525.Az

Ömrün zirvəsi...


 

Ömrün zirvəsi...<b style="color:red"></b>
Mən Arif müəllimin yubileyi ilə əlaqədar ona nə töhfə edəcəyimi çox götür-qoy etdim.Axırda qərara gəldim ki, uşaqlıq, gənclik, ahıllıq xatirələrimi Arif qardaşımın bir övlad, bir qardaş, bir ata, bir baba, bir dost, bir yoldaş, ən ümdəsi bir insan kimi onun haqqında olan  müşahidələrimi, ülvü hisslərimi göz önündən keçirib  ağ vərəqə köçürüm.

Onunla ünsiyyətdə olan hər kəs onun alicənablığına, sadəliyinə, ağıllı məsləhətlərinə qulaq asdıqca, ona qəlbən, ürəkdən valeh olmaya bilməz. Arif müəllimin bu insani xüsusiyyətləri heç də təəccüblü deyil. O elə bir ailədə dünyaya göz açıb böyüyüb ki, həmişə səmimiyyət, qayğıkeşlik, adamlara insani münasibət görüb.

Mir Cəlal əminin, Püstə xalanın evlərinin qapısı kimliyindən asılı olmayaraq, hamının üzünə açıq olub. O evə pənah gətirənlər xalq diliylə desək, ordan məyus, əliboş qayıtmayıblar. O ev həmişə qonaqlı-qaralı olub. Mir Cəlal əmi hər gün bədii, elmi əsərlər yazıb-yaradıbsa, Azərbaycan Dövlət Universitetinin auditoriyalarında xalqımızın gələcəyi olan övladlarına bilik, savad veribsə, öyrədibsə, Püstə  xala da hər gün öz həyat yoldaşına, uşaqlarına, qayğı göstərib. O, bu qonaqlı-qaralı evə gələn, deyərdim ki, ardı-arası kəsilməyən adamların hamısına süfrə açıb, kimliyindən asılı olmayaraq süfrəsiz, yeməksiz yola salmayıb.
Belə bir ailədə dünyaya göz açan, boya-başa çatan Arif qardaşım istəsə də başqa cür ola bilməzdi. Arif müəllimin xalqa, Vətən övladlarına, insanlara bağlılığı, hər şeydən əvvəl onun göz açdığı, boya-başa çatdığı doğma evindən, atası Mir Cəlal əminin, anası Püstə xalanın tərbiyəsindən irəli gəlir.

Kimliyindən asılı olmayaraq, ata evinə gecəli-gündüzlü gələn adamlara insani münasibət, qonaqpərvərlik, görünür kiçik yaşlarından Arif qardaşımın canına, qanına və ən ümdəsi xasiyyətinə hopub. Atalar yaxşı deyiblər: "Aşıq gördüyünü çağırar".

İndiyəcən yadımdadır, Arif qardaş Moskvaya, sonralar Odessaya oxumağa yola salınanda, ya yay tətilinə gələndə həmişə onlarda, bizdə, geninə-boluna açılan süfrələrin şahidi olmuşam. Püstə xalagildə içdiyim ağzı probkalı şüşə butulkalarda qazlı, ətirli gürcü limonadı "Sitroda"nın dadı üstündən 60-65 ilə müddət keçsə də bu günkü kimi yadımdadır. Arif müəllimin qardaşım Oktaya böyük qardaş dediyini, bəzən mənə "Süleyman əmimin oğlu" deyə müraciət etdiyini xatırlayıram. Mən isə Arif müəllimə yazılı müraciətlərimdə həmişə "Mir Cəlal əminin, Püstə xalanın ləyaqətli oğlu" deyə müraciət etmişəm və bu günə kimi də ona böyük qardaş gözü ilə baxıram.

Arif müəllimin ömür-gün yoldaşı Azərbaycanın ilk qadın şərqşünası, Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin banilərindən biri, filologiya elmləri doktoru, professor Aida xanım dünya şərqşünaslıq elminə dəyərli töhfələr verib.

