525.Az

Avropa İttifaqına inteqrasiya Gürcüstana nə vəd edir?


 

Avropa İttifaqına inteqrasiya Gürcüstana nə vəd edir?<b style="color:red"></b>

Geridə qalan 2013-cü il Gürcüstan üçün iki əlamətdar siyasi hadisə ilə yadda qaldı. Ötən ilin oktyabrında keçirilən prezident seçkilərinin nəticəsində Gürcüstanda yeni siyasi sistem tam olaraq formalaşdı. "Gürcü arzusu" iqtidar partiya, onun nümayəndəsi Georgi Marqvelaşvili isə ölkə prezidenti oldu. Mixeil Saakaşvilinin Vahid milli hərəkatı müxalif mövqeyə keçdi, onun keçmiş lideri isə cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ölkəni tərk edərək ABŞ-a getdi.

Digər əlamətdar hadisə isə ondan ibarət oldu ki, 29 noyabr 2013-cü il tarixdə Vilnüsdə Gürcüstan hökuməti Avropa İttifaqı ilə assosiasiya və azad ticarət haqqında müqaviləyə imza atdı. 1000 səhifədən ibarət müqaviləni Gürcüstan xarici işlər nazirinin müavini David Zalkaliani imzaladı. O bu hadisəni tarixi adlandıraraq bildirdi ki, ölkəsi üçün avrointeqrasiya prosesi artıq vazkeçilməzdir.

Hazırda Gürcüstan formal olaraq avrointeqrasiya prosesinin iştirakçısına çevrilib. Qeyd etmək lazımdır ki, söhbət hələ Aİ-yə üzvlükdən yox, siyasi və iqtisadi assosiasiyadan gedir. Lakin bu nailiyyətin özü də Gürcüstana asan başa gəlməyib. On ilə yaxın müddət ərzində ölkə qeyd-şərtsiz Avropa İttifaqının və xüsusilə də ABŞ-ın tövsiyələrinə əməl edib. Bunun üçün Gürcüstan iqtisadiyyatının oriyentasiyasını sərt şəkildə dəyişmək məcburiyyəti yarandı. Rusiya satış bazarı siyasətə qurban verildi. Ölkə xarici investorlar üçün lazımi şərait yaratdı, nəticədə, Avropa biznesi ən sərfəli aktivləri özəlləşdirdi.

Gürcüstan rəhbərliyinin ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, Avropa İttifaqının tələb etdiyi siyasi və iqtisadi islahatların aparılması barədə şübhə doğurmayan mövqeyinə baxmayaraq, Brüsseldə gürcü tərəfinə yönəlmiş xeyli suallar qalmaqdadır. Gürcüstan digər postsovet ölkələrinə nisbətən korrupsiya ilə mübarizə, biznes mühitinin yaxşıladırılması və digər islahatlar baxımından ciddi nailiyyətlər əldə etsə də, onun avropalı tərəfdaşlarının iradları əsasən anti-inhisar xidmətin ləğvi, yeni əmək məcəlləsi ilə bağlı islahatlar və digər məsələlərə yönəlib.

Avropa İttifaqı ilə razılaşdırılmış sənəddə hələ də çoxlu sayda tələblər mövcuddur. Gürcüstan son razılığa gəlmək üçün ilin sonuna qədər onları yerinə yetirməlidir. Burada qanunvericiliyin harmonizasiyası, siyasi islahatlar, ədliyyənin Avropa standartlarına müvafiq kondisiyaya çatdırılması, readmissiya haqqında razılaşma, sonradan Avropa bazarına çıxarılması nəzərdə tutulan məhsulların keyfiyyətinin yaxşılaşdırılması, özünüidarəetmə sisteminin, təhsilin Avropa standartlarına uyğunlaşdırılması və s. çoxsaylı tələblər öz əksini tapıb.

Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesinin mürəkkəb prosedur mərhələləri, sonu görünməyən çoxsaylı şərtlər və tələblər bir çox skeptik xarakterli mülahizələrə yol açır və suallar yaradır:

Birincisi, "Gürcüstan son nəticədə Avropa İttifaqının tamhüquqlu üzvü ola biləcəkmi" sualı ortaya çıxır.

"Ukrayna seçimi" İctimai hərəkatının lideri Viktor Medvedçukun mövqeyinə görə, Gürcüstanın onillik Avropa inteqrasiyasının nümunəsi göstərir ki, bu ölkənin Aİ-nin tələblərinə görə verdiyi qurbanlar nə dərəcədə əsassızdır, çünki köhnə şərtlərin əvəzinə yeniləri irəli sürüldü, lakin Gürcüstan hələ də Avropa İttifaqına üzv olmadı (bax: На примере Грузии видна бесперспективность евроинтеграции – В.Медведчук / "Unn.com.ua", 28 avqust 2013).

