525.Az

Təhsil Nazirliyi doktoranturaya qəbul imtahanı keçirəcək


 

Təhsil Nazirliyi doktoranturaya qəbul imtahanı keçirəcək<b style="color:red"></b>

Oktyabrın 22-dən etibarən Təhsil Nazirliyinin sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanları başlayacaq.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, qəbul imtahanları dekabrın əvvəllərində yekunlaşacaq. İmtahanların tarixlərini hər bir ali təhsil müəssisəsi nazirliyin qeyd etdiyi vaxt çərçivəsində müəyyən edəcək. İmtahanlar ixtisas fənni, fəlsəfə və xarici dil üzrə olacaq.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanlarında iştirak üçün sənəd qəbulu oktyabrın 16-da yekunlaşıb. Yaxın 5 gün ərzində ali məktəblər namizədlərin sənədlərini emal edəcək və onların imtahana buraxılıb-buraxılmaması barədə qərar verəcək.

Nazirliyin məlumatında bildirilib ki, nazirlik bu il sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məqsədilə büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayırıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq.

S.QARAYEVA

 





17.10.2012    çap et  çap et