Görkəmli jurnalist, ictimai xadim, alicənab insan, atamın yaxın qələm dostu Nəsir müəllimin, Kövhər xanımın qızı kimi, Mir Cəlal əminin, Püstə xalanın gəlini kimi Aida xanım böyük nüfuz sahibi olan bu insanların adını həmişə layiqincə doğruldub.

Mir Cəlal əmi "Sizin şah əsəriniz hansıdır?" sualına həmişə "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" cavabını verərdi. Arif müəllim də, atası Mir Cəlal əmi kimi "mənim şah əsərim övladlarımdır" deyir.
Mən isə deyərdim onun balaları - iki qız övladı təkcə Arif müəllimin deyil, bütün Azərbaycanın şah əsəridir.
Mən mərd insan Arif  müəllimin, xanımlar xanımı görkəmli şərqşünas alim Aida xanımın xanım qızlarını Azərbaycan xalqının orijinal düşüncəli, fitri istedadlı, qeyri-adi təşkilatçılıq qabiliyyətinə, ən ümdəsi  alicənab, xeyirxah, tükənməz enerjili bu zərif xanımlara təbrikimdə dünyanın ən əziz neməti olan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, balalarından, nəvələrindən gözü dolusu nəticə-kötücə görməyi arzulamışam. Övladlarının ləyaqəti və şücaəti Arif müəllimin  ömrünü daha da mənalı edir. Fransız mütəfəkkiri Mişel Mantenin "Yaxşılıq elminə yiyələnməyən hər bir kəsə bütün elmlər yalnız ziyan gətirər" fikri ilə mən tam razıyam. Bizim Arif müəllim ən ümdəsi ali yaxşılıq elminə ən yüksək dərəcədə yiyələnib.

Arif müəllimdən müsahibələrin birində soruşurlar ki, qızınıza - Mehriban xanıma nə tövsiyə edərdiniz? Arif müəllim özünə xas tərzdə müdrik cavab verir: "O, mənim ağıllı, həssas qızımdır, özü bilir ki, bütün bir ölkə, hətta xaricdə də onun sözlərini, hərəkətlərini, gördüyü işləri izləyir, haqqında fikir yürüdür, rəy formalaşdırırlar". Arif müəllim tələbələrinə, xalqın övladlarına da öz balaları kimi baxır, qayğı göstərir.
Azərbaycanın birinci xanımı - Heydər Əliyev fondunun prezidenti, Milli Məclisin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın respublikada, respublikadan kənarda, xarici dövlətlərdə gördüyü tükənməz, xeyirxah işlərdən, onun fəaliyyətinə dünya ölkələrinin rəhbərləri tərəfindən verilən yüksək qiymətdən, layiq görüldüyü yüksək səviyyəli təltiflərdən günlərlə danışmaq, cild-cild kitablar yazmaq olar.
Arif müəllimin, iki qız övladı başqaları kimi yaxalarını kənara çəkib tək özlərinin, ailələrinin qeydinə qalmayaraq, tərbiyə aldıqları ataları kimi, anaları Aida xanım kimi xalq üçün gecəli-gündüzlü çalışırlar.
Nərgiz xanımın rektor olduğu universitet dünyanın ən nüfuzlu universitetlərindən biridir. Dünya şöhrətli alimləri təhsilə cəlb etmək, onlara şərait yaratmaq, onlarla ünsiyətdə olmaq, xalqın diliylə desək, "hər kişinin işi deyil". O ki qaldı belə zərif  bir xanım ola. Nərgiz xanımın universitetə dəvət etdiyi müəllimlər yalnız bizim balalarımıza  təhsil verməklə kifayətlənmirlər. Onlar Azərbaycan haqqında, azərbaycanlılar barədə dünyaya öz fikirlərini bildirir, yayır, çatdırırlar.

Bizim ailələrin bir-birinə olan isti münasibətindən bir misal da çəkmək istəyirəm. Yadımdadır, yay aylarından birində Azərbaycan rayonlarına istirahətə getmək üçün atam Mir Cəlal əminin xüsusi "Pobeda" maşınını istəyib almışdı. Baxmayaraq ki, yay ayı idi, Mir Cəlal  əminin özünə də, ailəsinə də maşın lazım olacaqdı. Bəli, Mir Cəlal əmi belə insan idi.

