525.Az

Zamanın qəddarlığı


 

Zamanın qəddarlığı<b style="color:red"></b>

... Nimdaş kiteli yorğun bədənindən sallanan çiyni çantalı kişi elə özünə bənzəyən köhnə evin beş-altı addımlığında heykəl kimi dayanıb baxır. Buraya qədər uça-uça, ürəyi ağzına gələ-gələ yürümüşdü. İndi sonuncu beş-altı addımı  atmağa taqəti yoxdu sanki... Ev ev... Suyu sovulmuş dəyirmana, sonaları ürküşmüş gölə,.. bir sözlə, atılmış, unudulmuş nəyə desən bənzəyən, pilləkənindən tutmuş damınacan hər qarışında şirin, kövrək xatirələr uyuyan ata ocağı... Bu evi heç kəs atmamışdı, yox. Sakinləri başqalarının çiynində bir-birinin ardınca o biri dünyaya köç etmişdilər. ana İliniçnadan savayı heç biri öz əcəliynən ölməmişdi...

Bir zamanlar xutordakı evlərin heç birindən fərqlənməyən yoxsul görkəmli, dolu süfrəli daxmada həyat qaynayırdı. Bir sürü adam yaşayırdı içində. İstilik vardı, doğmalıq vardı hər küncündə. Didişirdilər, küsüşürdülər, barışırdılar, ağlayırdılar, gülürdülər. Səhərdən axşamacan öküz kimi işləsələr , əylənməyə, şənlənməyə vaxt tapırdılar. İçib keflənəndən sonra ağız-ağıza verib oxuduqları mahnılar Don çayının üstündən uçub meşələrə, çöllərə yayılırdı. Ev yiyəsi, acıdil, axsaq Panteleyin dilindən söyüş düşməsə , fikri-zikri ev-ailə qayğılarıydı. Arvadı İliniçna  bütün günü ağır bədəniynən mətbəxdə, həyət-bacada vurnuxurdu. Böyük oğul Pyotrla qısır, gözüdağınıq arvadı Darya özlərini qonaq kimi aparsalar da, ailəni tamamlayırdılar. Kiçik oğul Qriqori gecələr aranı xəlvət görən kimi özünü qonşu Stepanın gözəl arvad Aksinyanın isti qoynuna atırdı... Sonra könülsüz-könülsüz evləndirdilər onu...

Bütün işlər ürəkaçan olmasa da, əsas olan bir şey vardı: hamı sağ-salamat idi başqalarının deyəcəklərini gözə almadan hər kəs öz həyatını yaşayırdı... Elə qonşular, lap bütün xutorlular da onlar kimi. Kişilər işləyir, maxorka çəkir, içib keflənir, "gecə gəzintiləri" çıxır, dalaşır, yumruqlaşırdılar. Qadınlar da onlar kimi... hər şeyə vaxt tapırdılar: qeybətə , paxıllığa da, yeri gələndə, xəyanətə ...

Hamının süfrəsi bol, daxması istiydi. Heç kəs nəyinsə dəyişəcəyini ağlına belə gətirmirdi. Ancaq olacaqlardan kim qaça bilib ki, ... Günlərin birində bu kiçik xutora da yad küləklər əsdi. Gah soyuyan, gah istiləşən küləklər... Adamların dilindən təzə sözlər eşidilməyə başladı: inqilab, Lenin, bolşeviklər, qırmızılar, ağqvardiyaçılar, Kerenski, Kornilov...

Hərə bildiyi kimi, anladığı qədər qəbul elədi baş verənləri. Kimi torpaqların bölünməsi xəbərini eşitmək belə istəmədi, kimi ərzaq sapalağını şeytan əməli  tək qarşıladı. Bolşevikləri xoşbəxtlik günəşi kimi qarşılayanlar da oldu, ağqvardiyaçılara qoşulan da, çaşıb ortada qalanlar da... Haqsız, səriştəsiz qərarların, qəfil güllələrin qurbanları da az olmadı...

 

lll

 

Özü neçə dəfə bu evdən bezib, küsüb getdi. Dördbir yanında qaynayan hadisələrdə yerini, taleyini axtardı. Başına nələr gəlmədi. Çox zaman baş verənləri düzgün anlaya bilmədi, qəti addımlar atmaqda çətinlik çəkdi. Azdı, çaşdı, səhv elədi. Sevdiyi qadının xəyanətini, sevmədiyi arvadının sədaqətini gördü. Döyüşlərdə yaralandı, mükafatlar aldı. Nəyin uğrunda vuruşduğunu bilməsə , döyüşlərdə amansız oldu. Ancaq qorxunun yuva sala bilmədiyi ürəyini şübhələr gəmirdi ara-sıra...

