525.Az

Yadigar Sadıqov İctimai Palatadan Rauf Arifoğluna görə ayrılıb


 

Yadigar Sadıqov İctimai Palatadan Rauf Arifoğluna görə ayrılıb<b style="color:red"></b>

İctimai Palatanın üzvlüyündən istefa vermiş Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov atdığı addımın səbəblərini açıqlayıb.

525.az-ın məlumatına görə, Y. Sadıqov “Facebook” sosial şəbəkəsindəki səhifəsinə yerləşdirdiyi açıqlamasında təsisçisi olduğu İctimai Palatadan istefası haqqında yazıb: 

"Bu addımımın səbəbi İP-nın tutduğu mövqe, apardığı mübarizə və bəyan etdiyi hədəflərlə fikir ayrılığı deyildir. Bütün bunları tam bölüşürəm və Azərbaycan xalqının və dövlətinin nicat yolu hesab edirəm.

Uzun tərəddüdlərdən və böyük təəssüflə atdığım addımın səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır.

Bu gün Azərbaycan hakimiyyəti siyasi cəhətdən tam iflas vəziyyətindədir. Cəmiyyət içərisində bütün sosial dayaqlarını itirən hakimiyyətin ictimai rəyə təsir imkanları sıfıra enmişdir. Əvəzində, demokratik hərəkat tarixində dəyərli yeri olan “Yeni Müsavat” qəzeti çox təəssüf ki, son illər bu missiyanı üzərinə götürmüşdür. Ölkədə siyasi hərarətin yüksəldiyi dövrlərdə siyasi və kadr islahatları, müxalifətlə dialoqlar haqqında yalançı anons ilə bu hərarətin səngidilməsi, Emin Milli-Adnan Hacızadə məsələsindəki məlum mövqe, Quba hadisələrinin “iğtişaş” adlandırılması və s. çoxlu faktlar buna sübutdur. Son günlər isə Gülər Əhmədova olayının klan davası kimi qələmə verilərək cəmiyyətdə doğan hiddətin boğulmasına cəhd xüsusilə diqqət çəkəndir. Nəhayət, müxalifətin hakimiyyətlə 2013-2015 sövdələşməsi haqqında informasiyanı mənsub olduğum Müsavat Partiyasına qarşı iyrənc bir böhtan kimi dəyərləndirirəm.

Müsavat Partiyası təbiidir ki, hər bir siyasi partiya kimi hakimiyyət uğrunda mübarizə aparır. Lakin bu partiyanın hədəfləri bu qədər dar deyildir. Müsavatın tarixi bir missiyası vardır ki, bu da Azərbaycan xalqının özünün suveren hüquqlarına sahib çıxmasına nail olmaqdır. Hakimiyyət orqanlarının seçilməsi də bu suveren hüquqlara aiddir. Bu günə kimi heç zaman Müsavat Partiyası bu suveren hüququ alver, sövdələşmə predmetinə çevirməyib və çevirməyəcək də. Çünki Müsavatçılıq yalnız hakimiyyət uğrunda mübarizə deyil, Azərbaycan uğrunda şərəfli bir missiyadır. Öndərimiz Rəsulzadənin dediyi kimi, davamız Azərbaycan davasıdır.

Bu səbəbdən də mənsub olduğum partiyaya qarşı böhtan atan bir qəzetin baş redaktorunun İP-nın rəhbərliyində təmsil olunmasını qəbul etməyərək qurumdan istefa vermək haqqında qərara gəldim. Xüsusilə vurğulamaq istəyirəm ki, bu addım mənim siyasi baxışlarımın və mövqeyimin dəyişilməsi kimi ehtiva olunmamalıdır. Müsavat Partiyasının üzvü kimi mübarizəmi davam etdirirəm, müsavatçılığın təntənəsi üçün əlimdən gələni edəcəyəm.

Sonunda hesab edirəm ki, Müsavat Partiyasının oktyabrın 20-də keçiriləcək Məclisi partiyaya atılmış böhtana mütləq münasibət bildirməlidir."

 





17.10.2012    çap et  çap et