525.Az

Xalq şairi Bəxtiyar Vahabzadə Şəkidə yad edilib


 

Xalq şairi Bəxtiyar Vahabzadə Şəkidə yad edilib<b style="color:red"></b> Unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilib. Şəhər icra hakimiyyəti və Qafqaz Universitetinin birgə təşkil etdikləri tədbirdə universitetin müəllimləri, ziyalılar, poeziya həvəskarları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəki Musiqi Kollecində keçirilən tədbirdə Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunub: “Artıq beş ildir əbədiyyətə qovuşan Bəxtiyar Vahabzadə təkcə Azərbaycan ədəbiyyatı və şeirinin deyil, bütövlükdə türk dünyasının görkəmli şairlərindən biri idi. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur”.

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin işıqlı xatirəsinin xalqımızın qəlbində həmişə yaşayacağını bildirib: “ Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Şair Vətəninə, doğulduğu yerə bağlı bir insan idi, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Yaratdığı əsərlərdə Şəkiyə xas kolorit, düşüncə özünü aydın göstərirdi. Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəkinin mərkəzi parklarından birində şairin büstü qoyulub, şəhərdəki məktəblərdən və küçələrdən birinə onun adı verilib”.

Tədbirdə Şəki Musiqi Kolleci tələbələrinin ifasında şairin şeirləri səslənib, sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

S.ABDULLAYEVA
 





15.02.2014    çap et  çap et