525.Az

1930-cu ildən sonra oktyabr ayında ən isti temperatur bu il qeydə alınıb


 

1930-cu ildən sonra oktyabr ayında ən isti temperatur bu il qeydə alınıb<b style="color:red"></b>

“Hazırda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 3 dərəcə yuxarıdır, amma anomal temperaturlar hələ ki, müşahidə olunmur. Əvvəlki illərdə oktyabr ayında bundan da isti hava müşahidə olunub”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, hazırda oktyabr ayı üçün xarakterik temperaturlar müşahidə olunur: “İndi müşahidə olunan 23-25 dərəcə isti anomal sayılmır. Əvvəlki illərdə 27, 28, hətta 29 dərəcə isti də müşahidə olunub. Ən isti oktyabr ayı isə 1930-cu ildə qeydə alınıb. Həmin ildə maksimal temperatur 35,1 dərəcə olub. Ondan sonra oktyabr ayında ən isti temperatur göstəricisi bu ilin oktyabrın 9-da qeydə alınıb. Həmin gün temperatur 32,7 dərəcə olub”.

A. Verdiyev deyib ki, oktyabr ayında havaların belə isti keçməsi sırf sinoptik şəraitlə bağlıdır: “Cənub-şərq küləklərinin əsməsi ilə əlaqədar ölkə ərazisində belə isti hava şəraiti müşahidə olunur. Azərbaycan ərazisinə isti hava şəraiti əsasən cənubdan daxil olur. Ölkə ərazisində yaxın 3 gün ərzində də belə isti hava şəraiti hökm sürəcək”.

 





17.10.2012    çap et  çap et