525.Az

“Əruz mənim ürəyimin döyüntüsüdür”- İlqar Fəhmi


 

“Əruz mənim ürəyimin döyüntüsüdür”- <b style="color:red">İlqar Fəhmi</b>

Şair-qəzəlxan, yazıçı-ssenarist İlqar Fəhmi Gənc Ədiblər Məktəbinin qonağı olub

Çoxumuz onu sadəcə yazıçı-ssenarist kimi tanıyırıq. O isə həmişə qəzəlxan olduğunu vurğulayır. Gənc Ədiblər Məktəbinin budəfəki qonağı şair İlqar Fəhmidir. Görüşümüz 12 fevralda, Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutur. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid qonağımızı belə xarakterizə edir: “İlqar Fəhmi mənim inandığım, güvəndiyim bir yaradıcı adamdır. Mən onun həm nəsrini, həm şeirlərini, həm də ədəbiyyata baxışını sevirəm. İlqar Fəhmi ilə mənim bir məsələdə fikrimiz üstə-üstə düşmür. Bu da istedad və zəhmətlə bağlıdır. Əlif Şəfəq deyir ki, uğur qazanmaq üçün on yeddi faiz istedad, səksən üç faiz isə zəhmət lazımdır. Mən də fikirləşirəm ki, zəhmət çox vacibdir. Ən istedadlı adam özünə arxayın olub, öz üzərində çalışmırsa, zəhmətdən qaçırsa, onun istedadı tezliklə itib-batır. Ancaq mənə elə gəlir ki, istedad otuz-qırx faiz, ya da əlli-əlli olmalıdır. İlqar isə deyir ki, bir faiz istedaddır, doxsan doqquz faiz zəhmət. İlqar son illər öz üzərində ən çox çalışan, zəhmət çəkən yazıçıdır. O, həm nəsr, həm ssenarilər, həm də pyes yazır və bunların hamısını keyfiyyətli şəkildə edir. Bu gün Azərbaycan ədəbiyyatında “roman yazmışam” deyib qürrələnənlər heç İlqar Fəhminin bir faizi belə deyillər. Mən həmişə istedadlı adamlarla qürur duymuşam. İlqarla bir yerdə işlədiyim, onunla dost olduğum üçün fəxr edirəm”.

Sonra İlqar Fəhmi axır vaxtlar mü əyyən problemlərə görə müasir gəncliyi izləyə bilmədiyini, bunun üçün hər kəsin yaradıcılığına ayrı-ayrılıqda fikir bildirə bilməyəcəyi üçün təəssüfləndiyi bildirir və yaradıcılıq sirlərini, yazı haqqında fikirlərini bölüşür: “ Mənim aləmimdə yaradıcılıq psixi prosesdir. Normal adam yazı yazmaz, sənətlə məşğul olmaz. Hər bir insan reallıqdan zövq almalıdır. İnsan o həzzi  ala bilməyəndə onu mücərrəd müstəvidə qurmağa çalışır. İnsanda şeir yazmaq istəyi o zaman yaranır ki, sən həyatdakı gözəllikdən zövq ala bilmirsən, elə bil, nəsə yarımçıqdır. İstedadlı insan o zaman böyük sənətkara çevrilir ki, uşaqlıq və gənclik dövründə psixikası ciddi zədələnir. O mənada ki, həmin insanın reallıqla özü arasında problemləri başlayır. O, reallıqda özünü tapa bilmir. İnsanın reallıqda diqqət çəkiləsi bir şeyi olmayanda onu sənətlə kompensasiya edir. Reallıqda edə bilmədiyini sənətin gücünə ötüb keçmək istəyir. İkinci məsələ də budur ki, həddən artıq ciddi zədə almış insan sənət vasitəsi ilə özünü rahatlaşdırır. Məsələn, Sorokin deyirdi ki, mən yazmasam, gərək dəlixanaya düşəm. Onun gözəl əsərləri olsa da, içi mənfi enerji ilə doludur. Üçüncü isə aristokratların sənətidir. Onlar o qədər gözəllik vurğunudurlar ki, real həyatdakı gözəllik onları əsəbləşdirir və sənətdə həyatda olandan daha gözəlini yaratmağa başlayırlar. Romantizmi aristokratlar yaradıb, özünü təsdiq edə bilməyənlər realizm cərəyanına üstünlük verirlər, o adamlar ki, sənət vasitəsi ilə özü-özünü “müalicə” edir onların əsərlərində psixoloji dərinlik olur. İstedadın hansı formada üzə çıxmağı insanın xarakterindən, düşdüyü mühitdən aslıdır. İstedad və zəhmət məsələsində isə, məncə, şeirdə istedad əlli-altmış faiz olmalıdır. Ancaq nəsrdə, kinoda, pyesdə istedaddan daha çox zəhmətin rolu böyükdür.

