525.Az

Xalq artisti Firəngiz Şərifova II Fəxri xiyabanda dəfn olunub


 

Xalq artisti Firəngiz Şərifova II Fəxri xiyabanda dəfn olunub<b style="color:red"></b>

Xalq artisti Firəngiz Şərifova ilə vida mərasimi keçirilib. Mərasimdə aktrisanın sənət dostları, ailə üzvləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqalar iştirak ediblər.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, F. Şərifova biri-birindən maraqlı obrazları ilə tamaşaçıların rəğbətini qazanıb: “Onun bir- birindən maraqlı kino və teatr obrazları bu gün də sevilir. Firəngiz xanım teatrı və ümumilikdə Azərbaycan mədəniyyətini çox sevən bir insan idi. Bu gün biz onunla atasının adını daşıyan aktyorlar evində vidalaşırıq. Amma onun xatirəsi həmişə bizim xatirəmizdədir. Allah rəhmət eləsin”.
 
Daha sonra çıxış edən xalq artisti Azər Paşa Nemətov bildirib ki, F. Şərifova ilə uzun illər bir yerdə çalışıb: “Firəngiz xanım gözəl həyat yaşayıb. O, xoşbəxt insan və böyük aktrisa idi. Onun teatrda əvəzolunmaz rolları vardı. Firəngiz xanım daima yaddaşlarda qalacaq sənətkardır”.
 
Vida mərasimində Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, xalq artisti Ağaxan Salmanov və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.
 
Ailə üzvləri adından mərhumun nəvəsi Eldar Qasımov danışıb: “Bu təkcə bizim ailənin yox, Azərbaycan xalqının itkisidir. Mən onun haqqında xalq artisti kimi yox, qayğıkeş və mehriban nənə kimi danışa bilərəm. Nənəm öz sənətini və insanları çox sevirdi. Yerin cənnət olsun, nənə!”
 
F. Şərifova II Fəxri xiyabanda dəfn olunub.
 
Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 1960-cı ildə əməkdar artist və 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

 





20.02.2014    çap et  çap et