Arif müəllim Aviasiya Akademiyasında rektor, bacısı Elmira xanım musiqi kollecində müəllimə, Ədibə xanım ADU-da kafedra müdiri kimi Azərbaycan elminə öz töhfələrini verirlər. Qardaşı Hafiz müəllim, dahi Heydər Əliyev akademiyasının əlaçı məzunu Amerikadakı səfirlik fəaliyyətindən sonra dincələcəyini, nəvələri ilə məşğul olacağını desə də, onun "Bir səfirin manifesti" əsəri haqda yazdığım geniş məqaləmdə həmyaşıd, həmsöhbət olduğum  üçün ona tövsiyə etmişdim ki, hələ tezdi,  nəvələr gözləyər. Sən xalqın üçün bu günə kimi çalışdığın kimi, bu gündən sonra da çalışmalısan. Şükür olsun, necə ki, Amerika kimi bir fövqəldövlətdə yeni addımlayan müstəqil Azərbaycanın, atalar demişkən, quru yurdda, səfirliyini təşkil etdin, yaratdın, möhtəşəm fəaliyyətə başladın. Bircə onu demək kifayətdir ki, səfir işlədiyi 14 ilə yaxın bir dövrün on ilini dünya şöhrətli Heydər Əliyev kimi bir dahi ilə işləmək hər insana nəsib olmur.

Eləcə də demək olar ki, quru yurdda "Diplomatik Akademiya" yaratmaq, az müddət ərzində hər bir şəraiti olan müasir təhsil şəhəri yaradıb, fəaliyyətə başlayıb, dünyaya tanıtmaq, bu, hər insanın bacardığı iş deyil. Hafiz "Bir səfirin manifesti" əsərində yazır: "Mir Cəlal ailəsində bir sıra prinsiplər daima ali tutulardı: qürur yaltaqlığa yol verməzdi, sözün qiyməti baha idi, boş yerə havaya atılmazdı, nəhayət, şəxsiyyətin bütövlüyü  hər şeydən üstün tutulardı. Həqiqətən də bizim ailə üzvləri bir şəxsiyyət kimi böyüdü, bir şəxsiyyət kimi fəaliyyətə başladı".

Arif müəllim 1996-cı ildə Milli Avia siya Akademiyasına rektor təyin olunan gündən çiyinlərinə çox ağır  yük götürüb. Ona  qədər Akademiyada rus dilində olan tədrisin ana dilində keçirilməsinə nail olub.

Akademiyada yeni-yeni fakültələr, kafedralar yaradıb. Arif müəllim şəxsi nüfuzundan istifadə edərək görkəmli alimləri tədrisə cəlb edib, kafedra müdiri təyin edib. Hörmət və nüfuz sahibi olan rektor tədrisə hətta kənar ölkələrin görkəmli alimlərini də dəvət edir. Texniki akademiyada humanitar fənnlərin tədrisinə başlanılıb. Tədrisin yüksək səviyyədə təşkili üçün tələbələrə, müəllimlərə yüksək səviyyədə şərait yaradılıb. Yeni-yeni müasir üslubda tədris korpusları, tələbə yataqxanaları, tələbə yeməkxanaları, idman kompleksi inşa edilib. Akademiyada tədris yüksək səviyyədə aparıldığı kimi, bu bina da müasir zövqlə inşa olunub. Akademiyanın ərazisi yaşıllığa, gül-çiçəyə bürünüb, qərq olub.