Mənim sizə başlıca tövsiyəm budur ki, özünüzü tanıyın. Ən vacibi özünü tanımaqdır. Bu mənada ki, məsələn, mən yeniyetmə vaxtımdan hiss edirdim ki, kollektivdə qaynayıb-qarışmaq çətindir. Kollektiv müzakirə, istirahət, iş mənlik deyil. Başa düşdüm ki, mən heç vaxt rejissor ola bilməyəcəm, futbolçu ola bilməyəcəm. Çünki bir neçə adamın birləşib hansısa iş ortaya qoymasının mexanizmini bilmirəm. Ona görə də mən bu sahəyə gəldim”. 

İlqar Fəhmi sözünü bitirən kimi, GƏM üzvlərinin sərbəst şeirlə bağlı mübahisəsi düşür. Hər kəs bu barədə öz fikirlərini bildirir. Əksəriyyət hər yazılana sərbəst şeir adı verməyin doğru olmadığını bildirir. Bütün fikirləri diqqətlə dinləyən qonağımız bu barədə öz fikrini bildirir: “ Sərbəst şeirin forması yoxdur. Əruzda qafiyə sınanda bunu kiməsə sübut etmək olur, lakin sərbəst şeirdə bu mümkün deyil. Mən Nazim Hikməti bir xeyli oxuyanda sonra onun estetikasını hiss elədim. Bunun üçün müəyyən vaxt keçməsi lazımdır. Sərbəst şeirin, abstrakt sənətin yaxşı, ya da pis olduğunu məntiqi cəhətdən sübut edə bilməzsən. Məsələn, deyirik ki, adi, bir də qeyri-adi. Yəni adidən kənar nə varsa, qeyri-adiyə daxildir. Sərbəst şeir də belədir. Formadan kənar nə yazılırsa, hamısı ona daxildir”.

GƏM-in koordinatoru Emin Piri ədəbiyyatın maddi gəlir gətirməməsindən, ədəbiyyat adamının ağır dolanışığından, qonorarların çox az olmasından şikayət edir və qonağımızdan ədəbiyyatla necə gəlir əldə etməyin sirlərini açıqlamasını xahiş edir.

