525.Az

Əhməd Qəşəmoğlunun şeirləri


 

Əhməd Qəşəmoğlunun <b style="color:red">şeirləri</b>

 

uzaqdakı qızılgül

 

qarşı yalda, qaranlıqda

qara-qara yalquzaqlar...

külək qalxır, qar tökülür,

canımı alır sazaqlar...

 

ayağım altda buz var...

addım atıb, yıxılıram,

covğunlar məni aparır...

düşürəm, huşsuz qalıram.

 

sübh üzünün əlvanında,

pöhrə qızılgül kolu var.

bu bəladan alar məni

nurundan gələn işıqlar...

 

Qurban

 

hamının tanıdığı özüm

elə külünglər çalır ki,

qəlbimdəki özümün

sıldırım qayalarına

                  odu gözümdən çıxır.

 

qəlbimdəki özüm

qaranlığı işıq parçalayan tək

parçalayır

         hamının tanıdığı özümü.

 

       hamının tanıdığı özüm

       qurban olsun

                      qəlbimdəki özümə...

 

yağışın gözəli

Allah! üz-gözümə indi

yağır yağışın gözəli

sanki, şəfəqdən süzülür

bir az qəmzəli, məzəli.

mən heç bilmirdim ki, göylər,

mən heç bilmirdim ki, yağış

belə sərin, belə sirli

belə doğma danışarmış.

qəlbimdəki bir aləmin,

bir aləmi.... heç ömrümdə

görmədiyim bir gündədi-

dil açıbdı pərdə-pərdə.

yağışla danışır qəlbim

danışır hər işvəsiylə

qəlbim bir nəğmə oxuyur

yağışın sirli səsiylə.

 

sevgilər

 

məni uzaq elə, Tanrım!

üstündə nurun olmayan sevgilərdən.

yer üzü indi

iblis sevgilərin əlindədi...

 

...min illərin o üzündə,

tamahdan doğulan, hiylədən doğulan

kölgə sevgilər, qurd sevgilər...

balalayır günbəgün, çoxalır günbəgün...

duman kimi bürüyür hər yanı...

 

məni uzaq elə, Tanrım!

üstündə nurun olmayan sevgilərdən...

 

qəlb işıqlarını bir at kimi

çullayıb mindikcə dünya malı,

artır insanların bir- birinə

kin-küdurəti, qəzəbi, yalanı, nifrəti...

qan axır

dövrün yaralarından...

 

...nurun azaldıqca Tanrım

gözəllərin, igidlərin təbəssümündən....

fitnə-fəsad boylanır

onların əməlindən....

 

qəlb işıqlarının can verən vədəsidi, Tanrım!

 

yağmurlar yıxmış çiçək

 

qəlbimin kövrək yerində

bir kövrək çiçək 

boy verir.... qorxaqorxa...

qalxmaq istəyir, qalxa bilmir...

yıxılır ömrümün soyuğuna...

yağmurlar döyür onu....

 

...ömrüm keçir indi

yer üzündən...

kainatın hansı yerinin nurudu elə

işıq kimi axır sənin

üz-gözündən?

 

...sən tək qalanda...

dünyanın ən sirli duyğuları

dörd yanını alanda...

mənim halımı ağla...

           

səni sevirəmmi?

 

məni sevirsənmi? – soruşdun məndən....

bunu bilirəmmi? soruşdum özümdən...

bir titrəyiş keçdi, işıqlar axdı

başdan ayağa

                bədənimdən....

indiyədək duymadığım

bir nəğmə dilləndi

göylərin,  qəlbimin dərinindən.....

 

...görmürsən gündəyəm?

 

bu sualdan sonra

daha özüm deyiləm.....

qarışdım kainata....

 

indi mənim sözümü

sübh üzü, baharda

narın-narın əsən meh deyir....

ondan soruş....

 

arxdakı  suyun səsini eşitmirsən?

ondan soruş....

 

üfüqdən yeni boylanan Günəş

bu gün gözəlləşib...

nədən mənim bəxtimə

bu sevda belə düşüb?

 

bu sualı düşüncək,

çəkdiyim ahdan soruş....

 

ömrüm boyu axtardığım səs

 

...mən dünyanı.... yeni tanıyan vədə...

...yer üzü ürəyimdə bulaq kimi,

nağıl kimi çağlayan vədə... bir dəfə

baharın əvvəlində

bir çardaq altında durub 

şıdırğı yağışla çiçəkli bağın

iki aşiq- məşuq kimi 

bir-birləriylə gülə-gülə, sevdalar içində

atılıb düşdüklərinə baxırdım...

 

...-çəhrayı alma çiçəklərindən

süzülən damlalar...

heyran-heyran baxan bir lalənin

ləçəyindən süzüldükcə

ürəyim üzülürdü.....

 

mən o zaman o yağışın, alma çiçəklərinin

o laləyə dediyi sözləri,

lalənin səsini eşidirdim....

 

ömrüm boyu o sözlərin sehri içindəydim....

birdə vaxtsa....

o səsi eşidəcəyimi bilirdim.....

 

yaman gec gəldin

 

ah, niyə gec gəldin? yaman gec gəldin!

yaş ötdü, qalmadı güman... gec gəldin...

 

səni tanıyırdım ömrüm uzunu...

dünyaya göz açdım təbəssümündə.

özünsə, o vədə yoxdun dünyada

hələ ki, nur idin çiçək üstündə.

