və orqanizm ondan kömək istəyir. Bunun ezoterik yönü də var, sadəcə olaraq bu hal Azərbaycanda bir o qədər geniş yayılmayıb. Bədəndən gələn həmin siqnal hiss olunduqda dərhal həkimə müraciət etmək, müayinə olunmaq mütləqdir. Əgər hər hansısa xəstəlik aşkar olunarsa, onun qarşısı erkən müayinədə alınmalıdır. Bunu bəzən möcüzə ilə əlaqələndirirlər. Bildirirlər ki, xərçəng xəstəsi gedib təbiətdə yaşadı, təbiətlə çox ünsiyyətdə oldu, çiy qidalara üstünlük verdi və sağaldı. Bəli, təbiətin yaratdığı güclü bir mexanizm var. Buna düzgün yanaşıb ağıllı şəkildə istifadə etmək lazımdır.

- Daha çox hansı yaş aralığında olan insanlarla işləyirsiniz?

- Ən yaşlı pasiyentimin 58 yaşı olub. Bununla belə, 65 yaşlı insanla da çalışmışam. Bu, 55 yaşdan yuxarı xanımlara kömək məqsədi daşıyır. Bildiyiniz kimi, 55 yaşdan qadın orqanizmi menopoz deyilən bir dövrə girir. Orqanizmdəki bir çox proses ləngiməyə başlayır. Ləngidiyi üçün bədən və korreksiya məsələləri geridə qalır. Biz bu zaman buxağı yığa bilirik, üzünün ovalını düzəldirik, qırışlarını açırıq, qolunu yığırıq. Amma 55 yaşa qədər olan pasiyentlərmizin müraciətindən çox gözəl nəticələr əldə etməyi bacarırıq.

- Nə vaxtsa müalicəsindən imtina etdiyiniz pasiyentiniz olubmu?

- Bəli, olub. Baxmışam ki, pasiyent tənbəldir, prosedura əməl etmir. Bütün müalicə alanlarla əlaqələrimiz var. Həmin şəxs ikinci dəfə gələndə ona bildirirəm ki, biz razılığa gələ bilmirik və özləri də bunu başa düşürlər. Bu işə ürəklə yanaşıram və proses olduqca zəhmət tələb edən bir işdir. Belə pasiyentlər özləri də utanırlar, qeyd edirlər ki, Yeganə xanım, deyəsən, özümüzə gücümüz çatmayacaq. Mən də razılaşıb müalicəni dayandırıram.

- Bəzi insanlar problem olmadığı halda müalicə almaq istəyirlər. Belə pasiyentləriniz olub?

- Olub. Bəzi qızlar gəlirlər və müalicə etdirmək istədiklərini deyirlər. Baxıb deyirəm ki, sən gözəlsən, müalicəyə ehtiyacın yoxdur (gülür).

- İnsanlara tövsiyələriniz...

- İstər xanımlarımıza, istərsə də bəylərimizə yeganə tövsiyəm odur ki, sağlamlıq hər şeydən önəmlidir. Sağlamlığınızın qədrini bilin, sağlamlığınıza dəyər verin. Vaxtında bunun qədrini bilin ki, sonra peşman olmayasınız. 

Aytac ASLAN

 





25.11.2020    çap et  çap et