Qonağımız Eminin bu xahişinə maraqlı bir cavab verir. Sənətin necə gəlir gətirməsi məsələsinə toxunur: “Əslində, mən istəyərəm ki, hər şey elə bur cür də qalsın. Sənətlə pul qazanmaq şəraiti yarananda sənət bazara çevriləcək. Mən heç vaxt nəyəsə görə qəzəl yazmamışam. İndi fikirləşirəm ki, bəlkə də, hər qəzəlimə əlli manat versəydilər, günə iyirmi qəzəl yazardım. Məsələn, bəzi yazarlar ilk əsərlərini yazırlar. Baxırsan ki, burada müəyyən yazıçı təfəkkürü var. Adətən yazıçı bundan sonra üç-dörd il öz üzərində işləməli, hər yeni əsəri əvvəlkindən yaxşı olmalıdır. Ancaq nəşriyyat yazıçını yazmağa tələsdirir. Hətta ona əvvəlcədən pul da verir. Nəyə görə? Çünki artıq həmin yazıçının adı hallanıb, oxucular onu tanıyır, beş ildən sonra isə onu yenidən reklam etmək lazım olacaq. Buna görə isə nəşriyyat əlavə pul xərcləməlidir. Beləliklə, bazar səni ona tabe olmağa məcbur edir. Mənə elə gəlir ki, sənətin özündən kənarda pul qazanmaq lazımdır. Deyək ki, sən yazıçısan və pulunu qəzetdən qazanırsan. Bu yazıçı üçün çox ziyandır. Artıq həmin adam roman yazanda qeyri-ixtiyari olaraq publisist kimi yazır. Gənclik illərimizdə də bizə bu işdə maddi gəlirin olmadığını deyirdilər. O vaxt “Ulduz” jurnalının baş redaktoru Ələkbər Salahzadə – “ən birinci çörək pulu məsələnizi həll edin” – deyəndə gülürdük. Biz də həmişə deyirdik ki, Ələkbər müəllim, biz ac olsaq da, bu sənətin arxasınca gedəcəyik. Mən sonra Ələkbər müəllimdən bu sözün mənasını soruşdum. Dedi ki, mən hiss edirdim, sizin çoxunuzda ədəbiyyat yanğısı yoxdur. Bir müddət sonra bu hiss ötüb keçəcək və bir də görəcəksiz ki, işsiz qalmısınız”.

GƏM üzvü Vəfa Mürsəlqızı romanlar əsasında çəkilən filmlərin bəzən əsərdən çox zəif olduğundan, “Aktrisa” romanı əsasında çəkilən eyniadlı filmdən söhbət açır və qonağımıza sualını ünvanlayır: “Aktrisa” romanının ideyası necə yarandı?”

İlqar Fəhmi hər bir əsərin yaranması üçün həyatda hansısa bir detalın qığılcım olduğunu, “Aktrisa”nın da bu baxımdan istisna olmadığını bildirir: “Mənim yazılarımın çoxunda estetizm daha çox güclüdür. İstər şeir, istər nəsrdə reallıqdan daha çox təsvir olunan hadisənin gözəlliyi əhəmiyyət kəsb edir. Təbii ki, o tipli əsərlər həyatda hansısa bir detaldan götürülür. Bizim qonşu binada məndən xoşu gələn bir qız vardı. Tez-tez pəncərənin qabağında dayanırdı. Ümumiyyətlə, heç bir şey sırf təxəyyüldən yaranmır. Təxəyyülün özünü  müşahidələr formalaşdırır. Yazdıqlarımız ətrafımzda olan hansısa hadisədən götürülür. Sadəcə hər kəs gördüyünü fərqli formada yazır.

Realist insan hadisəni gördüyü kimi təsvir edir, romantik onu bir az gözəlləşdirir, psixoloji insan hadisəni daha da ağırlaşdırır”.

Elməddin Nicatın “Şair İlqar Fəhmi ilə yazıçı-ssenarist İlqar Fəhmi arasındakı ziddiyyətli və uyğun məqamlar hansıdır? Siz özünüzü necə tanıyırsınız, şair kimi, ya yazıçı-ssenarist kimi?” sualına qonağımız maraqlı bir cavab verir: “Bu mənə də maraqlı idi ki, niyə əvvəl şeir yazırdım, sonra isə nəsrə keçdim? Mən gördüm ki, şeirə yerləşməyən fikirlərim kənarda qalır. Əslində, mən nə yazsam da, yenə qəzəlxanam. Romanım da, ssenarilərim də qəzəlin qırıntılarıdır. Əruz mənim ürəyimin döyüntüsüdür. Sənət növlərinin asan yazıldığı bir dövrdə əruz kimi qəliz bir janrdan yapışmaq özü bir qəhrəmanlıqdır. Çünki sən elə yazmalısan ki, fikirlərini formaya sala biləsən”.