 

o nura boyanıb ömrüm, üz-gözüm

o nurdu qəlbimin binasın quran

o nurdu dünyada sən yoxkən hələ

ruhumdan ruhun tək qalxan, boylanan...

 

mən səni axtardım ömrüm uzunu...

nəyi gözəl gördüm, sənə oxşatdım...

həyatda yox idin, qəlbimdə vardın...

hər eşq şeirimdə səni anlatdım...

 

ah, niyə gec gəldin? yaman gec gəldin!

yaş ötdü, qalmadı güman... gec gəldin...

 

eşq məni qəhr elədi

 

eşq məni qəhr elədi,

yar mənə rəhm eləmir.

əlində əsiriyəm,

zülm edir, məhv eləmir.

 

hərdən qıyqacı baxır,

hərdən acı baxır

bir kiçik səhvim olsa,

unutmur, əfv eləmir...

 

özünü mələk bilir 

buna ki, haqqı da var

neyləyir, düz eyləyir,

mələklər səhv eləmir.

 

halımı görür özü

sanki bir röya görür...

bilmir ki, gündəyəm?

bəyəm o fəhm eləmir?

 

Əhməd bir diqqət elə,

bəs onun istəyi ?

qurbanı qəbul etmir,

ona  sərf  eləmir?

 

sizin dağlar

 

...sizin dağlar yer üzümü?

havası, suyu ayrıdı...

yolda daşların düzümü,

günəşi, ayı ayrıdı...

 

çiçəyinin ətri, rəngi

dalğa-dalğa dalğalanır...

dörd yandakı ilahilik

sirri kainatdan alır...

 

ruhunda lalə ruhu var-

sizin dağdakı lalənin...

sözlərindən ətri gəlir

qızılgülün, nanənin...

 

sizin dağlar ürəyimdə

ilahi nağıl aləmi...

dindirdin o nağılları

mələklər olur beləmi?...

           

boynunda var sil-silə*

 

boynunda var sil-silə

nur verirsən hər telə

ay! gözəl baxdın sən

sevdalı, gülə-gülə

 

üzündə sirli işıq,

sək-səkəylə qarışıq...

hər qurbana hazıram

olmayım sənə aşiq.

 

ruhun dinir ruhumda,

günah vargünahımda?

alovuna bələnib

sözüm, səsim, ahım da.

 

boynunda var sil-silə

asmısan bilə-bilə?

ha gizlətdim sevdamı

ürəyim verdi ələ....

 

boynunda var sil-silə..

hər teli gəlib dilə

elə soyuq danışma...

öldürmə bilə-bilə...

____

* xüsusi boyunbağı adıdır

görmədim səni....

 

sən bu gün, bal pətəyinə bənzəyirdin...

gözlərindəki suallar

             arılar kimi dolanırdı, dönürdü...

gözəl bal daşıyırdı sözlərinə!....

 

üzündəki işıq

qədimlərdən qədimlərin

         babaların, nənələrin

üzündəki işığa bənzəyirdi...

 

bu gün sənin boy-buxunun

bir sirli ağaca oxşayırdı-

        boyuna sarılmışdı

al ləçək dolu, sarmaşıq çiçək....

sübhün şəfəqlərinə bənzəyirdin...

 

...özün deyildi gördüyüm....

 

bu gün ha baxdım sənə

nəfəsini duysam belə...

görə bilmədim üz-gözünü...

 

qəlbinin doğmalığı

qəlbimin sehrində itirmişdi

sənin üz-gözünü...

qəlbinlə danışırdı qəlbim....

 

sən yaranan gün...

 

mən səni

bilirsən vədə görmüşəm ilk vədə?

sən bu dünyaya gəlməzdən əvvəl...

 

mən səndən

bir az əvvəl gəlmişdim yer üzünə....

 

kəndinizdə, təpələrin üstüylə...

bir duman yayılırdı

günəş şəfəqlərinə nazlana-nazlana.

burum-burum burulduqca o duman,

sanki bir gözəl  boy verirdi,

layların arasından...

təbəssümü yayılırdı yer üzünə....

 

bulağın başında, lilparların arasında

bir sirli çiçək bitmişdi....

muştuluğu vardı,  xəbər gətirmişdi....

 

bulaqdakı su

elə doğma güldü ki, üzümə...

bir əlçim meh, nəsə dedi

badam ağacının yarpaqlarına...

anlaya bilmədim.....

 

bir dərənin başında, bir söyüd

ipək budaqlarını çırpdı üzümə,

dayan! dedi

sənin mehribanlığınla

oxşadı üz-gözümü....

 

buludların keçdiyi

günəşli, gömgöy səma

elə diqqətlə baxırdı ki, mənə...

göy üzündən yerə yağan

nur idimi, məlakələr idimi,

quşlar kimi

dövrə vururdular ətrafımda.....

 

hərdən

elə doğma külək əsirdi ki...

 

sənin indiki baxışların

yaylım-yaylım,

çəhrayı qarışıq çiçəklər kimi baxırdı

bir alma ağacının yaxasından...

 

mən

bulud-bulud qarışırdım kainata...

 

üzünü görmədim illər uzunu...

qəlbimdə bir kövrək tel dindi hərdən....

 

...bilirsən qədər

soyuq keçdi ömrüm?...

 

sənimi gözləyirdim

bu uzun illər?....

 

sənin anan

səni dünyaya gətirməzdən əvvəl...

 





18.02.2014    çap et  çap et