Hər dəfə yorulanda, bezəndə ata evinə döndü. Hər gəlişində bu evdə birinin yoxluğunu gördü. Sakit, sədaqətli Natalya ona əkiz uşaq-bir oğlan, bir qız doğmuşdu. Bir gəlişində uşaqları əməlli-başlı böyüyən gördü... İnsan özünə bəxt yaza bilməz. Toy günündən bəri hər ağrı-acıya dözən Natalya bu evdə qocalıb-qarımadı. Qrişanı özünə bağlaya bildi, özünü bu dünyaya. Üçüncü uşağı dünyaya gətirəndə... özü işıqlı dünyaynan vidalaşdı...

Kimin ağlına gələrdi ki, ipə-sapa yatmayan, bütün əndamıynan dördbir yanına naz satan Darya öz istəyiynən bir gün Donun sularına qovuşacaq... Ona qədər Pyotru qırmızılar güllələmişdilər. Qoca Panteley müharibədən dönmədi. Ana sakit yaşadığı kimi, günlərin birində sakitcə gözlərini yumdu...

İndi bu evdə onu kimlər gözləyirdi?! Sonbeşik Dunyaşa onun kommunist əqidəli, kinli əri...

 

lll

 

Ona bu zalım dövranın acılarını unutduran bir qadın vardı. Həm qəlbinin bütün nəvazişini verdiyi, həm övkəsini, acısını tökdüyü qadın. Son dəfə bir cəhd elədilər talelərini həmişəlik bağlamağa. Bir boxça düzəldib düşmüşdü sevdiyi kişinin yanına. Harayacan gedərdilər, gedərdilər. İndiyəcən çox çəkmişdilər-dilə-dişə düşmüşdülər, qınaq hədəfi olmuşdular. Daha bitdi hər şey. Bundan sonra ayrılmayacaqlar. Buraya qədər itirə-itirə, dözə-dözə gəlmişdilər. Daha itkilər olmayacaqdı. Fərəhsiz olsa, bundan belə sevgiynən yaşayıb bir yerdə qocalacaqdılar...

Çovuyan güllənin düşünəcək, istəklərdən, diləklərdən anlayacaq beyni yoxdu ki... Tənha bir ağacın altında qəbir qazıb öz əliynən basdırdı sevgili Aksinyasını. Ona əsl sevginin əsl qadının demək olduğunu daddıran yeganəsini. Oturub bir papiros da çəkdi. Təkcə birinimi?! Bəlkə papiros kötükləri qalaqlandı o təzə qəbrin yanında. Bir yanda da Aksinyanın boxçası. İçində vardı o boxçanın? ola bilərdi ki?! Bir dəst dəyişəcək, güzgü-daraq, bir olsa-olsa ucuzvari ətir... Niyə dünyanın hər yerində qadınlar öz səadətlərinin dalınca qoşanda boxça tuturlar? O boxçanın içində təkcə gözlə görünənlər olmur. Həsrətdən, intizardan tutmuş ümidə, sevgiyəcən, bir sözlə, yaşantılarından gözləntilərinəcən bütün olanlarını yığıb yola çıxar qadınlar...

Bəzən beləcə açılmamış qalar boxçaları...

Keşkə, onu da torpağa gömsəydi sahibəsiynən bir yerdə...

İndi tək canını götürüb gəlib ata yurduna... Ayağını köhnə taxta pilləkənə qoyanacandı, sonra... yeni həyat başlanacaq. Köhnə ömrün davamı... Calaq, yamaqlı, dadsız bir ömür. Qəlbindəkilər olacaq, bəs?! Susmayacaqlar- gəmirəcəklər, dağıdacaqlar içəridən... Bircə çarəsi var bundan qurtulmağın...

Mümkün qədər öz-özüynən tək qalmamaq...

P.S. Hər dəfə kəndə-ata evimizə gedəndə qarşıma çıxmayan doğmalarımın ruhuna bağışlayıram bu yazını...

P.P.S. Mən "Sakit Don" filminə baxırdım...

 





13.02.2014    çap et  çap et