Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.
525.az APA-ya istinadən xəbər verir ki, H. Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.
“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.