Daha sonra Emin Piri GƏM üzvləri arasında qəzəl yazanların da olduğunu vurğulayaraq qəzəldə dilin təmizliyi barədə onlara tövsiyələrini verməsini istəyir.

İlqar Fəhmi qəzəllərdə işlənən ərəb-fars sözlərinin bu gün də işlənməsi haqqında fikirlərini bildirir: “Bilirsiniz, bu ab-havanın min illik ənənəsi var. Bu janrın ən yaxşı nümunələri o dövrün dili ilə yazıldığı üçün belədir. Buna görə də o janrın içində bişən adam da özündən asılı olmadan həmin dildə yazır. Mən qəzəl dilimi dəyişmək üçün az qalsın başıma hava gələcək dərəcədə dəli olacaqdım. Mən Füzulinin, Seyid Əzimin kitablarını dost-tanışa payladım. Bu dili unutmaq üçün iki il tamam başqa şairləri oxudum. Və bu birdən-birə olmadı, hər şey yavaş-yavaş baş verdi. Həm də şeirdə  fikirdən daha çox poetiklik əhəmiyyətlidir. Əgər sənin üçün fikir əhəmiyyətlidirsə, onu nəsr kimi yaz. Bir dəfə Füzuli ilə bağlı mübahisə yarandı. Bir qəzəlxan dedi ki, biz Füzulini fikrinə görə sevmirik. Onun dediklərini ondan əvvəl alimlər də deyiblər. Biz Füzulini ona görə sevirik ki, o, bu sözləri şair kimi deyib, ona çox gözəl poetik don geyindirə bilib”.

Növbəti sual isə yazıçı-ssenarist İlqar Fəhmiyədir: “Dörd-beş nəfərin  bir yerdə ssenari yazması nə dərəcədə doğrudur?”

İlqar Fəhmi: “Əslində, sənətin bazarlaşan və bazarlaşmayan hissəsi var. Serial bazarlaşan hissədir. Məsələn, yazıçıya pul verib romanın müəllif hüququnu alırlar. Sonra həmin romanı ssenaristə verirlər. Bir neçə ssenarist romanın üzərində işləyib süjetlər qurur və axırda başqa biri də ona dialoq yazır. Yəni onlar hamısı bir yerdə yazmırlar. Ayrı-ayrılıqda əsər bir neçə mərhələdən keçə-keçə gəlir. İndi hansısa yazıçı bunu qəbul edir, kimsə də qəbul etmir. Bazarda belə bir şey var ki, əgər sən insanların istədiyini verə bilirsənsə, onu necə istehsal olunmasının əhəmiyyəti yoxdur”.

Qonağımıza sonuncu sual gənc yazar Bənövşədən gəlir:  “Bəziləri on-on beş ilə bir roman yazır, bəziləri də hər ilə bir roman. Bunun hansı daha yaxşıdır?”

İlqar Fəhmi yaxşı və pis forma olmadığını, hər şeyin adamın özündən asılı olduğunu vurğulayır: “Əgər sənin içini narahat edən bir məsələ varsa, onu yavaş-yavaş yaza bilərsən. Əgər ötəri hisslərdən yazırsansa, onda  nə qədər tez yazıb qurtarsan yaxşıdır. Çünki ötəri hiss belədir ki, onun yerini başqa bir hiss əvəz edir və keçmiş hiss sənin üçün marağını itirir”.

Daha sonra GƏM üzvlərindən Ümid Abbas, Şahinə Könül, Bənövşə Bayramova, Elçin Aslangil, Sadiq Babazadə, Şahanə Müşfiqqızı, Günay Ümid və digərləri şeirlərini oxuyurlar. Qonağımız gənc şairlərə öz iradlarını, tövsiyələrini bildirir. Tədbirin sonunda isə İlqar Fəhmi öz şeirlərindən bir neçəsini oxuyur.
GƏM-in növbəti tədbiri beləcə yekunlaşır.

Ramil Əhməd

 





15.02.2014    çap et  çap et