Bunların hamısına - tədrisə də, tikintiyə də Arif müəllim özü şəxsən nəzarət edir. Arif müəllim dünya şöhrətli  alim olduğu kimi çox bacarıqlı, zövqlü, işgüzar təşkilatçılıq istedadına malik bir insandır.
Onun rəhbərliyi altında 10-a yaxın elmlər doktoru, 30-a yaxın elmlər namizədi müdafiə edib.  Arif müəllim 500-ə yaxın elmi məqalənin, 40-a yaxın kitab və monoqrafiyanın, çoxlu sayda ixtira və patentin müəllifidir. Arif müəllim istedadlı insanı dərhal görür, qiymətləndirir, ona dayaq olur. Onun fikrincə tələbə hərtərəfli biliyə,  savada yiyələnməlidir. Arif müəllim öz elmi məktəbini  yaradıb. Bunları görən insanı heyrət bürüyür; görəsən bu insanda bu tükənməz enerji, həvəs haradandır.

Mən isə deyərdim bu enerji, həvəs Arif müəllimdə Vətəninə, xalqına, xalqının gələcəyi olan övladlarına olan məhəbbətindən qaynaqlanır.

Püstə xalanın şaqqanaq çəkərək, dağ şəlaləsi tək gülüşü indi də gözümün qabağında, səsi qulaqlarımdadır. Hər gördüyü işi-ailəsinə qulluğu, qonaq qarşılayıb - yola salmağı  ürəkdən etdiyi kimi, gülüşü də ürəkdən idi, təbii idi.

Mən özüm dəfələrlə bizim sevincli günlərimizdə Mir Cəlal əminin, Püstə xalanın necə sevindiklərini,  kədərli günlərimizdə bizim yaxın qohumlarımızdan da çox kədərləndiyinin şahidi olmuşam.

Ailələrimiz bir-birinin sevincinə ürəkdən şadlandığı kimi, bir-birinin kədərinə də ürəkdən acıyıblar. Püstə  xalanın bizim evdə xeyirdə-şərdə ev adamı kimi əl-ayaq elədiyi kimi, anamın da onlarda əl- ayaq elədiyini dəfələrlə görmüşəm.

Mir Cəlal əminin atam haqqında, atamın Mir Cəlal  əmi haqqında dediklərini eşitmişəm, səmimi yazılarını oxumuşam, şəkillərini görmüşəm. Atam Süleyman kişi həmişə Püstə xalaya, Püstə xanım deyil, Püstə bacı deyə müraciət edib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Paşayev elmi kəşflərinə görə dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib, apardığı ictimai-pedaqoji işlərin müqabilində xarici dövlətlərin yüksək orden, medalları ilə təltif olunub. Arif müəllimin elmi əsərləri, kəşfləri barədə dünya şöhrətli alimlər öz fikirlərini yazıblar, söyləyiblər.

Arif müəllim eşitsə, bilsə ki, hansısa bir insanın nəyəsə ehtiyacı var, əgər o ehtiyacı ödəmək imkanı daxilindədirsə, bacardığı qədər kömək edib, o işi yoluna qoyacaq. Ot kökü üstə bitər, deyiblər. Arif qardaşım da göz açıb ata-anasından elə görüb və onların yolunu layiqincə davam etdirir. Ona görə də artıq bir ailənin deyil, bir nəslin, bir obanın, bir xalqın ağsaqqalına çevrilib. Xalqımızın həmişə ağsaqqala, müdrik sözə, məsləhətə ehtiyacı olub.

Ağac bar verdikcə başını aşağa dikər.

Arif müəllimin təvazökarlığı, sadəliyi insanı valeh edir. Bəzən öz-özünə sual edirsən, düşünürsən, dünya səviyyəli elmi kəşfləri olan, dünya elmində saysız-hesabsız nailiyyətləri olan bir insan nədən bu qədər sadə olur?

Bəli, Arif müəllim dünya elminin zirvəsinə yüksələ-yüksələ, insanlığın da zirvəsinə yüksəlib. O, öz fitri istedadı və zəhmətiylə bütün zirvələri fəth edib. Yubileyi münasibətilə yazdığım bu yazının sonunda mən arzu edərdim ki,  Arif qardaşım bu müdrikliklə, bu işgüzarlıqla, bu enerjilə, bu insaniyyətliklə bütün zirvələri fəth etdiyi kimi uzunömürlülük zirvəsini də fəth etsin. Amin!!!

Hörmətlə,
Aqil Süleyman oğlu Rəhimov
 





14.02.2014    çap et  çap et