525.Az

Londonda Xəzər Dəhlizi Konfransı keçiriləcək


 

Londonda Xəzər Dəhlizi Konfransı keçiriləcək<b style="color:red"></b>

Martın 7-də Londonda ikinci Xəzər Dəhlizi Konfransı (Caspian Corridor Conference) keçiriləcək.

London Fond Birjasında keçiriləcək bu tədbir London Fond Birjası Qrupu (LSEG), Azərbaycan Beynəlxalq Bankı (ABB), Britaniya-Azərbaycan Biznes Şurası (BABC) və «Asia House» tərəfindən təşkil olunacaq.
 
Azərbaycan Beynəlxalq Bankından «APA-Economics»ə verilən məlumata görə, Xəzər Dəhlizi Konfransı regionun iqtisadi inkişaf perspektivləri və tendensiyalarını müzakirə etmək üçün Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes dairələri, elmi dairələr və KİV nümayəndələrini birləşdirir.
 
Qeyd edək ki, 2012-ci ildə Londonda keçirilmiş ilk Xəzər Dəhlizi Konfransının böyük uğurla nəticələnmiş təqdimatından sonra konfransın ikinci dəfə keçirilməsi haqqında qərar qəbul edilib.
 
Xəzər dəhlizi regionu Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Tacikistanı birləşdirir. Regionda iqtisadiyyatın diversifikasiyası, güclü regional iqtisadi əməkdaşlıq və iqtisadi sabitlik son bir neçə ildə yüksək iqtisadi artımı  təmin edib və yaxın gələcəkdə davam edəcək. Beynəlxalq Valyuta Fondunun  proqnozlarına əsasən, region üçün ÜDM-in artım tempi 2014-cü ildə 6% təşkil edəcək. Maliyyə xidmətləri sektorunun inkişafı, regional və milli infrastruktura sərmayələr beynəlxalq ticarət və sərmayələrin inkişafı üçün imkanları artırır.
 
Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr müzakirə ediləcək, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək. Tədbirdə Böyük Britaniyanın inkişaf etmiş iqtisadiyyat sektorlarını təmsil edən və yönəldən şəxslər tərəfindən məruzələr və yüksək səviyyəli müzakirələrin aparılması nəzərdə tutulub.
 
Konfransda həmçinin Xəzər dəhlizi ölkələri üçün xüsusi inkişaf yolları müzakirə ediləcək. Azərbaycan son 10 il ərzində 1,2 mln. iş yeri yaradaraq və iqtisadiyyatın üçqat artımını nümayiş edərək, investorları diqqətini cəlb etməkdə davam edir. Regionun dəniz infrastrukturunun genişləndirilməsi və inkişafı 2017-ci ilə təxminən 16 mln. ton yük dövriyyəsinə çıxmağı hədəf götürüb.
 
«Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur və çalışırıq ki, Böyük Britaniya və digər beynəlxalq sərmayəçilərlə daha güclü və geniş əlaqələr quraq», - deyə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.
 
«İkinci Xəzər Dəhlizi Konfransına dəstək olmağa şadıq. Böyük Britaniya və dinamik inkişaf edən bu region arasında işgüzar əlaqələr möhkəmlənir və biz gözləyirik ki, bu vəziyyət 2014-cü ildə və sonrakı illərdə davam edəcək. Konfrans  Xəzər dəhlizi ölkələri və London nümayəndələri üçün real dəyərlər, işgüzar münasibətlər qurmağa imkan yaradır», - deyə London Fond Birjası Qrupunun baş icraçı direktoru Xavyer Rolet bildirib.

 





13.02.2014    çap et  çap et