Gürcüstan, əgər Rusiyanın sərhədləri yaxınlığında və enerji daşıyıcılarının nəqli yolunda yerləşməsəydi, çətin ki, öz ölçüləri və Avropanın əsas ərazisindən uzaqlığı baxımından Aİ-nin ciddi maraq dairəsinə daxil ola bilərdi. Lakin, digər tərəfdən, məhz bu coğrafi mövqeyi, çox güman ki, Gürcüstanın həmin birliyə üzv olmasını əngəlləyir. Cənubi Qafqaz regionu yalnız Rusiya ilə yox, həm də İranla həmsərhəddir və ehtimal azdır ki, Avropa İttifaqı yaxın perspektivdə öz sərhədlərini İran və Mərkəzi Asiyaya yaxınlaşdırmağa hazır olsun. Güman etmək olar ki, məhz bu səbəbdən "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin Aİ-yə üzv olmaları üçün yerinə yetirməli olduqları tələblər vaxtilə Baltikyanı ölkələrə yönəlmiş tələblərə nisbətən müqayisəyəgəlməz dərəcədə daha ağırdır.

Skeptik mülahizələr yaradan ikinci sual isə Gürcüstanın Avropa İttifaqındakı siyasi və iqtisadi perspektivləri ilə bağlıdır.

Beynəlxalq "Avroasiya hərəkatının" administrasiya rəhbəri Leonid Savin hesab edir ki, "Şərq tərəfdaşlığı" – Aİ-nin bəzi keçmiş sovet respublikaları hesabına öz təsir dairəsini genişləndirmyə, sonradan isə Avropa hüququ və iqtisadi mexanizmlərini yeritməklə bu əraziləri öz nəzarətində saxlamağa yönəlmiş bir siyasətdir. Kapitalizm məntiqi baxımından "Şərq tərəfdaşlığı" – yeni satış bazarı, resurslar, ucuz işçi qüvvəsi əldə edilməsi vasitəsidir. Hərbi aspektdən nəzərdən keçirsək, Gürcüstanın NATO-ya cəlb olunması Qərb silah sistemlərinə keçilməsini nəzərdə tutur ki, onları da yalnız Şimali Atlantika Alyansının üzvləri istehsal edirlər (bax: Леонид Савин. Иванишвили сразу же после победы заявил о стремлении Грузии в НАТО, а этот вопрос очень чувствителен и принципиален для России / "Geworld.ge", 29 oktyabr 2012).

Digər tərəfdən, Avropa İttifaqına üzv olan Baltikyanı postsovet respublikaların hazırkı sosial-iqtisadi durumlarının hələ də ürəkaçan olmaması da optimizmə əsas vermir. Məsələn, Litvada yaşlı əhalinin təqaüdünün orta səviyyəsi 150-200 avronu keçmir, qiymətlər isə demək olar ki, Berlindəki kimidir. 400 minə yaxın insan Qızıl Xaç və digər təşkilatlardan ərzaq yardımı alır. Bu ölkələrdə xarici kapital (xüsusilə bank sektorunda) böyük üstünlük təşkil edir. Latviyada 80% bank kapitalı Skandinaviya banklarına məxsusdur ki, nəticədə, Maliyyə Nazirliyinin şöbə müdiri vəzifəsi səviyyəsində təyinatlar belə Latviyanın Kommersiya Bankları Assosiasiyası ilə razılaşdırılmalıdır. Burada isə başlıca səlahiyyət xarici banklara məxsusdur. Baltikyanı ölkələrdə iqtisadi vəziyyətlə yanaşı, sosial vəziyyət də qənaətbəxş deyil. Məsələn, Estoniyanın bir çox rayonlarında kəskin şəkildə həkim çatışmazlığı hiss olunur, çünki bu ölkədəki həkimlərin əksəriyyəti əməkhaqqının 7-10 qat üstün olduğu Finlandiyaya çalışmağa gedirlər (bax: Конференция "Прибалтийский опыт евроатлантической интеграции: возможно ли повторение в Грузии?" / "Georgiamonitor.org", 21 noyabr 2012).

Baltikyanı respublikaların, Yunanıstan, Kipr, Balkan ölkələrinin nümunələrinə baxmayaraq, Gürcüstanın siyasi elitasında avroskeptisizm hiss edilmir. Ölkənin nə siyasi, nə də ekspert dairələrində onun geosiyasi seçiminin nəticələri demək olar ki, müzakirə olunmur. Burada Avropa İttifaqına üzv olmaq ideyası bir növ ideoloji oriyentirə çevrilib. Gürcüstan Avropa İttifaqına gedən yolda inamla addımlayır, lakin bu yolun sonunda onu nə gözlədiyini, regionda baş verən geosiyasi proseslərin sürətli axını fonunda proqnozlaşdırmaq hələ ki, çətindir.

Newtimes.az

 





13.02.2014    çap et  çap et