525.Az

Tofiq Abdin kimdir...- Öz dilindən


 

Tofiq Abdin kimdir...- <b style="color:red">Öz dilindən</b>

Dəyərli şairimiz Tofiq Abdini itirdik!..

Tanınmış şair-publisist Tofiq Abdin fevralın 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb ürək tutması olub. Mərhumla vida mərasimi dünən günorta keçirilib.  Mərhumun evində keçirilən mərasimdə ziyalılar və ədəbiyyat xadimləri iştirak ediblər.Vida mərasimindən sonra T.Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!

Tofiq Abdin kimdir...

Öz dilindən:

Bir eldə doğuldum - mərkəzdən uzaq,
üz tutub bir böyük şəhərə gəldim.
Başımı soxmaqçün gəzdim künc-bucaq
nə bir soyuq bildim, nə isti bildim -
Döydüm bir qapını, dedim ki: mənəm
Gəlin tanış olaq, Tofiq Abdinəm!
lll
Şairlik sevdası vardı başımda,
bilmirdim dünyanın Nazimi varmış.
Hardan biləydim ki, bu yol başında
insan öz-özünə bədbəxt olarmış -
Bəzən qoymadılar danışam, dinəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!
 
 
Tofiq Məhərrəm oğlu Abdinov


Atası Ərdəbildən şimali Azərbaycanın bir cənub rayonuna gəlmiş Məhərrəm adlı kişinin üçüncü uşağı. öncəki iki uşaq ölmüş. Beləliklə ilk övlad hesab olunur. (Toplam səkkiz uşaq olmuşlar). Xatırladığı: elə o cənub rayonunda doğulmuş və orta məktəbin birinci sinfinə orada getmiş, sonra İkinci Dünya Savaşı sırasında aclıq düşdüyündən o cənub rayonundan Salyan tərəflərə köçmüşlər. Və orada yenidən birinci sinfə getmiş, orta məktəbi bitirmişdir. Sonra heç bir təsəvvürü olmadığı halda Teatr İnstitutuna Teatrşünaslıq fakültəsinə qəbul olunmuşdur.

Şeir və publisistikaya aid kitabları var.

1993-2001-ci illər arası Türkiyədə olmuş və Türkiyə qəzetlərində ("Orta Doğu", "Yeni Asiya") saysız yazılar yazmışdır.

Rəsul Rza (ümumi yaradıcılığı) və Şahmar Əkbərzadə adına ("Əsrar Dədədən Orhan Arasadək" Türk şeiri kitabı) Beynəlxalq ədəbiyyat mükafatı laureatı.

Çalışdığı yerlər:

Azərbaycan Sovet Ensiklopediyasında korrektor, kiçik redaktor, "Qobustan" jurnalında redaksiya müdiri, həmin jurnalda məsul katib,"Ulduz" jurnalında ədəbi işçi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Teatr sektorunda aparıcı məsləhətçi, "Mədəniyyət" qəzetində baş redaktor müavini, Azərbaycan Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzinin "Xəzər" jurnalında baş redaktorun müavini.

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Evli. İki uşaq atası...

 

Kitabları:

1. "Etüd" (oçerklər toplusu) - 1969-cu il

2. "Nəğməli gecələr" (şeirlər) - 1972-ci il

3. "Ata sevgisi" (şeirlər) - 1978-ci il

4. "Bəlkə bir də görüşdük" (publisistika) - 1984-cü il

5. "Günlər Bəşirsiz keçir" - 1986-cı il

6. "Sahilsiz dünya" (şeirlər) - 1986-cı il

7. "Şəhərimiz ayaq açır" (şeirlər) - 1991-ci il

8. "Şeirlər" (üç bölümdə) - 2001-ci il

9. "Ah İstanbul... İstanbul" - 2004-cü il

10. "Proza" - 2006-cı il

11. "Əsrar Dədədən Orhan Arasadək" - 2008-ci il

12. "Poeziya". "Vektor" Nəşriyyatı - 2009-cu il

13. "Dövlət çevrilişi" - 2010-cu il

14."Onların dünəni" (publisistika)  - 2012-ci il

 





26.02.2014    çap et  çap et