525.Az

Rauf Arifoğlu: "Mənə etimad olmasa, Müsavatdan istefa verəcəyəm"


 

Rauf Arifoğlu: "Mənə etimad olmasa, Müsavatdan istefa verəcəyəm"<b style="color:red"></b>

“Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu İctimai Palatanın üzvlüyündən istefa vermiş Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun ona qarşı irəli sürülən ittihamlarını cavablandırıb.

R. Arifoğlu APA-ya deyib ki, partiyadaşının onun haqqında dedikləri həm gülməli, həm heyrətləndiricidir: “Yadigar Sadıqovu virtual olaraq tanıyıram və artıq neçə illərdir, hər fürsətdə mənim əleyhimə kampaniya aparan şəxslərdən biridir. O zamanlar “facebook” sosial şəbəkəsi yox idi, “day.az” saytının çatı fəaliyyət göstərirdi. Bir gün mənə dedilər ki, Yadigar Sadıqov adlı bir nəfər həmin çatda daim sənin əleyhinə yazır. Məlum oldu ki, o, millətçi xətt tutduğuma görə, məni mühakimə edir. Hətta partiya və onun rəhbərliyinə məsləhət görür ki, məni Müsavat Partiyasından çıxarsınlar. İndi də İctimai Palatadan getməyini mənimlə və qəzetdə gedən məqalə ilə əsaslandırır. Bu o dərəcədə absurd və gülünc bir şeydir ki, artıq özünə qəsd edəcəyindən və sonra mənim boynuma atacağından narahatam. Ondan xahişim budur ki, heç olmasa, bu hərəkətə yol verməsin. Bu söz və mətbuat azadlığının, demokratiyanın əlifbasından xəbəri olmamaq deməkdir”.

O qeyd edib ki, bir təhlili yazıya görə, qəzetə qarşı kampaniya aparmaq qətiyyət yolverilməzdir: “Biz Müsavat Partiyasının üzvləri olaraq və demokratik düşərgənin təmsilçiləri kimi hər zaman hakimiyyət düşərgəsini və məmurlarını qınayırıq ki, xoşlarına gəlməyən yazılar olanda az qalırlar bizi topa tutsunlar. İndi Yadigar Sadıqovun və yaxud bir başqa həmkarımızın, dostlarımızın hakimiyyətdən fərqi nədən ibarət olur, mən bunu anlaya bilmirəm. Onlar da xoşlarına gəlməyən yazı olanda bizi cəzalandırmaq taktikası seçirlər”.

R. Arifoğlu bildirib ki, ona qarşı çirkli kampaniya gedir: “Təəssüf edirəm ki, bu kampaniyanın iştirakçıları və icraçıları arasında Müsavat Partiyasının üzvləri də yer alıb. Mən bu məsələni partiya rəhbərliyi qarşısında qaldıracağam və mənə etimad barədə bəyanat olmasa, partiyadan istefa verəcəyəm”.

 





17.10.2012    çap et  çap et