525.Az

"Siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait son hədd deyil"


 

"Siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait son hədd deyil"<b style="color:red"></b>

"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2013-cü il üzrə dövlət büdcəsində nəzərdə tutulan vəsait son hədd deyil". Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan dövlətinin büdcə imkanları genişləndikcə, artdıqca, maddi vəziyyəti yaxşılaşdıqca, siyasi institutlar kimi partiyaların maliyyələşməsi sahəsində də addımlar atılacaq və müvafiq olaraq bu da partiyaların maddi vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Gələcəkdə yəqin ki, bu sahədə təmərküzləşmə gedəcək, partiyalar arasında birləşmə halları olacaq və deputatların sayı artıqca, dövlət büdcəsindən alınan payın miqdarı da artacaq", - Həsənov bildirib.

Onun sözlərinə görə, 12 partiyanın, bəzən də ondan artıq - 14-15 partiyanın parlamentdə təmsil olunması, həm də azsaylı deputatla təmsil olunması onlara imkan vermir ki, ayrılan vəsaitdən lazım olacaq qədər pay alsınlar.

"Amma düşünürəm ki, hələ bunun ətrafında xeyli müzakirələr gedəcək, ortaq maraqlar tapılacaq və qəbul olunmuş qanuna müvafiq olaraq da o vəsaitlərin paylanması prosesində mexanizmlər düşünüləcək", - PA rəsmisi əlavə edib.

Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsində siyasi partiyaların fəaliyyəti ilə bağlı qüvvəyə minmiş "Siyasi partiyalar haqqında" qanunun icrası üçün 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

 





17.10.2012    çap et  çap et